Moskvanın “President-Hotel” mehmanxana kompleksinin “Bolşoy Petrovski” zalında “Xocalıya Ədalət” kampaniyasının birillik nəticələri ilə bağlı tədbir keçirilib. Rusiya Azərbaycan Gənclər Təşkilatı (RAGT) və İKGF-nin birgə təşkil etdiyi tədbir “Xocalıya Ədalət” musiqi layihəsinin təqdimatı ilə açılıb.
“Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı, RAGT-ın sədri Leyla Əliyeva kampaniya çərçivəsində görülən işlər və əldə edilmiş nailiyyətlər haqqında məlumat verib. O, 2010-cu ilin yanvarında İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament Assambleyasının Uqandada keçirilmiş 6-cı sessiyasının qəbul etdiyi qətnamə ilə faciəyə “insanlığa qarşı cinayət” kimi qiymət verilməsinin xüsusi əhəmiyyətini qeyd edib: “Bu gün bizim kampaniya öz fəaliyyətində yeni mərhələyə qədəm qoyur – biz dövlət başçılarına, dünya parlamentlərinə, beynəlxalq təşkilatlara müraciət aksiyasına başlayırıq. Keçən ildə əl etdiyimiz uğurlar bizdə kampaniyanın fəaliyyətinin bu il daha da genişləndirəcəyimizə əminlik yaradır”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu dövlətimizin başçısı İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində qətiyyətli fəaliyyətindən bəhs edib, rəsmi Bakının Azərbaycanın ərazi bütövlüyü məsələsində güzəştə getməyəcəyini bildirib.
İKGF-nin baş katibi Elşad İsgəndərov kampaniyanın birillik fəaliyyəti barədə danışıb, onun yeni layihəsi – “Dünya liderlərinə müraciət” haqqında iştirakçılara məlumat verib. Tədbir iştirakçıları kampaniyanın internet saytında (www.justiceforkhojaly.org) yerləşdirilmiş yeni müraciətin çoxfunksiyalı portalı ilə tanış olublar.
Tədbirdə, həmçinin “Qarabağ gündəliyi” kitabının müəllifi, tanınmış rus yazıçısı, professor Yuri Pompeyev, Latın Amerikası Gənclər Forumunun vitse-prezidenti və kampaniyanın region üzrə əlaqələndiricisi Xulian Luqo Mendez, kampaniyanın Rusiya üzrə milli əlaqələndiricisi, Moskva Hüquq Akademiyasının tələbəsi Yekaterina Kozlova çıxış edərək kampaniyanın beynəlxalq əhəmiyyətini vurğulayıb, milli və beynəlxalq səviyyədə görülmüş işlərdən danışıblar.
Mərasimdə Rusiya ziyalıları, müxtəlif elmi cəmiyyətlərin, KİV-lərin və Azərbaycan diasporunun nümayəndələri, eləcə də Moskvanın müxtəlif ali məktəblərində təhsil alan tələbələr daxil olmaqla 500-dən artıq adam iştirak edib. Tədbirin sonunda iştirakçılar ABŞ Prezidentinə, BMT-nin baş katibinə, Avropa Şurasının Parlament Assambleyasına və Avropa Parlamentinin deputatlarına ünvanlanmış, Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanımağa və günahkarların məsuliyyətə cəlb edilməsi üçün səy göstərməyə çağıran kampaniyanın yeni müraciətini imzalayıblar.
Hotelin foyesində iştirakçılar kampaniyanın dünyanın müxtəlif ölkələrində birillik fəaliyyətini əks etdirən forosərgi ilə tanış olublar.
“Xocalıya Ədalət” kampaniyası 2008-ci il mayın 8-də, Şuşa şəhərinin işğalının ildönümündə İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülüb və hazırda 30-dan artıq ölkədə yüzlərlə könüllünun iştirakı ilə uğurla davam etdirilməkdədir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılmasını, soyqırımına beynəlxalq aləmdə siyasi-hüquqi və mənəvi qiymət verilməsini, həmçinin beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org internet saytı vasitəsilə aparılır.
26/02/2010
http://www.leyla-aliyeva.az/activity/164/xocaliya-edalet-kampaniyasinin-yeni-merhelesine-baslanib