“…Xalq dəniz kimidir. Bu dənizin içində yaxşı balıq da, yırtıcı balıq da, zəhər daşıyan balıq da var. Çalışmaq lazımdır ki, yaxşı balığın sayı çox olsun, pis balıq onsuz da artır…”
Fikrət QOCA
Dünyanı da, istənilən gözəlliyi də, şeiri də, tapıntıları da kamil insan dərk edib, təbliğ edib, yaşadıb, yaşadacaq da. Həyat insanın başlıca dəyəridir. İnsanın dünyaya və özünə münasibəti sayəsində müəyyən dəyərlər formalaşır ki, onun da zirvəsində bu və ya digər ictimai idealarda əks olunan mütləq dəyərlər durur. İnsanın digər insanlarla münasibəti sabit, təkrar-təkrar qiymətləndirilməsi sosial, əxlaqi, dini, hüquqi və s. normalara çevrilir. Həmin normalar isə ayrı-ayrı fərdlərlə yanaşı bütövlükdə cəmiyyətin gündəlik həyatını nizamlayır. Təbiət şairi Fikrət Qoca dünyanın, dünyada baş verən qlobal hadisələrin nəbzini dəqiqliklə tutan, gündəlik həyatımızın qayğı və sevinclərinə qələmin dili ilə sanballı, geniş və dərin mənalar kəsb edən əsərləri ilə cavab verməklə hər zaman ön cərgədə dayanan ədiblərimizdən olmuşdur.Fikrət Qoca bu günlərimizdə də, bizdən sonra yaşanacaq gələcək dövrlərdə də sevilə-sevilə oxunacaq müdrik şairimiz idi.
20 may 2022-ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Fikrət Qocanın xatirəsinə həsr olunmuş “Şeirimizin səssiz səsiyəm” adlı iki hissəli tədbir keçirildi. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid,qiraət ustası,Əməkdar artist Ağalar Bayramov, AYB-nin katibi və AYB-yə Qəbul Komissiyasının sədri, Beynəlxalq Ədəbiyyat Fondunun və Mərkəzi Asiya Pen Təşkilatının üzvü, şair, tərcüməçi, Prezident təqaüdçüsü Səlim Babullaoğlu, şair və yazıçı Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruz, “Mədəniyyət” jurnalının baş redaktoru Zöhrə Əliyeva, Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri Gülşən Behbud, araşdırmaçı-jurnalist Kəmalə Müslümqızı, şairin ailə üzvləri, incəsənət xadimləri, Göyçay və Ağdaş rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, Ağdaş, İsmayıllı və Bərdə Regional Mədəniyyət İdarələrinin rəhbərliyi və mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Tədbirin birinci hissəsi Göyçay şəhərində baş tutub. Əvvəlcə Şəhidlər Xiyabanı, Göyçaylı yazarlar Əli Kərim, İsgəndər Coşqun və Əli Səmədlinin məzarları, eləcə də “Əbədiyaşar Ədiblər” parkında şair və yazıçıların büstləri ziyarət olunub, əkil və gül dəstələri düzülüb.
Tədbirin açılışında Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmməov Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunmuş xatirə gecəsi ilə əlaqədar Regional İdarə tərəfindən keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, yazıçılar birliyinin və şairin ailə üzvləri Fikrət Qocanın yaradıcılığı və həyatı haqqında söz açaraq öz xatirələrini bölüşüblər. Həmçinin Respublikanın Əməkdar artisti Ağalar Bayramovun ifasında şairin şerləri səsləndirilib. Sonra Xalq şairi Rəsul Rzanın Göyçay şəhərində yerləşən ev muzeyi ziyarət olunub.
Tədbirin ikinci hissəsi Ağdaş rayon Heydər Əliyev Mərkəzində keçirilib. Qonaqlar əvvəlcə Mərkəzin foyesində Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, rayon Tarix-Diyarşünaslıq Muzeyi və Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyinin üzvləri tərəfindən hazırlanmış sərgi ilə tanış olublar. Sərgidə eyni zamanda şairin ailəsi tərəfindən təqdim edilmiş şəxsi əşyaları da nümayiş olunub.
Tədbirin bədii hissəsində “Qız qalası” instrumental ansamblının müşayəti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri, Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların, Teyyub Aslanın, Əməkdar artist Zakir Əliyevin ifasında şairin sözlərinə bəstələnmiş mahnılardan ibarət konsert proqramı təqdim olunub və Ağdaş Regional Mədəniyyət İdarəsi tərəfindən hazırlanmış “Şeirimizin səssiz səsiyəm” filmi və şairin qürbətdə yaşayan ailə üzvlərinin, yaxınlarının görüntülərindən ibarət videomüraciət nümayiş etdirilib.
Əməkdar artist, əsrarəngiz səs sahibi, şeirlərə ürəyinin istiliyini, həsaslığını qatan Ağalar Bayramovun və Ağdaş rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Turanə Şıxalıyevanın aparıcılığı ilə baş tutan tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, şairin qızı Gülay Qocayeva, bacısı Gülbəniz Qocayeva, şair, tərcüməçi, Səlim Babullaoğlu, şairə və jurnalist Gülşən Behbud, Azərbaycan Yazıçılar Birliyi Ağdaş bölməsinin sədri Fəxrəddin Əsəd çıxış ediblər.
Eyni zamanda tədbir zamanı Ağdaş Dövlət Rəsm Qalereyasının direktoru, rəssam Fidan Səfixanovanın və Ağdaş rayon Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyinin rəhbəri, rəssam Məlahət İsmayılın çəkdiyi şairin rəsm əsərləri qızı Gülay Qocayevaya və Anar Rzayevə təqdim olunub.
Xatırladaq ki, Fikrət Qocanın əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olub. 1987-ci ildən “Qobustan” incəsənət toplusunun baş redaktoru idi. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi idi.
1990-cı illərdə yazdığı “Oddan keçənlər”, “İnsan səviyyəsi”, “Adi həqiqətlər” və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. “Ölüm ayrılıq deyil” (1990), “Hələlik, – qiyamətədək” (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapıb.Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və başqalarından tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub.
Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər” və “Rəssam düşünür” poemalarına görə 1968-ci ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə “Humay” mükafatına (1998) layiq görülüb. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunub.
Fikrət Qoca ədəbiyyatımızda, poeziyamızda,, oxucularının, tanıyanlarının xatirələrində hər zaman sevgi ilə xatırlanacaq.
Gülşən Behbud