Azərbaycan Xarici İşlər Nazirliyi BBC-nin əməkdaşı Reda El Mavinin Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağdan reportaj hazırlamasına münasibət bildirib.
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya bildirib ki, reportajla əlaqədar Azərbaycan tərəfinin narazılığı BBC-yə çatdırılıb: “BBC-nin bu məsələyə aydınlıq gətirməsini gözləyirik. Verilişdən göründüyü kimi, BBC telekanalının müxbiri qanunsuz şəkildə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər edib, Azərbaycan Respublikasının “Dövlət sərhədi haqqında” qanununu pozub.
Qeyri-obyektiv və qərəzli olan bu verilişdə istifadə edilən bir sıra ifadələr münaqişənin əsl mahiyyətini təhrif edir və reportajda Azərbaycana qarşı Ermənistan tərəfindən törədilmiş təcavüz, işğal və qanlı etnik təmizləmə təşviq olunur. Verilişdən göründüyü kimi, Ermənistan Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində demoqrafik vəziyyəti dəyişmək üçün məqsədyönlü şəkildə Suriyadan olan erməni əsilli qaçqınları işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirir. Azərbaycan tərəfindən bu məsələ dəfələrlə beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında qaldırılıb”.