Azərbaycan mediasının başa düşülməsi çox çətin olan məntiqsizlikləri sırasında bəzi kütləvi informasiya vasitələrinin qeyri-müəyyən dövriliklə çıxmaları xüsusi yer tutur. Bu məmləkətin məntiqi gündəlik, günaşırı, həftədə iki dəfə və yaxud həftəlik rejim əsasında deyil, heç kəsin başa düşə bilməyəcəyi “qayda”da fəaliyyət göstərən nəşrləri var. “Ayda-ildə bir dəfə” çıxan bu nəşrlər kimə lazımdır? Və ümumiyyətlə, dövriliyi hətta baş redaktoruna belə bəlli olmayan nəşr kiməsə lazım ola bilərmi? Daha bir sual, əgər bütün dünyada ixtiyari kütləvi informasiya vasitəsi dayanan kimi yıxılan velosipedlə müqayis’ edilirsə, mövcudluğu “adı var, özü yox” məntiqinə söykənən nəşrlər media müstəvisinə necə daxil olur? Gəlin elə bu sualın cavablandırılmasından başlayaq.
Yalnız de-yure mövcud olan nəşrləri, yəqin ki, aşağıdakı qruplara ayırmaq olar:
– vaxtilə “əməlli-başlı” fəaliyyət göztərmək üçün yaradılmış, sonra isə əksəriyyəti sırf maliyyə mənşəli problemlər üzündən ayaq saxlamağa məcbur olmuş nəşrlər;
– ayd-ildə bir dəfə çıxacağı yaradıcılarına əvvəlcədən məlum olan nəşrlər;
– özünü hətta ən sanballı qəzetin belə müxbiri və yaxud şöbə müdiri kimi deyil, heç olmasa, möhürü, künc ştampi olan “X” qəzetinin baş redaktoru kimi görmək istəyən yazarlar tərəfindən yaradılmış nəşrlər.
Ola bilsin ki, mifik nəşrlərin daha müfəssəl təsnifatını da müəyyənləşdirmək olar. Lakin bütün hallarda yuxarıdakı təsnifat adı yalnız kağız üzərində (qəzet kağızının yox) olan nəşrlərin əsas qrupları barədə məlumat verir. Və məncə, ən təhlükəli qrup real fəaliyyət müstəvisindən qeyri-real müstəviyə keçməyə məcbur olmuş nəşrlərdən, yaxud özlərini həm də hansısa nəşrin baş redaktoru kimi təqdim etmək istəyən gənclər tərəfindən yaradılan qəzetlərdən ibarət deyil. Ən təhlükəli qrup elə əvvəlcədən”əşşi, ayda-ildə bir dəfə çıxarıq, qurtarıb gedər” məntiqi ilə yaradılmış nəşrlərdən ibarətdir.
İkinci suala keçək. Bu nəşrlər kimə lazımdır?
“Adı var, özü yox” nəşrlərin gərək olduğu şəxsləri aşağıdakı qruplara ayırmaq olar:
– qəzeti sovxoz direktorundan, polis rəisindən, “bazarkom”dan müsahibə alıb bu vəzifəlilərin işgüzarlığını, sərvaxtlığını və xeyriyyəçiliyini mədh edən beş-altı yazı toplumu kimi başa düşənlər;
– qəzetlərin manşetini tərk etmiş “bütün qəzetlərin proletarları, birləşin!” şüarını “haqqımı ver, sovxozu çapib-talamağından, öz ərazində əsl banditizmlə məşğul olmağından və yaxud öz malını satmaq istəyən adi kəndlini bazarın yarım kilometrliyinə buraxmamağından yazmayım” şüarı ilə əvəz etmiş şəxslər;
– qəzetin nə olduğunu bilməyən, nəşrin yaxın dostlarının ad günü və yaxud hansısa bayram ərəfəsində buraxılmasını adi hal hesab edən “naşir”lər.
Bu qədər. Etiraf etməliyik ki, bu məmləkətdə qəzeti velosipedlə yox, tankla eyniləşdirən adamlar da var. Və bu şəxslər qəzeti lazım olsa, işə salıb düşmənləri ayaqlamaq üçün istifadə edilməsi mümkün olan tank kimi qəbul edəndə o qədər də böyük səhvə yol vermirlər. Kütləvi informasiya vasitələrinin fəaliyyətini nizamlayan və indiyə kimi qüvvədə olan qanuna əsasən ildə bircə dəfə çıxan qəzet də qəzet adlandırıla bilər. Səhv etmirəmsə, yeni layihəyə əsasən yazılı mətbuat orqanı qəzet adlandırılmaq üçün ildə 12 dəfə çıxmalıdır.
Sonda onu da deyək ki, ixtiyari kütləvi informasiya vasitəsi ilk növbədə velosipedlə müqayisə edilə bilər. Qəzet tank deyil. O həmişə hərəkətdə olmalıdır, təkcə “hərbi əməliyyat”lar başlayanda yox. Bir də, təkcə “dava” vaxtı işə düşən “tank-qəzet”in olsa-olsa, bir atımlıq barıtı ola bilər.
Fuad Babayev
“Şərq” qəzeti, 16-19 sentyabr 1999-cu il, № 106 (282)