Aprelin 29-da Fransanın daxili işlər naziri Jeral Darmanən tərəfindən Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycan-Yeni Kaledoniya əlaqələrindən danışarkən ölkəmizə qarşı səsləndirilmiş əsassız və ittiham xarakterli iddiaları qətiyyətlə rədd edirik. Azərbaycanı Yeni Kaledoniyanın timsalında guya separatçılığa dəstək verməkdə günahlandıran nazir unudur ki, məhz rəsmi Paris uzun müddət ərzində Azərbaycanda aqressiv separatizmi dəstəkləyən addımlar atıb, qondarma separatçı rejimin nümayəndələrini Fransada mütəmadi əsasda yüksək səviyyədə qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın daxili işlər naziri Jeral Darmanənin Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycana qarşı səsləndirdiyi iddialara dair şərhində yer alıb.
O, həmçinin qeyd edib: “Fransanın hakim partiyasının təşəbbüsü ilə Fransa parlamentinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini sual altına qoyan, onlara xələl gətirən, separatçı rejimi tanıyan qərar və qətnamələr qəbul etməklə yanaşı, keçmiş qondarma separatçı rejimlə dostluq qrupunun fəaliyyətinə imkan yaratdığı məlumdur. Fransanın daxili işlər naziri erməni əhalinin qətliamı kimi Azərbaycana qarşı heç bir əsası olmayan gülünc və ucuz qarayaxmaya cəhdi göstərmək əvəzinə, ölkəsinin uzun illər boyu həyata keçirdiyi və hazırda da davam etdirdiyi müstəmləkəçilik siyasəti çərçivəsində yerli xalqlara qarşı törətdiyi insanlıq əleyhinə cinayətləri, vəhşicəsinə qətlə yetirdiyi milyonlarla günahsız insanı unutmamalıdır.
Bütün qeyd olunanların fonunda Fransa hökumət rəsmisinin beynəlxalq dövlətlərarası münasibətlər baxımından heç bir etik çərçivəyə sığmadan Azərbaycanın konstitusional dövlət quruluşu haqqında qəsdən təhqir dolu ifadələrdən istifadə etməsi tamamilə qəbuledilməzdir.
Bir daha Fransadan Azərbaycanın daxili işlərinə qarışmamağı və ölkəmizə qarşı əsassız iddialar səsləndirməyə son qoymağı tələb edirik. Ölkəmizin milli maraqlarını qoruması üçün bundan sonra da bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edirik”.