Müsahibimiz tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahovdur.
– Cümhuriyyət parlamentinin tədqiq olunması barədə danışaq.
– Azərbaycan tarixşünaslığında Xalq Cümhuriyyətinin parlamenti məsələsi indiyə kimi ayrıca bir tədqiqat mövzusu olmayıb. Düzdür, Cümhuriyyət tarixi araşdırılarkən, parlamentin tarixinə də bu və ya digər şəkildə toxunulub. Cümhuriyyət tarixi ilə bağlı əsərlərdə parlamentin formalaşması, parlament haqqında qanun, parlament üzvlərinin sayı kimi məsələlərə yer verilib. Amma ayrıca olaraq parlamentarizm tarixi və Cümhuriyyət parlamenti araşdırılmayıb.
– Cümhuriyyət tarixi ilə maraqlan zaman görürük ki, həmin dövrdə seçki olmayıb. Seçki keçirilmədiyi təqdirdə Cümhuriyyət Parlamenti hansı prinsiplə formalaşdı?
– Mən sizin verdiyiniz bu suala bir az geniş cavab vermək istərdim. Cümhuriyyət parlamentinin üzvləri, parlamenti formalaşdıran Cümhuriyyət liderləri Rusiya Dövlət Dumalarında böyük parlamentarizm təcrübəsi qazanmışdılar. 1905-ci il oktyabr ayının 17-də Çar Rusiyası tərəfindən verilmiş söz, mətbuat və yığıncaq azadlığı (red. – “17 oktyabr manifesti”) buna şərait yaradan amillərdən idi. Bu səlahiyyətlərdən istifadə edən həmin dövrün Azərbaycan ziyalıları Çar Rusiyasının Dövlət Dumalarında təmsil olunmaq hüququndan istifadə etdilər. Zaman-zaman Çar Rusiyası bu Dövlət Dumalarına etimadsızlıq göstərərək onları qovmasına rəğmən azərbaycanlı ziyalılar 4 dəfə bu qanunverici orqanda təmsil olundu. Bunların içərisində biz Əlimərdan bəy Topçubaşovu, İsmayıl xan Ziyadxanovu göstərə bilərik. Yəni bu ziyalılar Dövlət Dumalarında püxtələşmişdilər, zəngin parlamentarizm təcrübəsi qazanmışdılar. 1917-ci ilin fevral ayında Çar Rusiyasının devrilməsindən sonra Azərbaycanda, Cənubi Qafqazda müstəqil dövlətlərin yaranması üçün şərait yetişdi. 1917-ci ilin mart ayında Xüsusi Zaqafqaziya Komitəsi təsis olunur. Bir müddətdən sonra Zaqafqaziya Komitəsi Zaqafqaziya Komissarlığına çevrilir. Amma 1917-ci ilin oktyabrın 25-də bolşeviklərin Rusiyada hakimiyyəti çevriliş yolu ilə ələ alması Cənubi Qafqazdan Rusiya Müəssisslər Məclisinə seçilmiş nümayəndələrin orada təmsil olunma hüquqlarını sıfıra endirdi. Belə olan halda Rusiya Müəssislər Məclisinə seçilmiş həmin üzvlər Tiflisdə toplaşaraq Cənubi Qafqazın gələcək idarəçiliyini əllərinə almaq haqqında qərar qəbul edirlər. Artıq biz 1918-ci ilin fevral ayının 14-də Xüsusi Zaqafqaziya Komissarlığından Zaqafqaziya Seyminə keçidin əsasının qoyulduğunu görürük. Zaqafqaziya Seymində Cənubi Qafqazın o zaman müstəqil olmayan üç dövlətinin nümayəndələri fraksiya şəklində təmsil olunurdular. Burada 44 nəfər azərbaycanlıdan ibarət milli fraksiyanın çox gərgin və demək olar ki, məhsuldar fəaliyyətini görürük. Amma təəssüflər olsun ki, Zaqafqaziya Seymi daxilində vahid fikir olmadığına görə o 1918-ci ilin may ayının 26-da artıq dağılır. May ayının 26-da Gürcüstan öz müstəqilliyini elan etdikdən sonra Zaqafqaziya seyminin Azərbaycan türklərindən ibarət olan Müsəlman fraksiyası artıq təxirəsalınmaz qərarlar qəbul etməyə məcbur olur. Zaqafqaziya