Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda “Müasir Azərbaycan dövlətçiliyinin memarı” adlı sərginin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərgi ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilib.
Qonaqlar ekspozisiyanın təntənəli açılışından əvvəl Azərbaycanın ümummilli lideri Heydər Əliyevə həsr olunmuş stendin qarşısına güllər düzüblər.
Sərginin açılışında çıxış edən “Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova vurğulayıb ki, Heydər Əliyev bütün dünya azərbaycanlılarının ümummilli lideridir. O deyib: “Bu yaxınlarda Şuşada dünya azərbaycanlılarının qurultayı keçirildi. Həmin qurultayda mən də iştirak edirdim. Azərbaycan diasporunun təməlini məhz Heydər Əliyev qoyub, onun nüfuzu, onun adı, onun şəxsiyyəti dünya azərbaycanlılarını birləşdirib. Hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq, Azərbaycanı özü üçün başlanğıc nöqtə hesab edir”.
“Azərbaycan” pavilyonunun direktoru Rusiya-Azərbaycan münasibətlərinin qurulmasında Heydər Əliyevin rolunu vurğulayıb, bu müdrik siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini bildirib.
Sərgi haqqında danışan S.Qədirova ekspozisiyada təqdim olunan fotolarda Heydər Əliyevin xarakterinin, onun xoş xasiyyətinin əks olunduğunu vurğulayıb. O deyib: “Bu insan öz statusuna baxmayaraq, həmişə öz həmsöhbətini dinləyirdi. O, dünya miqyaslı siyasətçi idi ki, bir baxışı və ya bir əl sıxması ilə opponentinin fikrini dəyişə və onun rəğbətini qazana bilirdi”.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin humanitar proqramlar üzrə rəhbəri Tamilla Əhmədova çıxışında qeyd edib ki, dahi siyasi xadim Heydər Əliyevin ad gününü bütün ölkənin ad günü adlandırmaq olar.
T.Əhmədova deyib: “Mayın 10-u təkcə Azərbaycanda deyil, eləcə də bütün dünyada yaşayan azərbaycanlılar üçün əlamətdar tarixdir. XX əsrdə Azərbaycan çox tez-tez qaçılmaz anlar yaşayırdı, müstəqil dövlətin mövcudluğunun özü təhlükə qarşısında, ölkənin bütövlüyü ölümcül təhdidlə üzbəüz idi”.
T.Əhmədova bildirib ki, hər dəfə labüd addımdan, ölkəni və xalqı məhv olmaqdan bir nəfər xilas edirdi. T.Əhmədova deyib: “Heydər Əliyev öz nüfuzu, öz müdrikliyi, öz xarizması, öz siyasətçi istedadı və ən mürəkkəb vəziyyətlərdə gözlənilməz qərarlar tapmaq bacarığı ilə azərbaycanlıların xatirəsində təkcə Azərbaycanın xilaskarı kimi deyil, həm də onun yaradıcısı kimi qalacaq. Dahi siyasətçi, azərbaycanlıların ümummilli lideri Heydər Əliyev yeni, çiçəklənən Azərbaycanı dünyaya bəxş edən böyük memar kimi özünün qurduğu ölkədə əbədi yaşayacaq”.
“Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko çıxışında vurğulayıb ki, Heydər Əliyev müasir Azərbaycanın təməlini, onun dövlətçiliyinin və irəliyə doğru genişmiqyaslı hərəkətinin əsaslarını qoyub.
Politoloq deyib: “O, bütün bunlara yalnız öz zəkası, istedadı, iradəsi, məqsədyönlülüyü və intellekti sayəsində nail olub. Bu gün Heydər Əliyevin rolunu qeyd edərkən, biz öz xatirə borcumuzu vermiş, səmimi ehtiramımızı və anlayışımızı bildirmiş oluruq. Çünki məhz o, təkcə yeni Azərbaycanın mənəvi atası yox, həm də dövlətçilik səviyyəsində, Rusiya Federasiyası ilə Azərbaycan arasında cəmiyyət səviyyəsində həmin parlaq münasibətlərin yaradıcısıdır. Hazırkı Prezidentin qazandığı möhtəşəm qələbələrdə Heydər Əliyev tərəfindən əsası qoyulan təməlin böyük rolu vardır. Bu siyasətçinin 100 illiyi təkcə Azərbaycanda deyil, həm də Rusiyada geniş qeyd olunacaq”.
Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markovun fikrincə, Heydər Əliyev, sözün həqiqi mənasında, Azərbaycan dövlətçiliyini xilas edib, müasir Azərbaycan dövlətçiliyinin əsasını qoyub. “O, güclü, sabit Azərbaycan dövlətçiliyini qurmağı bacardı”, – deyən ekspert Rusiya və Azərbaycan arasında münasibətlərin inkişafına Heydər Əliyevin verdiyi böyük töhfəni qeyd etdi.
Sərginin açılışında görkəmli dövlət və siyasi xadimin həyat və fəaliyyəti barədə filmlər və arxiv videomaterialları nümayiş etdirilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva