Aprelin 29-da Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə yerli və xarici KİV-lərin təmsilçiləri ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələrinin yaşayış məntəqələrinə şiddətli artilleriya atəşləri nəticəsində mülki əhaliyə dəyən ziyanın nəticələri ilə yerində tanış olmaq üçün cəbhəboyu zonaya səfər ediblər.
AZƏRTAC xəbər verir ki, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin müşayiət etdiyi Əl-Cəzirə, Reuters, Associated Press, Frans-Press, Anadolu Agentliyi, TRT World, BBC kimi dünyanın nüfuzlu media orqanlarının nümayəndələri, həmçinin yerli jurnalistlər əvvəlcə Bərdə rayonuna gəliblər.
Yerli və xarici jurnalistlər ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki vətəndaşların müalicə olunduğu Bərdə Diaqnostika Mərkəzində xəsarət alanların səhhəti ilə maraqlanıblar. Yaralıların vəziyyətinin sabit olduğu, müalicələrinin davam etdirildiyi, həyati təhlükələrinin olmadığı bildirilib.
Ağdam rayonuna gələn media nümayəndələri Ermənistan silahlı qüvvələrinin Çəmənli kəndini atəşə tutması nəticəsində şəhid olan sakinlər Əli Hüseynovun və Famil Mustafayevin ailə üzvləri və qohumları ilə görüşüblər.
Hər iki şəhidin yaxın qohumu Əhməd Əhmədov media təmsilçilərinə müsahibəsində deyib: “Erməni hərbi birləşmələri gecə saat 12 radələrində kəndimizi şiddətli artilleriya atəşinə tutmağa başladı. Həm Əli Hüseynov, həm də Famil Mustafayev kəndə düşən mərmilər nəticəsində ağır yaralanaraq həlak olublar. Onların heç biri kəndi tərk etməmişdi. Biz Ermənistan ordusunun mülki əhalini ağır artilleriyadan atəşə tutacağını gözləmirdik. Bizim artıq səbrimiz tükənib. Daha nə qədər belə yaşamaq olar? Belə də atəşkəs olar? Biz torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyirik”.
Media təmsilçiləri Ağdam Mərkəzi Rayon Xəstəxanasında müalicə olunan yaralılarla da görüşüblər. Jurnalistlərə məlumat verilib ki, hazırda xəstəxanada üç sakin müalicə olunur. Xəsarət alan digər sakinlər isə ambulator nəzarət altındadır.
Yaralı Şəbnəm Qaraşova kəndin qəfildən atəşə məruz qaldığını bildirərək deyib: “Şiddətli artilleriya atəşi qəfil başladığı üçün təhlükəsiz əraziyə getməyə imkan tapa bilmədik. Avtomobilə minib uzaqlaşmağa çalışdıq. Lakin həmin vaxt avtomobili vurdular və mən bir neçə metr məsafədəki arxa düşdüm. Mərminin partlaması nəticəsində ayağımdan yaralandım”.
Çəmənli kəndinin digər sakini, yaralı Arif Məmmədov əvvəllər belə şiddətli artilleriya atəşinə məruz qalmadıqlarını bildirib. O da mərminin partlaması nəticəsində ayağından qəlpə yarası aldığını qeyd edib.
Jurnalistlər sonra Sarıcalı kəndində tam orta məktəbin düşmənin artilleriya atəşləri nəticəsində ziyan dəymiş binasına baxıblar. Məktəbin direktoru Aybəniz Məhərrəmova aprelin 2-də Ermənistan silahlı qüvvələri bölmələrinin şiddətli artilleriya atəşi nəticəsində binaya ciddi ziyan dəydiyini bildirib. Qeyd edib ki, mərmilər şənbə günü günortadan sonra binaya düşdüyündən müəllim və şagirdlərdən xəsarət alan olmayıb. Məktəbin binasının dam örtüyü tamamilə sıradan çıxıb, dörd sinif otağı yararsız hala düşüb. Hazırda məktəbdə təmir-bərpa işləri aparılır.
Sonra media nümayəndələri Mahrızlı kəndində vətəndaşa məxsus dağılmış evə baxış keçiriblər. Kənd sakini Şahmalı Qəhrəmanov bildirib ki, aprelin 27-dən 28-nə keçən gecə düşmənin artilleriya atəşləri nəticəsində kəndin ərazisinə təxminən 100-ə yaxın mərmi düşüb. Kənddə 29 evə ziyan dəyib, 3 ev tamamilə dağılıb. Ayın 1-5-də isə 57 evə ziyan dəymişdi. Ş.Qəhrəmanov vəziyyətlə əlaqədar kənd sakinlərinin təsərrüfat işləri görə bilmədiyini də qeyd edib.
