Əhalisi soyqırımı və deportasiyalara məruz qalmış tarixi Azərbaycan ərazilərindən biri də qədim Zəngəzur torpağıdır.
XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının Rusiya imperiyası və Qacarlar dövləti arasında bölüşdürülməsi ilə Zəngəzurun yerli əhalisi olan azərbaycanlıların həyatında faciə və müsibətlərin əsası qoyuldu. Çar Rusiyasının Cənubi Qafqazda həyata keçirdiyi müstəmləkə siyasətinin mühüm formalarından biri olan köçürülmə siyasəti regionun demoqrafik vəziyyətində ciddi dəyişikliklərə gətirib çıxarmış, erməni əhalinin Azərbaycanın digər bölgələrinə olduğu kimi, Zəngəzurda da kütləvi yerləşdirilməsi və əksinə, yerli azərbaycanlıların sıxışdırılması nəticəsində ermənilər bölgənin milli tərkibində tədricən üstünlük qazanmağa başlamışdılar. Zəngəzurda da İrandan və Türkiyədən köçürülən ermənilər əsasən azərbaycanlılar yaşayan kəndlərdə məskunlaşdırılmış, bununla da bölgənin türksüzləşdirilməsi prosesinin əsası qoyulmuşdu. Ermənilərin bölgədə kütləvi məskunlaşdırılmasından sonra onun tarixən türk mənşəli coğrafi toponimləri də erməniləşdirilməyə məruz qalmış, əksər Azərbaycan-türk yer və kənd adları süni surətdə erməni toponimləri ilə əvəz olunmuşdu.
1905-1906-cı illərdə Zəngəzurda müsəlman əhaliyə qarşı törədilmiş qanunsuzluqlardan sonra bir çox kəndlərin müsəlman əhalisi qaçqın düşsə də, onların əksəriyyəti bir müddətdən sonra doğma yurdlarına geri qayıtmış, öz həyatlarını yenidən qurmağa müvəffəq olmuşdular. 1917-1920-ci illərdə Zəngəzurun türk əhalisi ikinci dəfə soyqırımı və deportasiya ilə üzləşmişdi. Lakin 1906-cı ildən fərqli olaraq, bu dəfə onların əksəriyyətinə öz doğma yerlərinə qayıtmaq müyəssər olmamışdı.
1917-ci ilə aid statistik məlumatlara görə, Zəngəzur qəzasında azərbaycanlılar 123085 (və ya 99073), yəni 55 faiz, ermənilər isə 99257 (və ya 82976), yəni 44,3 faiz təşkil edirdi (Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər). Bakı, 1997).
Rusiyada 1917-ci ilin fevral inqilabından sonra bölgədə yaranmış ziddiyyətli vəziyyətdən, Birinci Dünya müharibəsinin yaratdığı mürəkkəb şəraitdən istifadə edərək ermənilər qonşu xalqların hesabına milli dövlət yaratmaq iddialarını gerçəkləşdirməyə başladılar. Bu ideyanın həyata keçirilməsi üçün isə yeganə yol həmin ərazilərdə yaşayan yerli əhalinin məhv edilməsi idi. Bu məqsədlə kütləvi terror və zorakılıqlardan istifadə edən erməni şovinistləri təkcə 1917-ci ildə Zəngəzur qəzasında 109 kəndi dağıtmışdılar (Azərbaycan Respublikasının Dövlət Arxivi (ARDA), f.970, s.1, iş 253, v.11, 18-19). Əgər 1918-ci ilin mayına qədər azərbaycanlı əhaliyə qarşı kütləvi talanlar və vəhşiliklər Birinci Dünya müharibəsində iştirak etmiş erməni hərbi hissələri və yerli ermənilərin quldur dəstələri tərəfindən həyata keçirilirdisə, Ararat Respublikasının yaranmasından sonra türk-müsəlman əhalinin soyqırımı rəsmi İrəvanın dövlət siyasətinə çevrildi və bu işdə dövlətin nizami silahlı qüvvələrindən fəal istifadə olunmağa başlandı.