Seyminin Müsəlman fraksiyası may ayının 27-də Tiflisdə toplaşaraq özünü Azərbaycan Milli Şurası elan edir və bu zaman Müvəqqəti Milli Şuranın sədrinin seçilməsi məsələsini gizli səsvermədə müzakirə edir. Bu dövrdə Batumda Osmanlı hökuməti ilə diplomatik siyasi danışıqlar aparan Məmməd Əmin Rəsulzadə yekdilliklə həmin Milli Şuranın sədri seçilir. Bir qədər sonra isə axşam iclasında Fətəli xan Xoyski icraedici orqan olan ilk Azərbaycan hökumətinin sədri seçilir. 1918-ci ilin may ayının 28-də artıq bu Milli Şura Azərbaycanın müstəqillik məsələsini qəti şəkildə ortaya qoydu və artıq Seym tərkibində fəaliyyət göstərmənin mümkünsüzlüyünü o dövrdə Seymin müsəlman fraksiyalarının üzvlərinə çatdırdı. Daha sonra Milli Şuranın 17 iyun 1918-ci il tarixli qətnaməsində Milli Şuranın buraxılması, Müəssislər Məclisinin çağırılması nəzərdə tutulurdu. Həmin qərarların birincisində qeyd olunurdu ki, Müəssislər Məclisi 6 aydan gec olmayaraq çağrılmalıdır və ikinci halda Müvəqqəti Azərbaycan hökuməti iqtisadi-siyasi məsələlərdə hakimiyyəti heç kimə güzəştə gedə bilməz. Hökumət yalnız bu Müəssislər Məclisi qarşısında məsul olmalıdır. Yəni Müəssislər Məclisinə seçkilər keçirilməsə də Milli Şuranın 17 iyun tarixli qərarı ilə qanunverici orqana seçkilərin əsasları haqqında qanun lahiyəsi işlənib hazırlanmışdı.
– Yəni hüquqi baza formalaşdırılmışdı.
– Bəli, hüquqi baza formalaşdırılmışdı. Eləcə də 1918-ci ilin may ayının 28-də Azərbaycan Cümhuriyyətinin İstiqlal Bəyannaməsində Azərbaycanın idarəçilik forması Xalq hakimiyyət formasında təsis olunurdu. Xüsusi olaraq bu maddədə gələcək Azərbaycan parlamentarizminə keçidin əsaslarını, işartılarını biz görə bilərik.
– Siz qeyd etdiniz ki, Milli Şura 44 nəfərdən ibarət idi. Bəs digər depuatatlar hansı əsaslarla Parlamentdə təmsil olunurdu?
– 1918-ci ilin sonlarına doğru Azərbaycandakı ictimai-siyasi hadisələrin taleyi daxili amillərlə yanaşı, daha çox xarici amillərdən asılı idi. Hökumət 1918-ci sentyabrın 15-də artıq Gəncədən Bakıya köçmüşdü. Məhz bu dövrdə parlamenti formalaşdırmağa vaxt çatmadığına görə Fətəli xan Xoyski Müəssislər Məclisini formalaşdırmağı Milli Şuraya həvalə edilməsini təklif edir. 1918-ci ilin iyun ayının 17-də fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası noyabrın 16-da Bakıda Məmməd Əmin Rəsulzadənin başçılığı altında öz fəaliyyətini yenidən bərpa edir. 1918-ci ilin noyabr ayının 16-dan-20-nə kimi Milli Şuranın üzvləri qapalı, həm də açıq iclaslar keçirirlər. Noyabr ayının 20-də Milli Şuranın növbəti iclasında isə Azərbaycan Parlamentinin formalaşdırılması haqqında qərar verilir. Noyabrın sonlarına doğru biz Məmməd Əmin Rəsulzadənin Azərbaycan və rus dillərində Azərbaycan xalqına müraciətinə rast gəlirik. Həmin müraciətdə açıq-aydın qeyd olunur ki, Milli Şura müharibə dövrünün çətinlikləri, ölkədə yaranmış vəziyyətin ağırlığını nəzərə alaraq parlamentin çağırılmasını öz üzərinə götürür. Azərbaycan Milli Şurasının 1918-ci ilin 20 noyabr tarixli məlum qərarında artıq Parlamentin üzvlərinin sayının 120 nəfərdən ibarət olması nəzərdə