Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə – 2021-ci il yanvarın 31-dək ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər.
Operativ Qərargah virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə hamını dövlət tərəfindən görülən tədbirlərə dəstək göstərməyə, özünün və ailəsinin sağlamlığı naminə COVID-19 virusu ilə mübarizədə karantin tələblərinə ciddi riayət etməyə çağırır.
Qeyd edilir ki, xüsusi karantin rejimi dövründə ciddi zərurət yaranmadıqda ictimai yerlərdə olmamaq, digər şəxslərlə yaxın təmaslardan yayınmaq, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etmək, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etmək zəruridir. Vətəndaşlara xəstəliyin ilkin əlamətlərini hiss etdikdə özünütəcrid tələblərinə ciddi riayət etmək tövsiyə olunur.