Həmsöhbətimiz tarix üzrə fəlsəfə doktoru Vidadi Umudludur.
– Vidadi müəllim, Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğalı birdən-birə olmadı. 1801-ci ildə Şərqi Gürcüstanın Rusiya tərkibinə keçməsi Azərbaycan xanlıqlarında hansı əhval-ruhiyyəni yaratdı?
– Rusiyanın Azərbaycana yürüşü əslində çoxdan başlamışdı. 1723-cü ildə I Pyotr Azərbaycan ərazisinə yürüş etmişdi. Hətta həmin yürüş vaxtı Dərbəndi də ələ keçirmişdi. Amma sonra bəzi problemlər üzündən özü geri qayıtdı və yürüşə rəhbərliyi köməkçisinə tapşırdı. Yəni 1723-24-cü illərdə Rusiya artıq Xəzərsahili vilayətlərin əksəriyyətini işğal etmişdi. Nadirin hələ şah olmamışdan 1732-35-ci illərdəki fəaliyyəti nəticəsində Rəşt və Gəncə müqavilələri ilə ruslar bu ərazilərdən çıxarıldı. Başqa sözlə, işğal əslində 100 il əvvəl başlamışdı. 1783-cü il Georgiyevsk traktatı isə bunun yenidən başlanması idi. Həmin traktatın imzalanması ilə gürcü çarı hesab edirdi ki, ruslar onları guya müsəlmanlardan qoruyacaq. Gerçəklikdə isə bu, özünü doğrultmadı. Həm gürcü çarları, həm də sonrakı nəsil buna peşiman oldular. Georgiyevsk traktatından sonra Potyomkinin müraciəti də onunla əlaqədar idi ki, ruslar xanlıqları da özlərinə cəlb etmək istəyirdilər. Amma o dövrdə burada mürəkkəb vəziyyət var idi. Qacarlar hakimiyyət uğrunda mübarizədə demək olar ki, qalib gəldilər. Və Rusiyanın Georgiyevsk traktatını imzalamasına rəğmən Qacarın Qafqaza, Gürcüstana və Azərbaycana iki yürüşü oldu. Tiflisi ələ keçirdi, çoxlu əsir götürdü və traktatı tanımadığını bildirdi. Traktat beləcə fəaliyyətini bitirdi. Çünki Rusiya Gürcüstanı öz ərazisi hesab edirdi və bildirirdi ki, Gürcüstana hücumu Rusiyaya hücum kimi qiymətləndirəcək. 1796-cı ildə II Yekaterinanın bu ərazilərə yürüşü başladı. II Yekaterinanın ölümü ilə ruslar geri çəkildilər və bu dəfə Qacar ikinci yürüşünü həyata keçirdi. Qacar bu əraziləri geri aldı. Rusiyada Pavelin hakimiyyətə gəlməsi və Qacarın öldürülməsi işğal məsələsini bir qədər arxa plana saldı. Azərbaycanda 20-ə qədər xanlıq, 5 məliklik, camaatlıq və sultanlıq kimi qurumlar var idi. Lakin onlar böyük Rusiya ilə müharibə aparmaq gücündə deyildilər. Təəssüf ki, həm də o dövrdə Azərbaycan xanlıqlarının birləşməsi mümkün olmadı. Şəkili Hacı Çələbi xan, qarabağlı İbrahim Xəlil xan və qubalı Fətəli xan bu istiqamətdə səylər göstərsələr də nail ola bilmədilər. Nəinki nail olmadılar, üstəlik bu səylər qanlı müharibələrə gətirib çıxardı. Heç bir xanlıq öz hakimiyyətini güzəştə getmək istəmirdi. İkinci tərəfdən bəzi xanlar elə düşünürdülər ki, Rusiya burada müvəqqətidir. Hətta elələri də var idi, düşünürdülər ki, Rusiyanı köməyə çağırsın və onun vasitəsilə hakimiyyəti ələ keçirsin, Rusiya gedəndən sonra isə hakimiyyət ona qalsın. 1801-ci ildə vəziyyət belə idi. Çar I Aleksandrın manifesti də xalqa oxunmuşdu və bildirilmişdi ki, artıq Şərqi Gürcüstan Rusiya ərazisidir. Həmin il Qazax-Şəmşəddil və Borçalının işğalı ilə Azərbaycanın işğalının əsası qoyuldu. Bilirsiniz ki, o vaxt Qazax-Şəmşəddil, Borçalı, Pəmbək, Şoradil ya Gəncə, ya da İrəvan xanlığına bağlı idi. Amma buna baxmayaraq, Rusiya Şərqi Gürcüstanla birlikdə həmin əraziləri də işğal etdi. Beləliklə, 1801-ci ildə işğalın əsası qoyuldu.
