Beş-altı il bundan əvvəl Kolumbiya dairəsindəki Vaşinqtonda bir həmyerlimizlə söhbətləşirdik. Biz ona Azərbaycandan, o da bizə Amerikadan danışırdı. Açığı, həmin söhbətin təfərrüatlarını unutmuşam. Amma bir məqam yaddaşımda pərçimlənib qalıb.
Həmin insan son bir neçə ildə nə vaxt əsəbiləşdiyini yadına sala bilmədiyini söyləmişdi. Təsəvvür edin, böyük bir şəhərdə yaşayasan, işləyəsən, maşın sürəsən, bazar-dükana gedəsən və …əsəbiləşməyəsən. Yəni, axtarsan da əsəbiləşmək üçün bəhanə əlinə keçməyə.
Heç cür inana bilmirəm…
Ötən il qohumlardan biri övladına toy eləyirdi. Məclisdə yaxından-uzaqdan gəlmiş xeyli qonaq vardı. Neçə ildən bəri görmədiyim qohumlarımızdan biri də Tomsk şəhərindən gəlmişdi. Şadlıq sarayının foyesində hal-əhval tutub dərdləşirdik. Burada da unuda bilmədiyim bir fikir səsləndi.
Deməli, qohumumuz dedi ki, Tomskda güzəranı yaxşıdır. Dolanışığı pis deyil. Sonra da dedi ki, burada bir dəst kostyum almaq üçün xeyli müddət götür-qoy edən, pul yığan adamlara rast gəlib. Amma o Tomskda təzə pal-paltarı elə işlədiyi bazardan evə gedəndə, yol üstü alır. Heç qiymətinədə sən deyən fikir vermir, çünki, Allah yetirir və ümumiyyətlə, Tomskda yaşamaq Bakıya baxanda çox-çox asandır.
Bax, bu sözlər də yadımdan çıxmayıb.
Və indi, üstündən neçə müddət keçəndən sonra hər iki şəxsin səsləndirdiyi fikirləri təkrar-təkrar təhlil edib bu qərara gəlmişəm ki, bu adamlar əslində səhv yoldadırlar. Nə yaxşı ki, Allah üzümüzə baxıb, biz, okeanın o tayına və yaxud Sibirə getməmişik.
Doğrudan da, əgər sizi bazar günü tezdən mənzilini ən yüksək dünya standartlarına uyğunlaşdırmaq üçün dreli işə salan qonşunuzun canfəşanlığı, ya da su burulğanını xatırladan Azərbaycan növbələri və başqa-başqa nəsnələr əsəbiləşdirmirsə, Amerikaya getməyə dəyərmi? Xüsusilə, Amerikada yaşamağın əsas məziyyəti insanların əsəbiləşmək imkanından məhrum olmalarıdırsa?
Ya da Tomskda yaşayan insanın fikirlərinə diqqət yetirək. Kostyum almağa uzun müddət hazırlaşmaq nə vaxtdan qəbahət sayılır? Bəlkə biz kostyumu rəhmətlik Nəsibə xanımın “Hicran”dakı qəhrəmanı demişkən “evlənəndən-evlənənə” almaq istəyirik?
Ümid edirəmki, istərsə Vaşinqtonda, istərsə də Tomskda yaşayan bu iki insan mənim yazımı oxuyub səhv yolda olduqlarını anlayacaqlar.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 54-55)