tutulurdu. Belə olan halda sual yaranırdı ki, Milli Şuranın 44 nəfərlik keçmiş üzvləri 120 nəfərlik parlamenti hansı əsaslarla formalaşdırmağı qarşılarına məqsəd qoymuşdular? Burada birbaşa seçki sistemi yox idi. Parlament haqqında qanuna nəzər saldıqda məlum olur ki, əhalinin say baxımından parlamentdə təmsili məsələsi gündəmə gəlir. Qafqaz təqviminin məlumatlarına görə həmin dövrdə Cənubi Qafqazda iki milyon yarıma yaxın əhali yaşayırdı ki, bunun da 1 milyon 700 min nəfəri Azərbaycan türklərindən ibarət idi. Beləliklə, 1 milyon 700 min Azərbaycan türkünün yaşadığı Cənub Qafqazda hər 100 min nəfərə bir deputat olmaq şərti ilə 80 yer azərbaycanlılara ayrılır. Milli Şuranın 44 nəfər üzvü yerində qalmaq şərti ilə əlavə olaraq Parlamentə azərbaycanlılar daxil olur. Sözügedən Qafqaz təqviminin digər məlumatlarına əsasən Cənubi Qafqazda 500 minə yaxın erməninin yaşadığını görürürk ki, həmin o 500 min erməni də Parlamentdə təxminən 21 yerlə təmsil olunmaq hüququ əldə edir. O dövrdə Azərbaycanda yaşayan milli azlıqlara da o cümlədən – Gürcü milli komitəsindən 1, Yəhudi milli komitəsindən 1, alman nümayəndələrindən də 1 nəfərə parlamentdə təmsil olunmaq hüququ verilirdi. Nəhayətdə Parlamentin 120 nəfərdən ibarət olduğunu biz bu qanun layihəsində görürük.
– Amma dövrü mətbuatdan məlumdur ki, parlamentin üzvlərinin 120 nəfərdən ibarət olması nəzərdə tutulsa da, o tam heyətlə fəaliyyət göstərməyib. Bəzi mənbələr iclaslara 92, bəziləri isə 96 deputatın qatıldığını qeyd edir.
– Mən bir az öncə qeyd etdim ki, 1918-ci ilin sonlarına doğru dünyada gedən siyasi proseslər Azərbaycanın daxili məsələlərinə də çox təsir edirdi. 1918-ci il oktyabr ayının 30-da Birinci Dünya Müharibəsinin əsas iştirakçılarından olan Osmanlı İmperiyası məğlub olmuşdu. Mudros müqaviləsinin şərtlərinə görə artıq o Bakını tərk etməli idi. Noyabr ayının 17-də Tomsonun başçılığı ilə ingilis nümayəndələrinin Bakıya daxil olması ilə bir sıra qüvvələr Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyət göstərməyə başlamışdılar. Məsələn Erməni və Rus milli şuraları Azərbaycan parlamentinin çağrılmasına qarşı çıxış edir və bildirirdilər ki, Rusiya Federasiyasının ayrılmaz tərkib hissələridirlər. Hətta 1918-ci ilin noyabr ayının 18-də onlar Tomsonla bir neçə dəfə gizli şəkildə görüşərək onu inandırmışdılar ki, Azərbaycan Cümhuriyyəti və onun gələcəkdə çağrılacaq parlamenti rus və erməni milli şuralarına qarşı ayrı-seçkilik edəcək. Təbii ki, onlar da Böyük Ermənistan şüarından və yaxud böyük və ayrılmaz Rusiya ideyasından ayrıla bilmirdilər. Ona görə Azərbaycanı müstəqil şəkildə görmək istəmirdilər. Hətta Tomson özü də Fətəli xan Xoyski ilə görüşündə xüsusi olaraq qeyd edir ki, erməni və rus milli şurası ilə görüşdə ona bildiriblər ki, Fətəli xan Xoyskinin başçılıq etdiyi hökuməti tanımırlar. Yalnız Məhəmmədhəsən Hacınski və Mirzə Əsədullayevin quracağı koalisiyalı hökumətdə təmsil oluna bilərlər. Bu təbii ki, Azərbaycan Milli Şurasının dekabr ayının 3-nə təyin olnunmuş parlament açılışı haqqında fikirlərini sanki alt üst edir.