– Bəs İrəvan və Gəncə xanlıqlarının onlara tabe olan ərazilərin işğalına münasibətləri necə oldu?
– Cavad xanın bu məsələ ilə əlaqədar Rusiya ilə çoxsaylı yazışmaları mövcuddur. Rusiya isə cavab verirdi ki, nəinki Qazax-Şəmşəddil, Borçalı, hətta Gəncə də Rusiyaya məxsusdur. Cavad xan isə əksinə, bildirirdi ki, nəinki həmin ərazilər, hətta Gürcüstan da Gəncəyə aiddir və bununla bağlı əllərində Şah Abbasın fərmanı var. Qeyd olunan əraziləri ələ keçirdikdən sonra Rusiya Car-Balakən ərazilərinə hücum etdi. Çünki Car-Balakəni tutmadan rusların nə Dağıstanda, nə Azərbaycanda, nə də Gürcüstanda möhkəmlənməsi mümkün deyildi. Elə gürcülər də ruslardan tələb edirdilər ki, ilk zərbəni Car-Balakənə vursunlar. Çünki buradan Gürcüstan ərazisinə mütəmadi yürülər olurdu. Ruslar 1803-cü ilin fevralında Car-Balakən ərazisinə yürüş etdilər. Bu vaxt ona görə seçilmişdi ki, hər tərəf qar olsun və Car-Balakənə başqa yerlərdən kömək gəlməsin. Ruslar bölgə əhalisinə qarşı sərt davranır, azacıq müqavimət göstərəni məhv edirdilər. Bunu nəzərə alan Car-Balakən camaatı qırğını dayandırmaq üçün ağsaqqallardan ibarət bir heyəti Tiflisə, general Sisianovun yanına göndərdi. Beləcə Rusiya ilə Car-Balakən arasında “Andlı öhdəlik” imzalandı. Həmin sənədə görə Car-Balakən Rusiya himayəsini qəbul edir və Rusiyaya ipək bac verməli, əraziyə rus qoşunu yerləşdirilməli, xarici əlaqələrdən əl çəkilməli idi. Car-Balakən əhalisi qırğınları dayandırmaq üçün bu öhdəliyə müvəqqəti sənəd kimi baxırdı. Hətta bir müddət sonra girov göndərməkdən imtina etdi və Rusiyanın yeni yürüşü başladı. Bu yürüş böyük qanlar tökülməsi ilə nəticələndi.
– Cavad xana Rusiya tərəfindən təklif edilən şərtlər İbrahim xana Kürəkçayda təklif olunan şərtlərdən fərqlənirdimi? Yəni Kürəkçayda İbrahim xan və onun oğlunun hakimiyyəti Rusiya tərəfindən rəsmi olaraq tanınmışdı.
– Ola bilsin ki, təklif olunan şərtlər eyni idi. Yəni Cavad xanın hakimiyyətinə zəmanət verilirdi. Amma Cavad xan Rusiyanın hakimiyyətini qətiyyən qəbul etmirdi. Bildirirdi ki, ruslar yalnız onun meyitinin üstündən keçməklə Gəncədə hakimiyyəti ələ keçirə bilərlər. Qətiyyətlə söyləyirdi ki, onun böyük qardaşa və himayəyə ehtiyacı yoxdur. Yəni Cavad xan və digər xanlar Rusiya ilə mübarizə aparırdılar, amma bu mübarizəni təkbaşına həyata keçirirdilər. Rusiya da bundan bəhrələnirdi. Car-Baləkəndə tökülən qanı Rusiya digər xanlara ibrət dərsi kimi nümayiş etdirirdi. Və bu dəfə rus qoşunları Gəncəyə, Cavad xanın üzərinə getdi. Rusiyanın planı belə qurulurdu: əvvəlcə məktub yazır, xanları şirnikləndirirdi. Cavad xanı bu yolla şirnikləndirmək mümkün olmadı. Beləcə 1803-cü ilin sonlarında rusların Gəncəyə yürüşü başlandı. Ruslar Gəncə qalasını bir ayadək mühasirədə saxladı. Xüsusi qeyd etməliyəm ki, Gəncə qalasının ələ keçirilməsində qalada yaşayan ermənilər böyük rol oynadılar. Ermənilər ruslara məlumat ötürür, ağ bayraq qaldırır, qalanın bəzi hissələrini dağıdır və rusların Gəncə qalasını ələ keçirmələrinə yardım göstərirdilər. Beləliklə, 1804-cü ilin yanvarında ruslar Gəncəni tutdular, Cavad xan və onun oğlu öldürüldü. Gəncənin adını isə dəyişdirərək Yelizavetpol qoydular. Gəncə adının çəkilməsi isə qadağan edildi. Həm Car-Balakənin, həm də Gəncənin güc bahasına ələ keçirilməsi Azərbaycan xanlarında ruh düşkünlüyü yaratdı.