Zəngəzurda 1918-ci ildə türk-müsəlman əhalinin soyqırımı quldur Andronikin bölgəyə gəlməsi ilə pik nöqtəyə çatdı. Cənubi Azərbaycanda, Naxçıvanda və Ordubadda kütləvi qırğınların bilavasitə təşkilatçısı olan bu quldurun dəstələri öz məkrli əməllərini bu dəfə Zəngəzurda, silahsız Azərbaycan kəndlilərinə qarşı davam etdirməyə başladı. 1918-ci il sentyabrın əvvəllərində Zəngəzurun hüdudlarına soxulan erməni quldur dəstələri dinc müsəlman əhaliyə qarşı amansız tədbirlər həyata keçirməyə başladı. Andronikin vəhşilikləri haqqında Azərbaycan Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının (FTK) sənədlərində, yerli hakimiyyət nümayəndələrinin, ictimai xadimlərin teleqram və məktublarında, dövri mətbuat səhifələrində, eləcə də çoxsaylı şahid ifadələrində kifayət qədər faktlar və materiallar mövcuddur. FTK-nın topladığı 36 cildlik istintaq materiallarının (3500 səhifəlik) 2 cildi (təqribən 80 səhifəlik) Zəngəzur qəzasındakı hadisələri özündə ehtiva edir. Zəngəzur qəza rəisi M.Namazəliyevin məlumatına görə, Andronikin başçılığı ilə erməni quldurları Urud, Darabas, Ağadu, Vağudi, Arıqlı, Şukər, Məlikli, Pulkənd, Şəki, Qızılcıq, Qarakilsənin müsəlman hissəsini, İrmis, Pəhlili, Kürdlər, Xotanan, Sisyan, Zabazadur müsəlman kəndlərini dağıdaraq 500 nəfər insanı qətlə yetirmişdi (ARDA, f.894, s.4, iş 19, v.129). M.Namazəliyevin 30 oktyabr 1918-ci il tarixli raportundan isə bəlli olur ki, 1917-ci ilin dekabr – 1918-ci ilin avqustu arasındakı müddətdə təkcə Zəngəzur qəzasının I sahəsində 16 kənd dağıdılmış, 708 nəfər məhv edilmiş, 47 mln. 390 min rubl məbləğində maddi ziyan vurulmuşdu (“Azerbaydjan”, 1918, 13 noyabr).
FTK üzvü N.Mixaylov 1918-ci il ərzində Zəngəzur qəzasında törədilmiş vəhşiliklərin təhqiqatı əsasında hazırladığı məruzədə (Bax: Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı. Sənədlər toplusu. 3 cilddə, II cild, I kitab. Gəncə quberniyasında soyqırımı. 1917-1920-ci illər, Bakı, Tarix İnstitutunun nəşri, 2011) azərbaycanlı əhalinin soyqırımına məruz qalmasını konkret faktlarla əsaslandırmışdır. Məruzədə qeyd edildiyi kimi, Zəngəzur qəzasında ermənilərin müsəlmanlar üzərində fasiləsiz zorakılıqlar həyata keçirmələri baxımından daha ağır şərait mövcud idi. Yüksək dağlıq ərazidə yerləşməsindən və qonşu Şuşa və Cəbrayıl qəzaları ilə əlaqələrinin pozulmasından, eləcə də müsəlman kəndlərinin pərakəndə halda, erməni kəndlərinin əhatəsində yerləşməsindən istifadə edən ermənilər bölgədə daha əlverişli vəziyyətdə idilər. Azərbaycanın digər bölgələri ilə müqayisədə qəza müsəlmanlarının vəziyyəti həm də onunla pisləşmişdi ki, yaxşı silahlanmış erməni kəndliləri ilə yanaşı, qəzada general Andronikin rəhbərliyi altında mütəşəkkil hərbi hissə də var idi. Quldur Andronik əlində çoxsaylı silahlı qüvvə cəmləşdirərək Zəngəzur ərazisinə soxulmuş və Ermənistan Respublikasının göstərişinə uyğun olaraq müsəlman əhalidən ermənilərin hakimiyyətinə tabe olmayacağı təqdirdə qəzadan çıxmağı tələb etmişdi. Andronikin əsas məqsədi bununla Zəngəzuru Ermənistan Respublikasının tərkibinə qatmaqdan ibarət idi. Onlara tabe olmaqdan imtina edən müsəlmanlara qarşı ermənilər görünməmiş vəhşiliklər törədir, qətllərlə kifayətlənməyərək kəndləri yandırır və dağıdır, əmlaklarını, mal-qarasını aparır, torpaqlarını ələ keçirirdilər. Sisyan mahalının I polis sahəsinin bütün müsəlman kəndləri, II sahənin kəndlərinin əksər hissəsi, III, IV, V sahələrin mühüm hissələri tamamilə məhv edilmişdi. Bəzi kəndlər tamamilə yerlə yeksan olunmuş, əkin sahələri ermənilərə verilmişdi. 