Bir müddət bundan əvvəl jurnalist Fuad Babayev sosial şəbəkədə Quba rayonunun Xanəgah kəndindəki məscidin vahiməli görüntülərini paylaşdı.
Etikxeber.az xəbər verir ki, bu şəkillərdən məlum olur ki, tarixi-dini abidə dağılmaq üzrədir.
Həmkarımızla əlaqə saxlamaq qərarına gəldik.
Fuad Babayev bunları söylədi:
“Düşünürəm ki, heç bir foto sözügedən abidənin real durumunu olduğu kimi əks etdirmək iqtidarında deyil. Abidənin vəziyyyəti acınacaqlıdır, o hər an, təkrar edirəm , hər an uça bilər. Binanın divarlarından biri dağılıb, xeyli dərəcədə sıradan çıxmış dam örtüyü iki sütunun sayəsində dayanıb.”
Onu da qeyd edək ki, “Abidələri Müdafiə Təşkilatı” İctimai Birliyinin rəhbəri Faiq İsmayilov azpress.az saytında dərc eidlmiş yazısında abidənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə Mədəniyyət Nazirliyində yerli əhəmiyyətli abidə kimi (№4660) qeydə alındığını, inşa tarixinin XIX əsrə aid olduğunu bildirib. Faiq İsmayilov abidənin ümumi görünüşünün, bu tarixi memarlıq nümunəsinin təhlükəli vəziyyətdə olduğundan xəbər verdiyini vurğulayıb. Ekspertin sözlərinə görə zaman-zaman baxımsızlıq ucbaatından təbiət hadisələrinin təsiri nəticəsində abidə yararsız hala düşdüyündən özünün son dövrünü yaşayır.
Kənd sakinlərindən Azad Absəlimov məscidin bu gündə olmasından təəssüf hissi keçirdiyini bildirdi.Usta olduğundan vəsait ayrılacağı təqdirdə əlindən gələn hər bir köməyi göstərəcəyini açıqladı.
Elçin Pirməmmədov isə bunları söylədi: “Biz müsəlmanıq. İstəyirik bayram namazlarımızı ayrı-ayrı evlərdə yox , məsciddə qılaq. Gündə ən azı bir dəfə də azan səsinin gəlməyi insanları pis düşüncələrdən ayırar,onlarda Allaha inamı daha da artırar. Allah evinin abad olması Allaha da xoş gedər,onun bəndələrinə də.”
Sərdar Abasov Azərbaycan dövlətinin bu kiçik layihəni həyata keçirib kənd sakinlərini sevindirəcəyinə inandığını gizlətmədi.
Kənd məktəbinin müəllimi Mənsur Məmmədov: “O yerdə ki Allaha inam var, Allahın evi sayılan məscid abaddırsa,orada xeyir də var, bərəkət də.”
Quba rayon mərkəsindən 26 kilometrlik məsafədə yerləşən Xanəgah kəndindəki məscid qəzalı vəziyyətdə ah çəkməkdədir.
Ümid edək ki, eşidiləcək.