Belə olan halda Azərbaycan Milli Şurası 1918-ci ilin dekabr ayının 1-də Bakıda özünün qapalı üçüncü, açıq beşinci iclasını keçirməyə məcbur olur. Məmməd Əmin Rəsulzadənin başçılığı ilə keçirilən həmin iclasda Milli Şura bu məsələləri olduqca həssaslıqla qarşılayır. Tomsonla danışıqlar üçün o zamankı Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyskiyə hətta xüsusi göstərişlər verilir. Fətəli xan Xoyski bir neçə dəfə Tomsonla görüşərək bu məsələləri müzakirə edir. Milli Şuranın 1918-ci ilin dekabr ayının 3-də keçirilən növbəti iclasında Fətəli xan Xoyski Tomsonla görüşünün nəticələri haqqında belə məlumat verir. Tomson Azərbaycanda yeganə hakimiyyət kimi yalnız koalisiyalı hökuməti tanıya biləcəyində israr edir. Bu koalisiyada erməni və rus milli şuralarının üzvlərinin də təmsil olunması xüsusi vurğulanır. Xoyskinin Azərbaycanda bu hökumətdən kənar hansısa hökuməti dəstəkləyirsinizmi sualına isə Tomson öncə qeyd etdiyim kimi Mirzə Əsədullayevin və Məhəmmədhəsən Hacınskinin adını çəkir. Daha sonra Xoyski qeyd edir ki, o artıq Tomsonu inandıra bilibmiş ki, bu hökumət heç də Osmanlı İmperiyasının diktəsi ilə qurulmayıb. Bu özünün dövlət atributları müstəqil hökumətdir.
– Amma faktiki olaraq parlament üzvlərinin sayını 120 nəfərə çatdırmaq mümkün olmadı.
– Bəli. 1918-ci ilin dekabr ayının 3-də Fətəli xan Xoyski qeyd edir ki, artıq Azərbaycan Parlamentinin təsis olunması haqqında qanundan irəli gələn bütün məsələlər hazırdır. Biz bölgələrə məlumat göndərmişik. Beləliklə, Dekabr ayının 7-də Hacı Zeynalabdin Tağıyevin keçmiş Nikolayevski (indiki İstiqlaliyyət küçəsində, Əyazmalar İnstutunun binası – red.) kücəsində yerləşən qızlar məktəbinin binasında Parlamentin təntənəli şəkildə açılışı olur. Parlament haqqında qanunda nəzərdə tutulmuş 120 deputatın hamısının iclaslara qatılmaması ilə bağlı onu qeyd etməliyəm ki, rus və erməni milli şuraları parlamentin açılışında iştirak etməkdən imtina edirlər. Bundan başqa Azərbaycanın quberniya və qəzalarından olan deputatlar da Parlamentin açılışına gəlib çata bilməmişdilər. 1919-cu ilin martında rus və erməni milli şuraları Azərbaycan hökumətinə məktub yazaraq müraciət edirlər biz artıq Azərbaycan parlamentində təmsil olunmaq üçün özümüzü hazır hiss edirik və yaxşı olardı ki, bizim bu məsələmiz parlamentin müzakirəsinə çıxarılsın. Ona görə də artıq 1919-cu ilə doğru parlamentdə təxminən 96 deputatın təmsil olunduğunu gördük. Amma, bununla belə 1920-ci ilin aprel ayının 27-nə qədər parlamentdə nəzərdə tutulan 120 deputatın tam halda iclaslarda olmayıb.
– Söhbət əsnasında bir fikir diqqətimi cəlb etdi. Tomsonun Məhəmmədhəsən Hacınski və Mirzə Əsədullayevin başçılıq edəcəkləri hökuməti tanıyacağı fikri nə ilə bağlı idi?