50000 nəfərdən çox müsəlman öz yurdundan qaçqın düşərək 4-cü sahədə və qonşu Cəbrayıl qəzasında yerləşmişdi. Məruzədə dağıdılmış və məhv edilmiş 115 kəndin adı göstərilmişdi. Kəndlərdə 10068 nəfər müsəlman öldürülmüş və ya yaralanmışdı. Daha dəqiq desək, onların 7729-u (3257 kişi, 2276 qadın, 2196 uşaq) qətlə yetirilmiş, 2339 nəfəri isə (müvafiq olaraq 1060 kişi, 794 qadın və 485 uşaq) yaralanmışdı. Lakin bu rəqəmlər də faciəvi vəziyyəti tam əks etdirmir, reallıqda erməni vəhşiliklərinin sayı daha çox idi, çünki müsəlmanlar qəzadan qaçqın düşdüklərindən qurbanların sayını dəqiq müəyyənləşdirmək mümkün olmamışdı.
N.Mixaylovun məruzəsində və FTK-nın materiallarında erməni vandalizmi şahid ifadələri ilə konkret faktlarla öz təsdiqini tapmışdı. Vağudi (Vaqədi) kəndinin 15 ən gözəl qızı erməni əsgərlərinə paylanmış, onlar bu şərəfsizliyə dözməyərək özlərini öldürmüşdülər. Yenə həmin kənddə 400 müsəlman kəndə hücum zamanı məscidə sığınmış, ermənilər məscidin qapısını kəsərək, əvvəlcə içəriyə əl qumbaraları atmış, sonra isə məscidi insanlarla birgə yandırmışlar. Kəndin digər sakini Yolçu Şıxhüseyn oğlunu öldürüb, cinsiyyət orqanını kəsmiş və ağzına soxmuşdular. Nüvədi kəndində ermənilər yüz yaşlı yataq xəstəsini süngüləyərək öldürmüş, uşaq və qadınların başlarını kəsmişdilər.
Ermənilər insanlığa sığmayan bu vəhşilikləri Zəngəzurun Şəki, İrmişli, Ağudi, Çullu, Bağırbəyli, Müsəlmanlar, Qatar, Vərtənəzur, Rəhman-Əfəndi kəndlərinin günahsız sakinlərinə qarşı da törətmişdilər. Bütovlükdə N.Mixaylovun məruzəsində şahid ifadələrinə əsaslanan 20 belə qəddarlıq halı öz əksini tapmışdı. Lakin erməni vəhşiliklərinin sayı o qədər çox idi ki, onların hamısını bir məruzədə əks etdirmək mümkün olmamışdı. Bu cür cinayətlər qəzanın hər bir dağıdılmış kəndində baş vermişdi.
Zəngəzur qəzasında 1918-ci ilin sonunda Andronikin qana susamış əsgərləri və yerli ermənilərin quldur dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər haqqında Azərbaycan Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində tükürpədici faktlar toplanmışdır. Ağkəndə girən ermənilər evləri yandıraraq külə döndərmiş, qaçan sakinlərə çataraq 65-ni öldürmüş, 4-nü yaralamışdılar (ARDA, f.1061, s.1, iş 72, v.5). Ermənilər 1918-ci ilin iyununda Vağudi kəndini də dağıtmış, qadınlara təcavüz etmiş, sakinlərin bütün əmlakını, mal-qarasını oğurlamış, 250 kişi, 100 qadın, 100 uşaq öldürmüş, 20 kişi, 10 qadın, 9 uşaq yaralamış, 90 ev və tikili yandırılmış, 60-ı dağıdılmışdı (ARDA, f.1061, s.1, iş 74, v.5). Erməni quldurların 1918-ci ilin payızında Birinci və İkinci Vartanəzir kəndlərinə hücumu zamanı 384 sakin öldürülmüş, 30-u yaralanmışdı (ARDA, f.1061, s.1, iş 50, v.5-6). Erməni cəlladları ən qəddar vəhşiliyi qəzanın ən böyük türk kəndlərindən olan 380 tüstülük Şəkidə həyata keçirmiş, kəndin 140 kişisi, 160 qadını, 200 uşağı (cəmi 500) qətl edilmiş, 80 kişi, 56 qadın, 10 uşaq isə yaralanmışdı (Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı. Sənədlər toplusu. 3 cilddə, II cild, I kitab).
