Yanvarın 30-dan fevralın 26-dək olan müddətdə dünyada 4,8 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 39 mindən çox adam bu xəstəlik səbəbindən vəfat edib.
AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji bülletenində istinadla xəbər verir ki, bu dövrdə ölüm hallarının sayı əvvəlki 28 günlə müqayisədə 66 faiz, yoluxma hallarının sayı 76 faiz azalıb.
ÜST-nin məlumatına görə, dörd həftə ərzində 4.832.021 yoluxma və 39.585 ölüm faktı qeydə alınıb.
28 gündə koronavirus infeksiyasına ən çox yoluxma faktı ABŞ-da aşkar edilib (1.085.170). Sonrakı yerləri Yaponiya (752.935), Çin (537.561), Almaniya (376.450) və Koreya Respublikası (349.277) tutur.
Yanvarın 30-dan fevralın 26-dək olan müddətdə ən çox ölüm faktı da ABŞ-da qeydə alınıb (12.111). Sonrakı yerləri Çin (5.915), Yaponiya (4.818), Braziliya (2.186) və Böyük Britaniya (2.027) tutur.