– Azərbaycan hökumətinin ilk kabineti təşkil olunarkən biz Fətəli xan Xoyskinin millətçilik və dövlətçilik atributları bağlı radikal addımlar atdığını görürük. 1918-ci ilin iyun ayından etibarən Gəncədə Fətəli xan Xoyskinin başlatdığı bu islahatları ermənilər həzm edə bilmirdilər. Onlar düşünürdülər ki, Fətəli xan Xoyskinin milli dövlətçilik uğrunda atdığı addımlar ermənilərə gələcəkdə ziyan vura bilər, ümumiyyətlə onları Azərbaycandan kənarlaşdıra bilər. Ermənilər bunu açıq şəkildə etiraf etməsələr də fikrimcə, Mirzə Əsədullayevin və Məhəmmədhəsən Hacınskinin üzərində dayanmaqları bu amillərlə bağlı ola bilər. Məhəmmədhəsən Hacınskini birinci hökumət kabinetində tam olaraq müşahidə edə bilmirik, amma sonrakı kabinetlərdə biz onun barışdırıcı mövqedə dayandığını görürük.
– Nisbətən loyal.
– Bəli. 1920-ci ildə beşinci hökumət kabinetinin istefasından sonra (Azərbaycan Xalq Cümhuriyyətinin beşinci hökumət kabineti 22 dekabr 1919 – 30 mart 1920 – red.) növbəti hökumət kabinetinin formalaşdırılması məsələsi ortaya çıxanda Məhəmmədhəsən Hacınskinin bir qədər ləng tərpənməsi və kabinetin formalaşmasını yubatması artıq həmin o işartılardan xəbər verirdi.
– Parlamentdə hansı partiyalar təmsil olunurdu?
– Biz parlamentədə 11 fraksiyanın təmsil olunduğunu görürük. Burada əsas söz sahibi Müsavat partiyası idi. Parlamentdə təxminən 40-a yaxın müsavatçı təmsil olunurdu. İkinci yerdə İttihad partiyası, daha sonra Sosialistlər və Əhrar fraksiyaları gəlirdi. Bundan başqa Milli azlıqlar fraksiyası, Daşnaksütyun partiyası, erməni fraksiyası da parlamentdə təmsil olunurdu.
– Cümhuriyyət parlamentində təmsil olunan partiyaların siyasi mövqeyini necə xarakterizə etmək olar?
– Arxiv sənədlərini öyrənəndə görürük ki, hər partiya özünün nizamnaməsi, məramnaməsi haqqında parlamentin iclaslarında mütəmadi çıxışlar edib. Erməni fraksiyası parlamentdə hər zaman çıxışlarında “Böyük Ermənistan” idealogiyasını əlində bayraq edirdi. Müsavat fraksiyası millətçilik, milli dövlət atributları, dövlətçilik əsaslarının möhkəmləndirilməsi, torpağın kəndlilərə paylanması məsələsini, yəni bütövlükdə milli dövlətlə bağlı bütün məsələlərin hamısını öz nizamnamələrində açıq şəkildə müzakirəyə çıxarırdılar. Biz bunu İttihad fraksiyasında da görürük. Amma İttihad fraksiyası parlamentin sonrakı iclaslarında 1919-cu ilin xüsusilə mart ayında birinci hökumət böhranı yaranandan sonra Müsavatla tam əks mövqedə dayanır. Onlar qeyd edirdi ki, Müsavat irəli sürdüyü torpaq məsələsi üzərində axıra qədər dayana bilmir. Çünkü onlar sahibkarların hüquqlarını müdafiə edir. Bunu Sosialistlər də bu şəkildə qəti şəkildə qoyurdular. Hətta Sosialistlər fraksiyasının rəhbəri Səməd bəy Ağamalıoğlunun 1919-cu ilin noyabr və dekabr aylarında parlamentdəki çıxışlarına nəzər saldıqda məlum olur ki, o artıq Müsavatı çox kəskin şəkildə tənqid edir. Müsavat daha çox torpaq məsələsində günahlandırılırdı. Sosialistlər fraksiyası Rusiya ilə daha çox bağlı idi. Sosialistlər fraksiyası Rusiya ilə əməkdaşlığa meyl etmədiyinə görə Müsavat fraksiyasını kəskin tənqid edirdi. Hətta 1920-ci ilin yanvar ayından etibarən Sosialist Səməd bəy Ağamalıoğlu və İttihadçı Qara bəy Qarabəyli parlamentdə çıxışarında məsələni kəskin şəkildə qoyurlar ki, bu Müsavat hökumətini saxlmaqdansa gəlin Azərbaycanı elə sovetləşdirək ki, bununla da bizim çəkdiyimiz əlavə xəclər üzərimizdən getsin. Azərbaycanı sovetləşdirək və bununla da bizim öhdəçiliyimiz bitmiş olsun.