Məlum hadisələrin təsiri altında Zəngəzurdan qaçqın düşmüş 50 min nəfər azərbaycanlı Azərbaycanın Cəbrayıl, Şuşa, Cavanşir qəzalarında sığınacaq tapmışdı. Azərbaycan Himayəçilik Nazirliyi tərəfindən Klenevskinin rəhbərliyi altında yaradılmış komissiya yerlərdə qaçqınların vəziyyətini araşdıraraq geniş məruzə hazırlamışdı. Qeyd etmək lazımdır ki, komissiya üzvləri buna qədər qaçqınların məskunlaşdığı digər bölgələrdə də olmuşdular. Lakin onları Zəngəzur qaçqınlarının vəziyyəti dəhşətə gətirmişdi. Klinevski qaçqınların vəziyyətini belə xarakterizə edirdi: “Zəngəzurlu qaçqının xarici görkəmi ən sərt, mərhəmətdən uzaq ürəkləri belə titrədə bilər. Qaçqınların arıq, soyulmuş, soyuqdan titrəyən, cır-cındıra bürünmüş bədənləri, iltihablı, malyariyadan saralmış gözləri insanda yaddaşdan silinməz təəssürat yaradır. Qaçqın uşaqları və yetimləri daha yazıq, qorxulu təsir bağışlayırlar”. Klinevski göstərirdi ki, o, ilk günlərdən Qafqaz cəbhəsinin qaçqınlar təşkilatlarında işləmiş, Türkiyə və Qafqazda minlərlə qaçqın görmüşdür. Onlar da ona çox ağır təsir bağışlamışlar. Lakin Zəngəzur dəhşətləri həmin qaçqınları belə kölgədə qoyur. Müəllif hər yerdə və hamıya müsəlman qaçqınların miskin vəziyyəti haqqında haray salmağa çağırır və bildirirdi: “Çoxları bilmir ki, müsəlmanlar arasında da qaçqın vardır, əgər kömək göstərilməsə, onları birbaşa ölüm gözləyir” (ARDA, f.84, s.4, iş 24, v.20-24). Qaçqınlar arasında ölüm halları o qədər çox idi ki, sağ qalan sakinlər onları basdırmağa macal tapmadıqlarından meyitləri günlərlə açıq havada qalmışdı. Erməni quldurların əsl məqsədlərini həmin qəzaların sakinləri də yaxşı başa düşürdülər. Məsələn, Ordubad Milli Komitəsinin sədri Mirhidayət Seyidzadə hələ 1918-ci ilin dekabrında Azərbaycan hökumətinə göndərdiyi məlumatında yazırdı ki, “ermənilər öz qarşılarına Zəngəzur, Şərur, Naxçıvan və Ordubad qəzalarının bütün müsəlman əhalisini qırmaq, bu qəzaları müsəlmanlardan təmizləmək, bununla da xalqların gələcək konfransında (Paris konfransı nəzərdə tutulur – K.İ.) bu yerlərə öz hüquqlarını sübut etmək məqsədini qoymuşlar. Çünki bütün xalqlar müsəlmanlardan təmizlənmiş qəzaların ermənilərə aid olduğunu qəbul edəcəklər. Bu səbəbdən ermənilər bizim minlərlə sakinimizi qırır, qanımız su kimi axır, namusumuz erməni ayaqları altında tapdanır. Hara baxırsan, hər yanda müsəlman qaçqınları görürsən, qadın və qızların ağlamasını eşidirsən… Beləliklə, ümumi sülh bağlanana qədər oradan bütün əhali çıxarılaraq və sülh konfransında etnoqrafik cəhətdən sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı məsələ müzakirə edilərkən biz, təbii olaraq, bu yerlərlə əbədi olaraq vidalaşmalı olacağıq” (Azərbaycan Elmlər Akademiyasının xəbərləri. Tarix, hüquq, fəlsəfə seriyası, 1989, № 2).
