İşğaldan azad edilmiş şəhər və kəndlərimizi gəzdikcə ermənilərin törətdiyi vandalizm aktlarının şahidi olur, acı təəssüf hissləri keçiririk. Ermənilər 27 ildən artıq dövr ərzində işğal altında saxladıqları əraziləri ancaq talayıb, dağıdıb, məhv ediblər. Xalqımıza məxsus tarix və mədəniyyət abidələri, qəbirstanlıqlar da erməni vandalizminə məruz qalıb. Bu, onu deməyə əsas verir ki, ermənilər dədə-baba torpaqlarımzdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyiblər.
AZƏRTAC-ın bölgə müxbiri Ağdam rayonunun Qiyaslı kəndinə gedərək erməni vandalizmini lentə alıb.
Ağdam şəhərindən 3 kilometr məsafədə – Ağdam-Ağdərə avtomobil yolunun kənarında yerləşən Qiyaslı kəndi vaxtilə rayonun ən gözəl və abad yaşayış məntəqələrindən biri idi. Bu kənddə taxılçılıq, üzümçülük və heyvandarlıq inkişaf etmişdi. İndi isə burada yalnız bir mənzərənin şahidi olmaq mümkündür – erməni vəhşiliyinin. Talan edilmiş, dağıdılmış, yandırılmış binalar dünyanın heç bir yerində, heç bir müharibəsində görünməmiş vəhşiliyin göstəricisidir. Erməni vandalları 27 il ərzində kəndi talayıb, yer üzündən siliblər. Vaxtilə kənddə mövcud olmuş yaşayış evləri, məktəb, uşaq bağçası, klub, kitabxana, tibb məntəqəsindən əsər əlanət qalmayıb. Ermənilər kənddəki XVIII əsrin yadigarı olan tarixi məsciddən mal-qara tövləsi kimi istifadə edib, rayonu tərk etməmişdən əvvəl isə yandırıblar.
Ağdam rayonunun Qiyaslı kəndinin ürək ağrıdan görüntülərini təqdim edirik.