Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrail xarici işlər naziri ilə mətbuat brifinqi zamanı İrana qarşı hər hansı bir mövqe səsləndirməyib. Bu xüsusda, İran Xarici İşlər Nazirliyi tərəfindən verilən bu açıqlamanı növbəti anti-Azərbaycan addım kimi qiymətləndiririk.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İran XİN-in mətbuat katibi Nasir Kənani tərəfindən səslənmiş iddiaları şərh edərkən ifadə edib.
A.Hacızadə qeyd edib: “Bildiririk ki, Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib.
Bunun əksinə, son zamanlar İran ərazisindən Azərbaycana qarşı təhdidlər səsləndirilir və təxribatlara yol verilir. Bunlara misal olaraq, Azərbaycanın sərhədləri boyu İran tərəfindən hərbi təlimlərin keçirilməsini, sərhəd üzərindən hərbi uşuşların həyata keçirilməsini, İranın vəzifəli şəxsləri tərəfindən anti-Azərbaycan bəyanatlarının verilməsini, SEPAH kimi İranın təhlükəsizlik strukturları tərəfindən hətta uşaqları cəlb etməklə və Xudafərin körpüsünün yanında Azərbaycan əleyhinə təhdid dolu video çarxların çəkilməsi və nümayişini, Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunu, Milli Məclisin üzvü Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının istintaqının ilkin izlərinin İrana dəlalət etməsini qeyd etmək olar”.