
82-ci Venesiya Beynəlxalq Film Festivalının “Müsabiqədənkənar bədii filmlər” (Out of Competition Fiction) bölməsində tanınmış azərbaycanlı rejissor Hilal Baydarovun “Boşluğa xütbə” (Sermon to the Void) filminin təqdimatı olub. Mədəniyyət Nazirliyi və Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə sentyabrın 5-də nümayiş olunan ekran əsəri mütəxəssislər və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, filmin nümayişindən sonra mətbuat konfransı keçirilib, Azərbaycan mədəniyyətindən və kino sənətindən söz açılıb. Hilal Baydarovun “Xütbə” trilogiyasının sonuncu filmi olan “Boşluğa xütbə”nin ideya-estetik məziyyətləri yüksək qiymətləndirilib.
Qeyd olunub ki, Azərbaycan ədəbiyyatının, təfəkkür tərzinin, folklorunun dünyada təqdimatı baxımından film böyük əhəmiyyət kəsb edir. Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin yaradıcılığı üzərində qurulan filmdə sevgililərin dirilik suyunu axtarması, əslində, insanın daxilindəki məni axtarması kimi mənalandırılır.
Filmin ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcan, prodüseri Orxan Fikrətoğludur. Azərbaycan, Meksika və Türkiyə kinematoqrafçılarının ortaq işi olan filmdə əsas rolları Hüseyn Nəsirov, Məryəm Nağıyeva, Rəna Əsgərova, Elşən Abbasov, Orxan İsgəndərli oynayırlar.
Qeyd edək ki, 82-ci Venesiya Beynəlxalq Film Festivalı avqustun 27-də başlayıb və bu gün başa çatır.