– Sovetləşdirək dedikdə ideoloji cəhətdən sosialist quruluşu nəzərdə tutulurdu, yoxsa Sovet Rusiyasına birləşmək?
Azərbaycanın Sovet Rusiyasına birləşdirilməsi nəzərdə tuturdu. Çünki 1920-ci ilin yanvar ayının 11-də Azərbaycan Xalq Cümhuriyyətinin Versal Ali Şurası tərəfindən de-fakto tanınması artıq Rusiya tərəfini aktivləşdirmişdi. Əvvəlcə Denikin, daha sonra Rusiya xalq xarici işlər komissarı Çiçerin Azərbaycan hökumətinə dəfələrlə nota vermişdi. Notada o Azərbaycan hökumətini Denikinlə mübarizəyə səsləyirdi. Azərbaycan hökuməti isə bundan çəkinərək Rusiya Xalq xarici işlər nazirliyinə göndərdiyi cavab notasında yazırdı ki, Denikin, Kolçak, ağqvardiyaçılar Rusiyanın daxili işidir. Bizim məsələmiz Rusiyanın daxili işlərinə qarışmaq deyil. Biz sizinlə əməkdaşlığa meyl edə bilərik. Amma o daxili məsələlərinizə qarışa bilmərik. Məmməd Əmin Rəsulzadə çox müdrükcəsinə bu məsələlərə olduqca kəskin şəkildə cavab verirdi. Amma parlamentin sonrakı iclaslarına nəzər saldıqda görürük ki, elm, təhsil məsələləri gündəliyə gələndə artıq fraksiyalar arasında bu və ya digər şəkildə qarşıdurmalar meydana gəlir. Xüsusən də sosialist Səməd bəy Ağamalıoğlu və İttihaq fraksiyası Müsavatla əks mövqedə dayanırdılar. Əks mövqedə dayanmanın səbəbi nə idi? Müsavat fraksiyası əsaslandırırdı ki, Azərbaycanda elmin təhsilin inkişafına biz hər bir şərait yaratmalıyıq. Bunun üçün Bakı Dövlət Universiteti açılmalı idi. İttihad fraksiyasının rəhbəri Qara bəy Qarabəyli isə əsaslandırırdı ki, bizim indiki halda kadr potensialımız yoxdur və kadr potensialını biz əgər Rusiyadan, Avropadan gətirəcəyiksə burada türkçülük idealogiyası sarsıla bilər. Biz o zaman ruslara xidmət etmiş olarıq. Məmməd Əmin Rəsulzadə isə kəskin şəkildə bildirirdi ki, məsələ siz deyən kimi deyil. Biz bura Razumovskini rektor təyin etməklə belə düşünmək lazım deyil ki, Azərbaycanda Rusiyanın bir əlavəsinin yaratmış oluruq. Bu Azərbaycanın gələcəyinə hesablanmış bir addımdır.
– Bayaq erməni fraksiyasının Böyük Ermənistan şüarı ilə çıxış etməsini qeyd etdiniz.
– 1919-cu ilin artıq may ayından etibarən biz Daşnaksütyun fraksiyasının rəhbəri Arşak Malxazyanın və Xoren Amaspurün parlamentdə aktivlik göstərdiyini görürük.
– Daşnaksütyun və Erməni fraksiyasının mövqeyi bir-birindən nə ilə fərqlənirdi?
