-Uzun illərdir Türkiyədə yaşayırsız. Əvvəlcə Türkiyəyə gedişinizdən danışaq. Necə oldu xəttatlıqla orada məşğul olmağa qərar verdiniz?
– Mən rəssamam. İçəri Şəhərdə qəbir daşlarında olan yazılar və xəttatlıq sənəti məni həmişə özünə cəlb edib. Bilirdim ki, xəttat olmaq üçün ərəb əlifbasını öyrənməlisən, incəlikləri bilməlisən. Getdim Türkiyəyə. 5 il axtarandan sonra xəttat usta tapa bildim. Sıfırdan başladım, hərfləri öyrəndim. Təxminən 2 ilə kimi vaxt aldı. Əcnəbilər Türkiyəyə gələndə xəttatlıqla bağlı əsərlərə çox üstünlük verirlər.
Xəttatlıq çox incə və çox çətin sənətdir. Mən rəssam ola-ola nə qədər çalışsam da heç bir hərfi yanaşı qoyub, bir şey yarada bilmirdim. Mütləq incəlikləri bilməlisən. İncəlikləri isə ancaq ustanın əlinə baxaraq öyrənmək mümkündür. Xəttatlığın dinlə əlaqəsi yoxdur. Dünyada çox sevilən sənətdir. Əcnəbilər Türkiyəyə gələndə xəttatlıqla bağlı əsərlərə çox üstünlük verirlər. Hətta əksəriyyəti mənasını, incəlikləri bilməsə də əsəri alır, özü ilə ölkəsinə aparır.
Türkiyədə təbabətlə də məşğul oluram. Orada bununla bağlı 3-5 kitabım da çıxdı. Bu aclıqla müalicə üsuludur. Bu metod əvvəl Türkiyədə, sonra dünyanın 20 ölkəsində yayıldı. Hazırda mənim Almaniyada, Amerikada yaşayan xəstələrim var. İnternet üzərindən proqramı verirəm və buna əməl edərək müalicə olunurlar. Bu gün 65 yaşım var və o gündən bu yana 1 dəfə də olsun xəstələnməmişəm.
-Bəs necə qərara gəldiniz ki, bu işlə də məşğul olmaq istəyirsiniz?
Azərbaycanda uzun illər xəstəlikdən əziyyət çəkmişəm. 25 yaşa kimi xəstəxanalarda süründüm. Rəssamlıqda oxuyanda bir qızı sevirdim. O da bilirdi ki, xəstəyəm. Hər gün dərman atırdım. Bir gün mənə dedi ki, mən sənlə evlənməyəcəm, çünki sən xəstəsən. Bu hadisədən sonra mən sağalmaq üçün nə isə etməli olduğuma qərar verdim. Çünki başa düşürdüm ki, hər gün qəbul etdiyim dərmanların heç bir faydası yoxdur.
– Xəstəlik nə ilə bağlı idi?
-Hər gün başım ağrıyırdı. 19 yaşımda infarkt, 24 yaşımda paralic olmuşdum. Bitkiləri araşdırmağa, onların faydalı tərəfləri barədə öyrənməyə başladım. Çünki qəbul etdiyim dərmanlar mənə pis təsir edirdi. Sonra amerikalı həkimin bir kitabı əlimə keçdi. Rus dilində. Onu oxudum və bütün həyatım dəyişdi. Bu gün 65 yaşım var və o gündən bu yana 1 dəfə də olsun xəstələnməmişəm. Türkiyədə ancaq xəttatlıqla məşğul olaraq dolanmaq çətindir. Ona görə də orada həm də bu sənətlə məşğulam.
-Bəs, Azərbaycandakı fəaliyyətiniz nədən ibarətdir?
-Azərbaycanda 2006-cı ildən etibarən hər iki ildən bir sərgi keçirməyə başladım. Ən sonuncu Seyid Yəhya Bakuvinin adı ilə bağlı olan sərgi olub. Evim Qalada yerləşir. Tarixi bir yerdir. Evin təmirini gözləyirəm. İstəyirəm sərgini bundan sonra orada edəm. Qalaya çoxlu sayda turist gəlir. Düşünürəm ki, həm də evimə gəlib, Azərbaycanda belə bir sənətin olduğundan xəbərdar olarlar.
– Necə düşünürsünüz, Ermənistanın Azərbaycana təcavüzu ilə bağlı həqiqətləri sizin sənətin köməyi ilə dünyaya çatdırmaq mümkündür?
-Təbliğat güclü olmalıdır. Hər şeyi silahla həll etmək olmaz. Biz dünyaya kim olduğumuzu göstərməliyik. Biz keçmişi olan bir xalqıq. Bizim əslimiz var. Ermənilər isə keçmişi olmayan bir millətdir. İrəvanı da onlara yazığımız gəldiyi üçün vermişik.
Bu yaxınlarda bir sənədli film izlədim. Səhv etmirəmsə rus alimlərinin araşdırması idi. İrəvan şəhərindəki Azərbaycan binalarının keçmiş və bu günki halını rəsmlərdə göstərmişdilər. Filmdə göstərilirdi ki, bu ornamentlər Azərbaycanındır, Azərbaycana aid memarlıq nümunələridir. Biz belə şeyləri əlimizdə bayraq edib, dünyaya çıxmalıyıq.
-Minnətdaram sizə!
-Mən də sizə təşəkkür edirəm dəvət üçün.
Fuad Babayev, Aynur Hüseynova
1905.az
Material ilk dəfə: 6 avqust 2015-ci ildə dərc olunmuşdur.