1919-cu ilin ilk günlərindən ermənilərin hərəkətləri daha həyasız şəkil almağa başladı. Daşnak hökuməti Zəngəzura yeni nizami qüvvələr göndərərək, burada ümumi səfərbərlik həyata keçirməyə, eləcə də Türkiyədən Ararat Respublikasına gəlmiş erməni qaçqınları qəzaya istiqamətləndirməyə başladı (“Azerbaydjan”, 1919, 24 yanvar).
1919-cu il noyabrın 19-da erməni komissar Hamazasp 40 süvari və 200 əsgərlə Oxçu kəndinə gələrək onu mühasirəyə almışdı. Kənd əhalisi onları duz-çörəklə qarşılamış, yemək vermişdi. Hamazasp çörəyə əl basaraq, müsəlmanların Ermənistan hökumətinə sədaqətlə xidmət edəcəklərinə and içəcəkləri təqdirdə ermənilərin onlara yaxşı münasibət göstərəcəklərinə söz vermişdi. Nahardan sonra məscidə ibadətə getmək üçün meydana toplaşan bütün kişilərə qəflətən hücum edən erməni quldurlar onların əksəriyyətini qətlə yetirmiş, sağ qalmış və yaralanmış bədbəxt müsəlmanları süngülərlə dəlik-deşik etmişdilər. Sonra isə vəhşilər bütün uşaqları və qadınları bir yerə yığıb, onların başına, sənəddə göstərildiyi kimi, “hətta vəhşi xalqların tarixində belə görünməmiş” müsibətlər gətirmişdilər”. Pakizə (sənəddə Pakizər kimi gedir – K.İ.) adlı qadın ürək sarsıdan vəhşiliklərin təsiri altında əsəb sarsıntısı keçirmiş, tapança və qılıncla gözəl qadınları kəsib öldürməyə başlamışdı ki, onlar erməni vəhşilərinin əlinə keçməsin. Şəhrəbanu adlı qadın isə erməni əsgərlərin təndirə atdıqları uşaqlarını xilas etmək üçün özünü təndirə atmış və onlarla birgə diri-diri yanmışdı. Bütün bunların şahidi olmuş Allahverdi adlı birisinə ermənilər bu dəhşətli mənzərəni göstərib bilərəkdən onu sağ buraxmışdılar ki, o, müsəlman kəndlərinə gedib erməni hakimiyyətini tanımayan müsəlmanlara onları da belə tale gözlədiyini söyləsin. Beləliklə, Oxçu kəndinin böyükdən kiçiyə 1400 sakini qılıncdan keçirildi. Yalnız 12-13 nəfər kəndi əvvəlcədən tərk etdiklərinə görə labüd qətliamdan xilas olmuşdu. Ermənilər Pirdavdan, Şabadin və Atqız kəndlərinin əhalisini də kütləvi şəkildə qıraraq, bu kəndləri yandırdılar. Şabadindən yalnız 8 kişi və 7 qadın xilas olmuşdu. Atqız kəndinin əhalisi erməni hücumlarından xəbər tutaraq qaçmağa nail olsa da, Ordubada çatanadək 167 uşaq və qadın yolda soyuqdan həlak olmuşdu. Oxçu, Şabadin, Pirdavdan və Atqız kəndlərinin 4000 nəfərlik əhalisindən yalnız 262-sı sağ qalmış və onlar Ordubada pənah gətirmişdilər. Oxçudərəsi kəndlərini viran qoymuş ermənilər Gığı dərəsində yerləşən kəndlərə (Şəhərcik, Buğacıq, Mollalı, Sofulu) də divan tutmuşdular.