– Bunların mövqeyi ideoloji baxımından eynilik təşkil edirdi. Baxmayaraq ki, onlar ayrı-ayrı fraksiya idi, amma idealogiya baxımından, straregiya baxımından eyni hədəfə vururdular. “Böyük Ermənistan” idealogiyasını səsləndirirdilər, Böyük Ermənistan hədəf idi. Gəlin faktlara nəzər salaq. 1919-cu ilin noyabr ayının 1-dən etibarən Qarabağda ermənilərin törətdikləri qırğınlarla bağlı Azərbaycan parlamentariləri Zəngəzurdan və Qarabağdan mütəmadi olaraq Parlamentə məktublar göndərirdilər. Məktublarda qeyd olunurdu ki, bu qırğınların iştirakçıları birbaşa ermənilərdir və bunun da başında Andronik dayanır. Amma, bu məsələnin Parlamentdə müzakirəsi zamanı Amaspür və Malxazyan deyirdilər ki, Andronik Ermənistanın səlahiyyətlisi deyil. Bu bir asidir. Bizim onunla heç bir əlaqəmiz yoxdur, biz bu məsələləri himayə etmirik, siz fikirlərinizdə yanılırsınız. Təbii ki, ermənilərin məqsədi Qarabağda və Zəngəzurda etnik təmizləmə aparmaq və bu əraziləri Ermənistana birləşdirmək idi. Bunu parlamentin bu hadisələri yerində araşdırmaq üçün göndərdiyi komissiyanın nəticələri də sübut edirdi.
– Parlamentdə hökumət böhranlarını necə səciyyələndirərdiniz?
– Mənim düşüncəmə görə bunun səbəbi Cümhuriyyət hökumətinin demokratik əsaslara daha çox önəm verməsi idi. Digər amil xarici təsirlə bağlı idi. Məsələn birinci hökumət kabinetindən sonra 1918-ci ilin noyabr ayının 17-də Tomsonun başçılığı ilə Bakıya gələn ingilis heyəti israr edirdi ki, siz hökuməti formalaşdırarkən mütləq koalisiyaya üstünlük verməlisiniz. Belə olan halda biz sizi həm də beynəlxalq arenada dəstəkləyə bilərdik. Amma bu o demək deyildir ki, koalisiyalı hökumətdə təmsil olunan fraksiyalar dövlətə qarşı, dövlətçiliyə qarşı, Cümhuriyyətin zəifləməsinə qarşı mübarizə aparmalı idilər. Amma Sosialistlər və İttihad fraksiyası üçüncü, eyni zamanda rus və erməni milli şuralarının üzvlərinindördüncü hökumət kabinetində təmsil olunduğunu görürük.Onlar isə dəfələrlə Parlamentdə hökumətə qarşı çıxırdılar və hökumət kabinetində də dövlətə qarşı kəskin fikirlər səsləndirirdilər. 1918-ci ilin mart soyqırımlarından heç altı ay keçməmiş Azərbaycan Cümhuriyyətinin Parlamentində erməni fraksiyasına yer ayırdı. Bu onun humanizmindən irəli gəlirdi. Amma ermənilər və eyni zamanda rus milli şurası bunu layiqincə qiymətləndirə bilmirdi. Həm də partiya fraksiyaları arasında artıq yekdil fikir yox idi. 1919-cu ilin mart ayından etibarən bu partiya fraksiyaları arasında yekdil fikir olmaması özünü açıq şəkildə göstərdi. Məsələn sosializm ideologiyasını təbliğ edən Sosialistlər Rusiyaya birləşməyin tərəfdarı idilər. Bax bu məsələlər həmin dövrdə hökumət böhranlarına bu və ya digər şəkildə təsir edirdi.
– Parlamentdə mübahisəli, qəbulu çətin olan qanun layihələrini misal göstərmək olarmı? Torpaqla bağlı aqrar siyasətə toxundunuz. Başqa hansı hansı taleyüklü məsələlər mübahisəli olub? Müzakirəyə çıxarılıb amma qəbul olunmayıb.
