Fevralın 26-da ABŞ Azərbaycanlılar Şəbəkəsi (USAN) Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş etiraz aksiyası keçirib.
Aksiyada Azərbaycan icmasının Vaşinqtonda və onun ətrafında yaşayan üzvləri iştirak ediblər. Nümayişçilərin tutduqları plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı haqqında faktlar əks olunub. Bannerlərdə dünya birliyinə müraciətlə Xocalı soyqırımını dövlət səviyyəsində tanınması şüarları, həmçinin bu faciənin Amerikanın 30-dan çox ştatı və dünyanın bir sıra ölkələri tərəfindən tanınması və pislənməsi haqqında məlumatlar yer alıb.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmsədri Bədir Məmmədli Ermənistanın Vaşinqtondakı diplomatik missiyasının rəhbərlərinə müraciət edərək, 1992-ci ilin fevralın 26-da Xocalıda 613 mülkü şəxsin erməni hərbçiləri tərəfindən amansızcasına qətlə yetirildiyini vurğulayıb.
Aksiya zamanı “Ermənistan qeyri-müstəqil nökər dövlət”, “Erməni terrorunu pisləyin!”, “Xocalı qırğını bir daha təkrarlanmamalıdır!”, “Ermənistan etnik təmizləmədə təqsirkardır!”, “Ermənistana ar olsun!”, “Ermənistan Qarabağda məğlub oldu!”, “Uşaq qatilləri!”, “Ermənistan vassal dövlətdir!”, “Amerikalı vergi ödəyicilərindən pul diləndiyiniz yetər!”, “Biz Xocalını unutmayacağıq!”, “Azərbaycan torpaqlarından əl çəkin!”, “Ermənistan, beynəlxalq hüquqa riayət et!”, ”Paşinyana ar olsun!”, “Köçaryan, Sarkisyan, Ohanyan cinayətkardırlar” və sair şüarlar səslənib.
Etiraz aksiyasının iştirakçıları Ermənistan hökumətini Xocalı soyqırımını tanımağa çağırıb. Həmçinin 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycana məğlub olmasını qeyd edən aksiya iştirakçıları, Azərbaycan ərazisində yaşayan erməni əsilli vətəndaşları ölkəmizin Konstitusiyasına hörmətlə yanaşmağa və qanunlara riayət etməyə çağırıblar. İcma üzvləri Ermənistan hökumətini Azərbaycanın Dağlıq Qarabağ regionunun digər yaşayış məntəqələrində, o cümlədən Malıbəyli, Quşçular, Ağdaban və Qaradağlıda da dinc azərbaycanlı əhalinin kütləvi şəkildə qətlə yetirilməsi faktlarını tanımağa səsləyiblər.
Ermənistan səfirliyinin qarşısında etiraz aksiyasında iştirak etmək üçün Vaşinqtonun türk icmasının üzvləri, Nyu-York və digər ştatlardan da Azərbaycan icması üzvləri qatılıb.
Qeyd edək ki, ABŞ Azərbaycanlılar Şəbəkəsi Xocalı qətliamı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq bu kütləvi qırğının tanınması tələbi ilə hər il etiraz aksiyası keçirir. Bununla yanaşı, şəbəkə artıq 14 ildir ki, Amerika ictimaiyyətini Xocalı soyqırımı və erməni ordusunun digər hərbi cinayətləri barədə məlumatlandırmaq üçün bir neçə kampaniya keçirir.
AZƏRTAC-ın Vaşinqton bürosu