Aprelin 4-ü Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü kimi qeyd olunur. Bu gün münasibətilə Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.
AZƏRTAC-a daxil olan bəyanatda deyilir:
“Azərbaycan Respublikasının ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən hərbi işğalı zamanı, habelə hazırkı postmünaqişə dövründə mina təhdidindən əziyyət çəkən, çoxsaylı mina qurbanları verən ölkəmiz mina təhlükəsi ilə ciddi şəkildə mübarizənin vacib olduğunu vurğulayır.
Ermənistan tərəfindən hətta postmünaqişə dövründə belə davam etdirilən mina təhdidi bölgədə aparılan bərpa və yenidənqurma işlərini, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı prosesini ləngitməklə yanaşı, vətəndaşlarımızın həyat və sağlamlıqları üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır.
44 günlük Vətən müharibəsi və münaqişənin bitməsindən sonra belə Ermənistan üzərinə götürdüyü öhdəliklərinə zidd olaraq, Laçın yolundan qeyri-qanuni məqsədlər, o cümlədən mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə edib. 2022-ci ildə Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə minanın aşkar edilməsi bu faktı təsdiqləyir. 2023-cü ilin sentyabr ayında antiterror tədbirlərindən sonra, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca 500 mindən artıq mina basdırıldığı faktının aşkarlanması bu təhdidin miqyasını sübut edən faktlardır. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac olunmadığı barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirib.
Ermənistan tərəfindən davam etdirilən mina təhdidi nəticəsində demək olar ki, gündəlik əsasda baş verən mina partlayışları zamanı postmünaqişə dövründə ümumilikdə 350 nəfər azərbaycanlı mina qurbanına çevrilib. Onlardan 50 nəfər mülki şəxs, 15 nəfər hərbi qulluqçu olmaqla, 65 nəfər həlak olub.
İndiyədək baş vermiş mina hadisələrinin coğrafiyası, onların əksəriyyətinin keçmiş təmas xəttindən kənarda, xüsusilə mülki obyektlərin, yaşayış məntəqələrinin, habelə məzarlıqların yerləşdikləri məkanlarda baş verməsi Ermənistanın mina təhdidinin məqsədyönlü şəkildə mülki əhali arasında itkilərin çox olmasına yönəldiyini sübut edir. Bu da öz növbəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşı mövcud etnik nifrət və dözümsüzlüyün növbəti təzahürüdür.
Ölkəmiz tərəfindən bu təhdidə son qoymaq məqsədilə minalanmış ərazilərin xəritələrinin Ermənistan tərəfindən təqdim edilməsinə dair dəfələrlə çağırışlara baxmayaraq, bu ölkə uzun bir müddət ərzində ümumiyyətlə belə xəritələrin mövcudluğunu inkar edib. Beynəlxalq ictimaiyyət tərəfindən göstərilən təzyiqlər nəticəsində təqdim olunmuş, minalanmış ərazilərin kiçik bir hissəsinin əhatə olunduğu məlumatların etibarlılığı isə cəmi 25% təşkil edib. Son dövrlərdə baş verən mina hadisələrinin 55%-dən çoxu təqdim olunmuş məlumatların əhatə etdiyi ərazilərdən kənarda baş verib.
Ermənistan tərəfindən mina təhdidinə münasibətdə sərgilənən davranış postmünaqişə dövründə bölgədə dayanıqlı sülh və etimad quruculuğu istiqamətində görülən tədbirlərə daha bir zərbədir.
4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə Azərbaycan bir daha beynəlxalq ictimaiyyəti Ermənistanın mina təhdidinin qınanılması, bu ölkə tərəfindən mina xəritələrinin təqdim olunması, eləcə də Azərbaycanda mina təhdidinin aradan qaldırılması istiqamətində dəstək göstərmək məqsədilə ardıcıl tədbirlər görməyə çağırır”.