Oxçu kəndlərinin müsəlman əhalisinə qarşı törədilmiş bu cinayətlər başqa sənədlərlə də təsdiq olunur. Azərbaycan xarici işlər naziri F.X.Xoyskinin Ermənistan XİN-ə göndərdiyi 10 dekabr 1919-cu il tarixli teleqramında göstərilirdi ki, Oxçu rayonunun kəndlərinin silah tutmağı bacaran kişiləri sülh yaratmaq bəhanəsi ilə karvansaraya dəvət edilmiş, onların hamısı əvvəlcədən yerləşdirilmiş dinamitlərlə partladılaraq öldürülmüşdür. Qocalar, uşaqlar və qadınlar isə məsciddə doğranmışdılar (Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı. Sənədlər toplusu. 3 cilddə, II cild, I kitab). 1920-ci il yanvarın 3-də ermənilər Qərçivan kəndində yaşayan azərbaycanlılara qarşı növbəti vəhşilik törətdilər. Cəlladlar kəndin bütün əhalisini bir yerə yığaraq, uşaq və qadınlara belə rəhm etmədən qılıncdan keçirmişdilər (ARDA, f.970, s.1, iş 113). 1919-cu il 23 noyabr sazişinə uyğun olaraq Azərbaycan öz qoşunlarını Zəngəzurdan geri çəksə də, erməni tərəfi nəinki bunu etməmiş, əksinə, bölgəyə yeni hissələr göndərmişdi. Nəticədə həmin vaxtdan keçən müddət ərzində qəzanın daha 40 kəndi talan edilmiş, sakinləri öldürülmüşdü. Göstərilən faktlar Azərbaycan XİN-in 7 yanvar 1919-cu il tarixli teleqramında müttəfiqlərin ali komissarı Haskelin diqqətinə də çatdırılmış və erməni qoşunlarının geri çağırılması, yerli erməni bandalarının tərksilah edilməsi üçün ondan bölgəyə Amerika zabitlərindən ibarət komissiya göndərilməsini tezləşdirmək tələb edilmişdi. 1920-ci il yanvarın 19-da erməni nizami hissələri artilleriyadan və ağır silahlardan istifadə edərək Zəngəzurun daha 15 kəndini yerlə yeksan etdilər. 1920-ci il yanvarın üçüncü ongünlüyü bölgədə azərbaycanlılara qarşı daha amansız hərəkətlər və zorakılıqlarla fərqləndi. Qaladərəsindən Xocahanadək geniş ərazidə Azərbaycan kəndlərinə hücum edərək nisbi üstünlük qazandılar. Zəngəzurda fəaliyyət göstərən erməni silahlı dəstələri Qarabağa doğru irəliləyib buradakı erməni dəstələri ilə birləşərək Şuşa qəzasını da ələ keçirmək, Naxçıvanla Ordubadı mühasirəyə almaq istəyirdilər. Şuşa istiqamətində onlar bütün Azərbaycan kəndlərini məhv etməyi planlaşdırırdılar. Yanvarın 19-da erməni nizami qüvvələri artilleriyanın köməyi ilə hücuma keçərək Əliquluuşağı, Eyvazlı, Şurnuxa, Seltas, Məzrə, Şahverdilər, Novlu, Tarovlu, Əyin kəndlərini darmadağın etdilər (ARDA, f.970, s.1, iş 113, v.11, 22).
1920-ci ilin mart ayında – Novruz bayramı günlərində ermənilər yaxşı düşünülmüş plan əsasında müxtəlif cəbhələrdə – Böyük Vedidə, Naxçıvanda, Ordubadda, Qarabağda və Zəngəzurda genişmiqyaslı hərbi əməliyyatlara başladılar. Qarabağda qiyamçı qüvvələrlə əməliyyatlar aparan Azərbaycan ordusunun diqqətini yayındırmaq üçün Zəngəzura İrəvandan əlavə qüvvələr gətirildi və bir sıra Azərbaycan kəndləri ələ keçirildi. Azərbaycan qoşunlarının və könüllü dəstələrinin fədakarlığı sayəsində bəzi yaşayış məntəqələri azad edilsə də, canlı qüvvə və hərbi texnika baxımından üstün vəziyyətdə olan ermənilər 1920-ci il martın sonu – aprelin əvvəllərində bölgədə yenidən hərbi təşəbbüsü ələ alaraq bir çox müsəlman kəndlərinə divan tutmuş, əhalisini qovub çıxarmışdılar.