– Hətta bu hadisələr də xanlar arasında birləşməyə səbəb olmadı?
– Birlik yaranmadı. Cavad xanın üstünə gəlməzdən öncə, Rusiya İrəvana yürüş etdi. 1804-cü ilin əvvəllərində rus qoşunları xeyli əziyyət və xərc çəkərək, İrəvanı mühasirəyə alsalar da, Məhəmmədhəsən xanın bacarığı sayəsində ruslar heç nəyə nail ola bilmədilər. Ruslar onu dilə tutub, hakimiyyətdə qalacağını vəd etsələr də, Məhəmmədhəsən xan onsuz da hakimiyyətdə olduğunu bildirərərək, təklifləri rədd edirdi. Ruslar min nəfər itki verdikdən sonra, İrəvan qalasını almağın mümkünsüzlüyünü başa düşüb, geri çəkildilər. İrəvanın ələ keçirilə bilməməsi rusların biabırçı məğlubiyyəti idi. Gəncənin tutulması isə İranla Rusiya arasında müharibəyə səbəb oldu. 1804-1813-cü illəri əhatə edən I Rus-İran müharibəsi başladı. Müharibənin də əsas ağırlığı Azərbaycan xanlarının üzərinə düşdü. Azərbaycan xanlarının qoşunları bu müharibədə iştirak edirdi. İran şahı isə bu müharibə ilə o qədər də maraqlanmırdı. Yalnız şahzadə Abbas Mirzə şahdan xahiş edirdi ki, Rusiyaya qarşı müharibə aparmaq üçün ona qoşun versin. Abbas Mirzə orduda bəlli islahatlar aparmağa, ruslara qarşı müqavimət göstərməyə, xanlarla birgə hərəkət etməyə çalışırdı. Lakin bütün bunlar yetərli deyildi. Çünki artıq o dövrdə Rusiya çox güclü bir imperiya idi. Qafqazda 45-50 minlik bir qoşunu vardı. Yalnız 8-10 min nəfərlik qoşun toplaya bilən xanların rusların bu qüvvəsi ilə döyüşməsi mümkünsüz idi. Üstəlik də xanlıqlar Rusiya təhlükəsinə qarşı birləşməyə lüzum görmürdülər. Bu da xanlıqların tək-tək işğalına gətirib çıxarırdı. Qarabağ, Şəki, Şirvan xanlıqları beləcə işğal olundu. Ruslar yenə də əvvəlki yolla gedirdilər. Məktub yazır, Rusiya himayəsini qəbul edəcəkləri təqdirdə onların və övladlarının hakimiyyətinin tanınacağı vəd olunur, ərazi bütövlüklərinin qorunacağına söz verilirdi. Bu şərtlər ilk növbədə Lisaneviç vasitəsilə Qarabağ xanına göndərildi. Həmin şərtlərə əsasən, Qarabağ Rusiya himayəsini qəbul edir, xarici əlaqələrdən məhrum olunur, Şuşa şəhərində rus qarnizonu yerləşdirilirdi. Əvəzində Rusiya xanın və onun övladlarının hakimiyyətinə və ərazilərinin qorunub saxlanılacağına təminat verirdi. Bu şərtlər əsasında Qarabağ, Şəki, Şirvan xanları ilə Kürəkçay müqaviləsi imzalandı. Qarabağ xanı İbrahimxəlil xan, Şəki xanı Səlim xan və Şirvan xanı Mustafa xan, Rusiya tərəfindən isə general Sisianov bu müqaviləni imzaladı. Bu müqavilənin əsas müsbət cəhəti ondadır ki, burada indi Qarabağa iddia edən ermənilərdən bir kəlmə də söhbət getmir. Qarabağdan ancaq bir Azərbaycan-müsəlman əhalisi kimi söhbət gedir. 1805-ci il mayın 14-21-də bu müqavilə imzalanıb. Əvvəlcə Qarabağ xanı bu müqaviləni imzalayıb, Şəki xanı isə onun təsiri ilə müqaviləni imzalayıb. Çünki Şəki xanının bacısı Qarabağ xanının arvadı idi. Yəni aralarında bəlli bir qohumluq vardı. Əlbəttə, məncə, bu xanlıqların birləşib Rusiyaya qarşı mübarizə aparması bu alçaldıcı müqaviləni qəbul etməkdən daha yaxşı olardı. Şirvan xanının bu müqaviləni imzalaması isə Qarabağ və Şəki xanlarının təsiri, digər tərəfdən isə Rusiya qoşunlarının bütün istiqamətlərdən Şirvanı mühasirəyə alması sayəsində mümkün