Zəngilan şəhərində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq humanitar minatəmizləmə konfransı öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu il mayın 30-31-də keçirilən 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransının mövzusu “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması”dır. Konfransın birinci günü Zəngilan, ikinci günü isə Bakı şəhərində baş tutacaq.
Konfrans, ölkəmizin mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmənin ətraf mühitə təsirini azaltmaq üçün maliyyə resurslarının səfərbər edilməsi yolları ətrafında müzakirələrin aparılması məqsədi daşıyır.
Tədbirdə beynəlxalq ictimaiyyət tərəfindən yüksək diqqət göstərilir. Azərbaycanın ev sahibliyi etdiyi 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransında, ümumilikdə 75 ölkədən 300-dən çox nümayəndə iştirak edir. İştirakçılar arasında bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmilərinin, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri təmsil olunurlar.
Konfrans, mina partlayışı nəticəsində zərərçəkmiş Tamam Cəfərovanın mina qurbanları adından dünya ictimaiyyətinə müraciəti ilə başlayıb.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev iştirakçıları salamlayı. O bildirib ki, beynəlxalq konfransın Zəngilanda işə başlamasının böyük rəmzi mənası var. Zəngilanın Ağalı kəndi yenidən qurulan və keçmiş məcburi köçkünlərin qayıtdığı ilk yaşayış məskənidir. Bu miqyasda işlərin aparılması məhz minaaxtaranların gərgin əməyi sayəsində həyata keçirilir, insanların təhlükəsizliyi təmin edilir və minaların ətraf mühitə təsiri azaldılır.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub. Hikmət Hacıyev dünyanın üzləşdiyi mina probleminin ətraf mühitə təsiri məsələlərinin müzakirəsi məqsədilə bir araya gələn konfrans iştirakçılarına təşəkkür edib, konfransın işinə uğurlar arzulayıb.
Konfrans işini davam etdirir.