Rayonun Qaradağlı kəndinə gələn KİV nümayəndələri ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində Elməddin Həsənovun dağılan evinə baş çəkiblər. Mərminin evə düşdüyü vaxt qonşuda olduğunu deyən E.Həsənov jurnalistlərə bildirib: “Qəfildən eşidilən güclü partlayış səsindən qorxduq. Bayıra çıxanda gördük ki, evimiz artıq dağılıb. Şükür ki, mərmi düşən zaman evdə olmamışıq”.
Jurnalistlər Qaradağlı kəndində Sabir Haqverdiyevin dağılmış evinə və Habil Muradovun həyətyanı sahəsinə də baxıblar.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı media təmsilçilərinə müsahibəsində deyib: Son üç gecə ərzində Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən təmas xəttinə yaxın yaşayış məntəqələrini mütəmadi olaraq atəşə tutub. Atəş əsasən minaatanlardan, haubitsalardan, “BM-21” tipli yaylım atəşi sistemlərindən həyata keçirilib. Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən verilən tapşırığa əsasən, ön xətdə yerləşən hərbi qüvvələrimiz düşmənin bütün atəş nöqtələrinin susdurulması üçün qətiyyətli cavab tədbirləri görür. Bu tədbirlər mütəmadi olaraq həyata keçiriləcək və düşmənin ön xətdə olan bütün atəş nöqtələri məhv ediləcək”.
Rayonun Evoğlu kəndində düşmən atəşi nəticəsində zərər çəkmiş evlərə də baxış keçirdikdən sonra media nümayəndələri Əfətli kəndindəki dağıntılarla və “Qara inək” fermer təsərrüfatına dəymiş ziyanla maraqlanıblar.
Fermer təsərrüfatının rəhbəri Fuad Əyyubzadə aprelin 27-dən 28-nə keçən gecə ağır artilleriya atəşləri nəticəsində müəssisəyə ciddi ziyan dəydiyini deyib. Bildirib ki, təsərrüfatın ərazisinə çoxlu sayda mərminin düşməsi cins inəklərdən 12-sinin tələf olması, 25 baş iribuynuzlunun yaralanması ilə nəticələnib. Fermadakı sağım avadanlığına və tikililərə də ziddi ziyan dəyib.
Məlumat verilib ki, ümumiyyətlə Əfətli kəndinə 60-dək mərmi düşüb. Kənddə üç ev dağılıb, 20 ev ciddi zərər çəkib, bir mülki şəxs yaralanıb. Həmin sakin hazırda Ağdam Mərkəzi Rayon Xəstəxanasında müalicə olunur.
Yerli və xarici KİV-lərin təmsilçiləri daha sonra Ermənistan silahlı birləşmələrinin artilleriya atəşləri nəticəsində Ağcabədi rayonunun Qaraxanlı kəndində yanan evə baxış keçiriblər. Ev sahibi Ələkbər Ələkbərov deyib ki, düşmənin atdığı mərmi evə aprelin 27-də saat 23-24 radələrində düşüb. O bildirib: “Ermənilər atəşə başlayanda biz dərhal evi tərk etdik. On beş dəqiqə sonra mərminin partlaması nəticəsində evimiz tamamilə dağıldı. Əgər bir az gec çıxsaydıq, hamımız həlak olacaqdıq”.
Kənd sakinləri media nümayəndələrindən haqq səslərinin dünya ictimaiyyətinə çatdırılmasını xahiş ediblər. Artıq 23 ildən çoxdur bu şəraitdə yaşadıqlarını deyən sakinlər müharibənin tezliklə başa çatmasını, işğal altındakı torpaqlarımızın azad olunmasını tələb ediblər.
Jurnalistlərə müsahibəsində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib ki, Ermənistan silahlı birləşmələrinin aprelin 27-dən 28-nə keçən gecə artilleriya atəşi zamanı rayonunun Qaraxanlı, Boyat, Hacılar, Yuxarı Qiyaməddinli və Mirzəhaqverdili kəndlərinə 100-ə yaxın mərmi düşüb. Təkcə Qaraxanlı kəndinə 50 mərmi atılıb. Kənddəki evlərdən biri tamamilə yanıb, 2 evin dam örtüyünə, 30-a yaxın evə, yardımçı binalara, orta məktəbin binasına, əhalinin mülkiyyətinə və təsərrüfatına ciddi ziyan dəyib.
Xarici İşlər Nazirliyini mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, xarici jurnalistlərin cəbhəboyu zonaya səfəri qoşunların təmas xəttinə yaxın kəndlərdə yaşayan mülki əhaliyə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən vəhşiliklərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə təşkil olunub. O, belə səfərlərin mütəmadi qaydada təşkil olunacağını qeyd edib.