oldu. İşğaldan qaçmaq üçün imzalamaqdan başqa yol qalmamışdı. Beləcə 1805-ci il dekabrın 27-də Şirvan xanı da bu müqaviləni imzalamağa məcbur oldu. Lakin çox keçmədən Rusiya bu müqaviləni pozdu. Kürəkçay müqaviləsini imzalayan İbrahimxəlil xan puslar tərəfindən öldürüldü. Rusiya-İran müharibəsinin gedişində İran qoşunu Qarabağı mühasirəyə almışdı, rusların isə müqavimət göstərə biləcək gücləri yox idi. İbrahimxəlil xan danışıqlar aparır, kömək gələcəyinə ümid edirdi. Mayor Lisaneviç isə onun İran tərəfdarı olduğunu bəhanə edərək, çadırırına hücum etmiş, üç aylıq uşağı da daxil olmaqla 17 nəfəri öldürmüşdü. Heç bir əsas olmadan xanın bütün yaxın qohum-əqrabası gülləboran edildi. Bu hadisə yalnız Qarabağda deyil, bütün xanlıqlarda böyük narazılığa səbəb oldu.
– Bu hadisədən sonra Şəki xanı Səlim xan da ruslara qarşı çıxmışdı. Qarabağda da ruslara qarşı çıxan qüvvələr yarandımı?
– İbrahimxəlil xanın öldürülməsi bütün Azərbaycanı lərzəyə gətirdi. İbrahimxəlil xanın çox böyük nüfuzu var idi. Bir çox xanlar onunla hesablaşırdı. Belə bir insanın qətlə yetirilməsi Rusiyanı gözdən salırdı. Rusiya Kürəkçay müqaviləsinin şərtlərini Qarabağ xanına göndərəndə, İbrahimxəlil xan bütün bəyləri bir araya yığıb, onların münasibətlərini öyrənmişdi. Bəylər bu müqaviləni etirazla qarşılamış və ruslara qarşı döyüşməyə hazır olduqlarını elan etmişdilər. Bütün bunlara rəğmən İbrahimxəlil xan Rusiya himayəsini qəbul etmişdi. Çünki onunla İran şahları arasında bəlli bir intriqa var idi. Xan, Rusiyanın deyil, məhz İranın gücləndiyi təqdirdə hakimiyyətinə son qoyulacağından çəkinirdi. Halbuki İran nümayəndələri də Rusiya himayəsini qəbul etməyəcəyi halda, şahın onun şərtlərinə razı olacağını bildirmişdilər. Hətta İran şah yanında girov saxladığı oğlu Əbülfət ağa vasitəsilə də İbrahimxəlil xana təzyiq göstərməyə çalışsa da, xan Rusiya himayəsini qəbul etmişdi. Buna görə də Lisaneviçin xanı günahlandırdığı səbəb absurd idi. Şəki xanı İbrahimxəlil xanın qətlə yetirildiyini eşidən kimi, öz ərazisindəki rus qoşununu çıxarmışdı. Rus qoşunları bir çox ərazilərdən çəkilmək məcburiyyətində qaldılar. Yalnız Şuşa, Quba və Bakı qalasında rus qoşunları qala bildi. Ümumiyyətlə, 1805-06-cı illərdə bütün Azərbaycan çalxalanırdı. 1806-cı ilin fevralında Bakı yaxınlığında general Sisianov Bakı xanının əmisi oğlu İbrahim bəy tərəfindən öldürüldü. Bu hadisədən sonra rus qoşunları Azərbaycanı tərk etməyə məcbur olur. Yalnız Şuşa və Quba ərazisində rus qoşunu qalmışdı. Bütün ölkə ərazisində ruslara qarşı üsyan qalxır və düşünürlər ki, Sisianov öldürülübsə, müqavilələr də qüvvədən düşüb və bütün xanlıqlar artıq müstəqildir. Lakin Azərbaycan xanları 6-7 aylıq bir müddəti yenə də birləşmək üçün istifadə etmirlər. 1806-cı ilin yayında rusların yeni yürüşü başlayır və əvvəlki ərazilər yenidən işğal edilir. İranın məğlubiyyəti fonunda ruslar 1812-ci ildə Araz çayını keçirlər. Aslanduz döyüşündə İran ağır məğlubiyyətə uğrayır və şah rusların cənuba doğru yollarının açıldığını görür. Beləcə Gülüstan müqaviləsi imzalanır, Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla bütün Azərbaycan ərazisi Rusiyanın ixtiyarına keçir.