Azərbaycan Cümhuriyyətinin süqutundan sonra da Zəngəzurda hərbi-siyasi vəziyyət mürəkkəb olaraq qalırdı. Dronun və Njdenin burada yuva salmış quldur dəstələri azərbaycanlı əhalini terror etməkdə davam edirdi. 1920-ci il iyulun sonlarında XI Qırmızı ordu hissələri tərəfindən Zəngəzur ələ keçirildikdən sonra vəziyyət bir müddət sabitləşsə də, bolşevik qoşun hissələrinin Naxçıvana hərəkət etməsindən istifadə edən Dro və Njdenin dəstələri yenidən Zəngəzura soxuldular və Bazarçayı, Sisyan, Əngəlidi və Gorusu tutdular. Bütün bunlar Zəngəzur müsəlmanlarının vəziyyətinin yenidən pisləşməsinə, yeni qaçqınlar dəstəsinin yaranmasına gətirib çıxardı. Qəzanın xüsusən III və IV sahələrində daha ağır vəziyyət yaranmışdı. Qaçqınlar arasında xəstəlik və aclıq hökm sürürdü. Yalnız 1920-ci il avqustun əvvəllərində sovet hissələrinin keçirdiyi əməliyyatlar nəticəsində erməni qoşunlarına ciddi zərbələr vuruldu. 1920-ci ilin avqust-noyabr ayları ərzində qəzanın müxtəlif yerlərində məhəlli döyüşlər başladı. Xüsusən Mehri və Qafan rayonlarını əlində saxlayan Njdenin dəstələri azərbaycanlılar üçün yenə də təhlükə mənbəyi olaraq qalırdı.
Ermənistanın sovetləşməsindən sonra Zəngəzurda milli toqquşmalar müəyyən qədər səngisə də, bolşevik Rusiyasının təzyiqi altında bu əzəli Azərbaycan torpağının Ermənistana verilməsi istiqamətində atılmış addımlar 4505 kvadratkilometrlik bir ərazinin həmişəlik itirilməsi ilə nəticələndi. Qəzanın sovetləşməsi və Ermənistanın tərkibinə daxil edilməsi burada yaşayan azərbaycanlı əhaliyə qarşı ayrı-seçkilik siyasətinin yeni forma və məzmunda davam etməsinə şərait yaratdı. Ermənistan SSR rəhbərliyi tərəfindən müxtəlif bəhanələrlə azərbaycanlı qaçqınların öz doğma yerlərinə qayıtmalarına nəinki imkan verilmədi, əksinə, qəzada sayları xeyli azalmış azərbaycanlıların sıxışdırılmasına başlandı. Zəngəzurda yerli azərbaycanlıların zorla öz evlərindən qovulması və onların yerinə gəlmə ermənilərin yerləşdirilməsi ilə bağlı narahatlıq hətta II Azərbaycan Sovetlər qurultayında belə ifadə olunmuşdu. Vaxtilə Zəngəzurdan qovulmuş 50 mindən çox azərbaycanlı qaçqının yalnız 5 mini öz vətəninə dönməyə nail olmuşdu. 1917-ci ildə Zəngəzur qəzasında 123085 nəfər təşkil edən azərbaycanlıların 1926-cı il siyahıyaalınma göstəricilərinə görə sayı heç 5 minə belə çatmamışdı. Zəngəzurun əksər hissəsini ələ keçirməklə kifayətlənməyən ermənilər bölgənin Azərbaycan SSR-də qalmış cüzi hissəsinə (Cəbrayıl, Qubadlı, Zəngilan qəzalarının ərazilərinə) də iddialar irəli sürmüş, müəyyən dərəcədə buna nail də olmuşdular. Belə ki, erməni məkrinin təsiri altında yeni inzibati vahidlik – Mehri rayonunun yaradılması adı altında Zəngilan rayonunun üç kəndi – Nüvədi, Ərnəzir və Tuğut Ermənistana verilmişdi.
1988-ci ildə ermənilərin “Qarabağ” fitnəkarlığı həm də Ermənistan SSR-də yaşayan azərbaycanlıların öldürülməsi və kütləvi deportasiyası ilə müşayiət olundu. Ermənistan SSR-dən ilk qaçqın dalğası 1987-ci il fevral ayının sonu – martın əvvəllərində məhz Zəngəzurdan başladı. Həmin il ərzində Zəngəzurun, demək olar ki, bütün azərbaycanlı əhalisi öz doğma yurdlarından deportasiya olundu. 1991-ci ilin avqustunda Zəngəzurun azərbaycanlılar yaşayan sonuncu – Mehri rayonunun Nüvədi kəndinin əhalisinin qovulması ilə Zəngəzur bölgəsinin “türksüzləşdirilməsi” prosesi başa çatdırıldı.
Kamran İSMAYILOV,
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru
“Azərbaycan” qəzeti
03.04.2015