Aleksey Qriqoryeviç Staxanov şaxtaçı idi və 1935-ci ildə 2 nəfərlə birlikdə bir növbə ərzində normadan 14 dəfə artıq kömür çıxarmışdı.Yəni 7 ton əvəzinə 102 ton. Və bununla da məşhur Staxanov hərəkatı əmələ gəlmişdi. Öz sıralarında saysız-hesabsız zərbəçi zəhmətkeşləri– staxanovçuları birləşdirən hərəkat.
İndi 2013-cü ildir. Ömrünün son aylarını narkoloji dispanserdə keçirmiş və uzaq 1977-ci ildə deyəsən elə oradaca ölmüş Staxanov çoxdan unudulub. Hərəkat da həmçinin. Amma, Staxanovun ənənələri yaşayır. Özü də Azərbaycanda. Bəli, bəli, Azərbaycanda. Nə qədər təəccüblü olsa da, bu belədir. Və bu ənənələri yaşadan insan respublikamızın saysız-hesabsız kəndlərindən birinin sakinidir.
İlin-günün bu vaxtında gözdən-könüldən uzaq ucqar bir kənddə insanlar nə ilə məşğuldur?
İlk növbədə təsərrüfatla.
“Santa-Barbara” serialını xatırladan uzun-uzadı söhbətlərdə müstəqilliyimizin nailiyyətləri ilə bədnam sovet dövrünün eybəcərlikləri arasındakı təzadları müzakirə etməklə.
Bakıda və ucu-bucağı bilinməyən “Rusiyyət”də yaşayan, sovet dövrünü xatırlamayan oğul-uşaqla əlaqə saxlamaqla.
Və əlbəttəki, bir-birini əvəz edən xeyir-şər məclislərində iştirak etməklə.
Bax, mərhum Staxanovun ölmək bilməyən ənənələrini yaşadan insan məhz sözü gedən məclislərdə meydana çıxır.
Bəli, əziz dostlar, zəmanəmizin Staxanovu ucqar kəndin xeyir-şər məclislərinin moderatorluğunu inhisara ala bilib. O həm hüzr mərasimlərini molla qismində yola verməyi, həm də toyları aparmağı bacarır. İşidə çoxdur. Təcrübə göstərir ki, yaşlı nəslin nümayəndələri dünyalarını dəyişməyə, cavanlar da toy çaldırmağa meyilli olurlar…
Fitri istedad bax belə olur. Həm molla, həm də xanəndə olmaq hər adamın işi deyil.
Yeri gəlməsə də, istəyirəm biləsiniz ki, Staxanovun əsl adı Andrey olub. Onun normadan artıq kömür çıxarması haqqında “Pravda” qəzetinin məqaləsində şaxtadan gəlmiş teleqrama istinad edilibmiş. Teleqramda isə şaxtaçının adı və soyadı “A.Staxanov” olaraq göstərilibmiş. Jurnalistlər qərara alıblar ki, yoldaş Staxanovun adı olsa-olsa Aleksey ola bilər. Məqalədə elə bu formada da yazıblar. Staxanovun əsl adının Andrey olduğu bilindikdə, yoldaş Stalin deyib: ““Pravda” qəzeti səhv edə bilməz.” Beləliklədə, Staxanovun adı olub Aleksey. O da gedib tələm-tələsik təzə pasport almalı olub.
“Vsyo”!
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 72-73)