– Müxtəlif vaxtlarda Azərbaycanda Rusiyanın Zubov, Sisianov, Yermolov və Paskeviçin rəhbərliyi ilə yürüşlər olub. Bunlardan hansı Azərbaycan üçün daha ağır nəticələrə səbəb oldu?
– Digərləri ilə müqayisədə Zubovun yürüşü daha mülayim sayıla bilər. Sisianov həddindən artıq qəddar adam idi. Həm də yerli əhaliyə ikinci dərəcəli insanlar kimi yanaşırdı. Hətta İrəvan yürüşü zamanı əsgərlərinə əmr vermişdi ki, bacardıqca çox öldürün, vurun, dağıdın ki, sizdən qorxsunlar. O dərəcədə qəddar idi, kiminləsə danışıb, razılığa gəlməsi mümkün deyildi. Yalnız təhqir və güc dili ilə danışırdı. Gəncədə, Car-Balakəndə minlərlə insan qırmışdı. Yermolov əzazil birisi idi. Onun buraya gəlməsi ilə artıq xanlıqların taleyi sual altına düşdü. Yermolovun bu ərazilərə baş hakim təyin olunması ilə Kürəkçay müqaviləsinin müddəaları pozuldu. Yermolov çara bildirdi ki, ruslar bu əraziləri güc bahasına ələ keçiribsə, bu xanların hakimiyyəti nə üçün qalmalıdır. Davamlı müraciətlərindən sonra çar ona öz bildiyi kimi hərəkət etməyə icazə verdi. Bunun nəticəsi olaraq çox keçmədən Qarabağ, Şəki və Şirvan xanlıqları ləğv olundu. Halbuki Kürəkçay müqaviləsində həmin xanların hakimiyyətinə təminat verilmişdi. 1820-1822-ci illərdə Qarabağ, Şəki və Şirvan xanlıqları ləğv edildi. Həm Sisianovun, həm də Yermolovun əsas planı belə idi ki, Arazdan şimaldakı bütün torpaqlar xristianlarla məskunlaşdırılsın. Düzdür, yerli əhalinin bu əraziləri tərk etmək istəməməsi sayəsində bu plan baş tutmadı. Sisiyanov qəddar olsa da, Yermolovun həyata keçirdikləri bizim üçün daha ağır nəticələrə gətirdi. Həm də hakimiyyəti uzun sürdü və Paskeviçin gəlişinədək burada bildiyini etdi. Qarabağdakı Mədətovla birləşərək Qarabağ xanının demək olar ki, bütün torpaqlarını əlindən aldı. Qarabağdakı qoşunların rəisi Mədətov Mehdiqulu xandan kəndləri bir-bir almağa başladı. Müqaviləyə əsasən Qarabağın hakimi xan olsa da, rus qoşunlarının başçısı orada böyük ixtiyara və nüfuza malik idi. Qarabağ xanı ondan asılı vəziyyətə düşmüşdü. 1827-ci ildə Qafqaz qoşunlarının baş komandanı təyin edilən Paskeviçin dövründə Naxçıvan və İrəvan xanlıqları Rusiyadan asılı vəziyyətə düşdü. Beləliklə, Lənkəran xanlığı da daxil olmaqla Arazdan şimaldakı bütün Azərbaycan əraziləri Rusiyanın tərkibinə daxil edildi. Cənuba doğru yol açıldığını görən İran şahı 1828-ci ildə Türkmənçay müqaviləsini imzalamağa məcbur oldu. Paskeviç isə İrəvan və Naxçıvan xanlıqlarının ərazisi hesabına “erməni vilayəti” yaratdı.
Gündüz Nəsibov, 1905.az
Müsahibə ilk dəfə 24 may 2017-ci ildə dərc edilib