
Vətən müharibəsi dövründə “qara paltarlılar”ın düşməni lərzəyə salan qəhrəmanlıq nümunələri yəqin ki, hər kəsə tanışdır. Düşmənin kabusuna çevrilən həmin döyüşçülərimiz Hərbi Dəniz Qüvvələrinin (HDQ) xüsusi təyinatlılarıdır. Addımları ilə ölümün nəfəsini düşmənin ənsəsində hiss etdirən Dəniz Xüsusi Təyinatlıları 44 gün ərzində ən çətin hərbi əməliyyatları yüksək peşəkarlıqla yerinə yetirdilər.
Haqq savaşının xüsusilə 37-ci günündə həyata keçirdikləri məşhur Qızılqaya əməliyyatı ilə müharibəyə öz möhürlərini vurmağı bacardılar.

AZƏRTAC xəbər verir ki, media nümayəndələri Hərbi Dəniz Qüvvələrinin hərbi hissələrinin birinə baş çəkib, onların keçirdikləri təlimləri və şərti əməliyyatları yaxından izləyib, özləri gizlin, amma əməlləri aşkar hərbçilərlə söhbət ediblər.
Əvvəlcə jurnalistlərə şərti “terrorçular”ın zəbt etdiyi gəminin dəniz xüsusi təyinatlıları tərəfindən xilas edilməsi, şərti düşmən arxasındakı fəaliyyət və kiçik sayda “düşmən”lə qarşılaşma zamanı dəniz xüsusi təyinatlılarının fəaliyyəti, pusquya düşmüş maşının dəniz piyadaları tərəfindən pusqudan çıxarılması və şərti düşmən maşınının pusquya salınması və məxfi sənədlərin ələ keçirilməsi əməliyyatları, o cümlədən gəminin döyüş və səfərə hazırlanması, komanda məntəqəsinin şəxsi heyətinin təlim həyəcanı məqsədilə öz yerlərində tam heyətlə iştirak etməsinin baş komanda heyətinə məruzəsi prosesləri nümayiş etdirilib.

AZƏRTAC-ın müxbirləri ilə həmsöhbət olan dalğıc kəşfiyyatçı Dəniz Xüsusi Təyinatlılarının çox çətin təlimlər, hazırlıqlar keçməsi nəticəsində Vətən müharibəsində verilən tapşırıqları uğurla yerinə yetirdiklərini deyib: “Bir çox xarici ölkələrdə keçirilən kurslarda iştirak etməklə, soyuq havalarda, mürəkkəb relyef şəraitində ağır təlimlər keçməklə öz hazırlığımızı ən yüksək səviyyəyə çatdırdıq. Bu da bizim 44 gün ərzində ən məsuliyyətli tapşırıqları yüksək dəqiqliklə yerinə yetirməyimizlə və Qələbədə pay sahibi olmağımızla nəticələndi.

Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları demək olar ki, müharibənin ilk günlərindən tam hazır vəziyyətdə döyüş bölgələrinə təxliyə olunduqdan sonra Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, Füzuli, Cəbrayıl istiqamətlərində, həmçinin Arazboyu ərazilərdə döyüşlər apardılar, Qubadlının, Qızılqaya yüksəkliyinin azad olunması kimi çətin tapşırıqları vaxtında və uğurla tamamladılar.

Müharibədən sonra da təkmilləşmə, peşəkarlığın artırılması davam edir. Xüsusi təyinatlılar müxtəlif kurslarda, təlimlərdə iştirak edirlər. Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları Vətən müharibəsində həyata keçirilən əməliyyatlardan daha da çətin əməliyyatları yerinə yetirməyə hazırdır. Biz Müzəffər Ali Baş Komandanın əmri ilə istənilən tapşırığa tam hazır vəziyyətdəyik”.

2020-ci il may ayından Hərbi Dəniz Qüvvələrində xüsusi təyinatlı kimi fəaliyyət göstərən digər bir dalğıc kəşfiyyatçı Vətən müharibəsi dövründə 42 gün döyüş meydanında savaşdığını, Xocavənd rayonunun adsız yüksəkliyində düşmənin atdığı mərmi nəticəsində ağır yaralandığını bildirib: “Xüsusi təyinatlı kimi Vətənə xidmət etmək mənim uşaqlıq arzum idi. Odur ki, bu yolda çətinliklərə baxmayaraq, əmin addımlarla irəlilədim. Müxtəlif xüsusi təlimlərdən keçdim. Müharibədən bir neçə ay əvvəl dəniz xüsusi təyinatlısı kimi fəaliyyətə başladım. Vətən müharibəsi mənim ən böyük sınağım idi. Sevinirəm ki, həmin sınaqdan üzüağ çıxdım. Müharibənin 42-ci günü döyüş meydanında ağır yaralansam da bu, mənə xidmətimi davam etdirməyə mane olmadı. Ümumiyyətlə, HDQ-nin xüsusi təyinatlıları Vətən müharibəsində Tərtər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı istiqamətlərində adlarından söz etdirə biləcək əməliyyatlar həyata keçirdilər. Xudafərin su anbarına bayraq sancaraq aidiyyətı üzrə digər qoşunların bölmələrinə təhvil verdilər. Qubadlının azad olunaraq Ali Baş Komandana məruzə edilməsi isə bizə böyük qürur və fəxr hissləri bəxş etdi. Hərbi Dəniz Qüvvələri düşmənin Azərbaycan ərazisinə qarşı hər hansı bir suüstü, sualtı, quru fəaliyyətlərini göstərməsinin qarşısını almağa tam şəkildə hazırdır və qadirdir.

26 İyun – Silahlı Qüvvələr Gününü ərazi bütövlüyü tam bərpa olunmuş Azərbaycanda qeyd etmək mənim uşaqlıq arzum olub. Vətən müharibəsində iştirakımla bu sevincin bir hissəsində pay sahibi olmaq mənim üçün böyük fəxrdir. Hərbi Dəniz Qüvvələrinin mənsubu olmağımla fəxr edirəm”.
Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları bölməsinin zabiti HDQ-nin 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində böyük şücaət göstərdiyini, Qubadlı, Cəbrayıl, Füzuli istiqamətlərində bir çox döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəldiyini deyib: “Bundan başqa, antiterror əməliyyatlarında dəniz piyadaları olaraq Ağdam istiqamətində Fərrux və bir çox adsız yüksəkliklərin, düşmən postlarının ələ keçirilməsində böyük fəaliyyətimiz olub. Döyüşlər bitdikdən sonra da təlimlərimizi davam etdirir, bacarığımızı, peşəkarlığımızı artırırıq. Təlimlərdə də dəniz piyadaları olaraq öz gücümüzü ortaya qoyuruq. Bundan sonra da ayıq-sayıqlığı davam etdirərək hər hansı bir düşmən təxribatının qarşısını almaq üçün daim hazırıq”.
Mediatur zamanı hər kəsin düşüncəsində bir fikir formalaşdı: Onlar suda-quruda səs salmadan hərəkət etməyi çox peşəkarcasına bacarırlar. Odur ki, Xəzərdən sahilə, qurudan dənizə onlardan xəbərsiz meh də əsə bilməz…