– 1918-ci ilin dekabr ayının 7-dən 1920-ci ilin 27 aprelinə kimi Parlamentin gündəliyinə 270-dən çox qanun layihəsi çıxarılıb. Bunlardan demək olar ki, 200-ə qədəri qəbul olunmuşdu. Amma, qonşu dövlətlərlə hərbi əməkdaşlıq, ikitərəfli əməkdaşlıq kimi taleyüklü məsələlərin öhdəsindən Azərbaycan hökuməti və parlamenti gələ bilmədi. Çünki bu həm də Azərbaycanın birbaşa problemi deyildi. Qarşı tərəf Azərbaycana qarşı ərazi iddiaları irəli sürürdü. Söhbət Rusiya və Ermənistandan gedir. Amma təəssüflər olsun ki, Torpaq məsələsi, yəni aqrar məsələ ümumilikdə öz həllini tapa bilmədi. 1919-cu ilin martında Müəssislər Məclisinə seçkilər haqqında əsasnamə verilsə də Parlament seçkilərini keçirməyə vaxt çatmadı. Məncə bütün bunlara görə 23 ay fəaliyyət göstərən Cümhuriyyəti günahlandırmağa dəyməz. Çünkü beynəlxalq güclərin bu regionda böyük təsiri olduğu dövrdə yenicə ayaq üstündə durmağa çalışan Cümhuriyyət hökumətindən həddindən artıq nəyisə gözləmək düşüncəmə görə bir az yalnışlıq olardı.
– Sizin fikrinizcə, Cümhuriyyət Parlamentinin araşdırılmasında hansı boşluqlar var?
– Təbii ki, hər hansı araşdırmanın sona qədər aparıldığını iddia edə bilmərik. Cümhuriyyət hökumətinin xarici ölkələrə göndərdiyi siyasi xadimlər, yəni gələcəkdə dövlət xadimi olan o ziyalıların, tələbə heyətinin taleyi ilə bağlı məsələlərə olduqca az rast gəlirik. Cümhuriyyət hökumətinin 1919-cu ildən sonra Türkiyə ilə əməkdaşlıq məsələlərinin sona qədər araşdırıldığını görə bilmirik. Artıq 1919-cu ildən etibarən böyük dövlətlər Osmanlı İmperiyasının parçalanması strategiyasına əl atmışdılar. Bu Osmanlı İmperiyasında Milli Azadlıq hərəkatının başlanmasına rəvac vermişdi. Biz bunun parlamentdə bu və ya digər şəkildə müzakirəsini görürük. Amma real nəticələri görə bilmirik ki, Cümhuriyyət parlamenti bu istiqamətdə hansı real addımlar atdı? Milli Azadlıq hərəkatına kömək edə bildimi?
– Azərbaycanın ərazisində olan arxiv sənədləri bunu araşdırmağa imkan vermir?
– Azərbaycanda olan arxiv sənədlərdə buna çox az rast gəlirik. Düşünürəm ki, bunların bir qismi Türkiyə arxivlərində saxlanılır. Biz bunların da araşdırılmasına cəhd göstərməliyik. Bu dövrün əsas araşdırılmamış məsələləri kimi Cümhuriyyət hökumətinin sosial-iqtisadi proqramlarla bağlı irəli sürdüyü təkliflər, neft və neft məhsullarının dünya bazarlarına çıxarılmasını göstərmək olar. Elm, təhsillə bağlı məsələlərin sona qədər araşdırıldığını görə bilmirik. Məsələn dil haqqında qanun verildi, türk dili dövlət dili elan olundu. Azərbaycanda məktəblər milliləşdirildi. Amma bu məktəblərlə bağlı demoqrafik vəziyyət necə idi. Məktəblərdə əhalinin demoqrafik göstəriciləri necə idi. Orada milli tərkib qorunurdumu?
– Təhsil alan şagirdlərin yoxsa pedaqoji heyətin?
– İstər pedaqoji heyətdə, istərsə də təhsil alan şagirdlərdə. Bunların biz sona qədər araşdırıldığını görə bilmirik. Amma bütövlükdə Cümhuriyyətlə bağlı görülən işləri bu gün məqbul hesab etmək olar.
Təmkin Məmmədli, 1905.az