BDU-nun dosenti, filogiya üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Qərənfil Dünyaminqızı və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin baş məsləhətçisi Rafiq Səfərovla Qori Müəllimlər Seminariyasınn milli təhsil tariximizdəki yeri barədə danışdıq.
Fuad Babayev: Seminarıyanın Qori şəhərində açılmasının səbəbi nə idi? Niyə Gəncə, İrəvan, hətta Tiflis yox, məhz Qori şəhəri?
Rafiq Səfərov: Bildiyimiz kimi tarixən Qafqaz Canişinliyinin mərkəzi Tiflis şəhəri olub. O da aydındır ki, Gürcüstan ərazisidir. İlk dəfə pedaqoji kadrlar hazırlanan tədris ocağı 1866-cı ildə Tiflis şəhərində pedaqoji məktəb adı ilə yaradılıb. 1876-cı ildə bu pedaqoji məktəb Aleksandrovski adına Müəllimlər İnstitutuna çevrilib. Lakin, təəssüflər olsun ki, istər bu pedaqoji məktəbə, istərsə də Aleksandrovski adına Müəllimlər İnstitutuna müsəlmanların qəbul olmaq hüququ yox idi. Bu da çar hakimiyyətinin hakim millətçilik, milli ayrılıq siyasətinin təzahürü idi. Cənubi Qafqaz və Qafqazda ilk müəllimlər seminariyası isə 1876-cı ildə isə Qori şəhərində açıldı və bütün Cənubi Qafqaz üzrə təşkil edildiyindən Zaqafqaziya Müəllimlər Seminariyası (ZMS) adlanırdı. 1876-cı il sentyabrın 12-də əsası qoyulan ZMS əvvəlcə üç şöbədən: rus, gürcü və erməni şöbələrindən ibarət idi. Seminariyaya qəbul olunan ilk 50 nəfərin içərisində bir nəfər belə azərbaycanlı yox idi.
Fuad Babayev: Qori Tiflisdən nə qədər məsafədə yerləşir?
Rafiq Səfərov: Aralarında məsafə elə də çox deyil. Çox güman ki, Tiflisə yaxın olması ilə əlaqədar olaraq bu şəhər seçilib. Düzdür, Tiflisdə Aleksandrovski adına məktəb yaranmışdı, ancaq buna baxmayaraq Rusiya imperiyasının ucqarlarında, o cümlədən Qafqazda şəhər məktəbləri artdığı üçün müəllimlərə, pedaqoji kadrlara böyük ehtiyac var idi. Bu səbəblə Rusiya imperatoru II Aleksandr Zaqafqaziya Müəllimlər Seminariyasının təsis edilməsi haqqında 1875-ci il aprelin 8-də fərman imzalayıb. 1876-cı ilin sentyabrından etibarən təhsil ocağı fəaliyyətə başlayıb. 1879-cu ilin sentyabrın 23-də isə Qori şəhərində ZMS nəzdində ayrıca bir şöbə – Azərbaycan şöbəsi açıldı. Rusiya imperatoru II Aleksandrın 1880-ci il mayın 13-də imzaladığı növbəti fərmanla Zaqafqaziya Müəllimlər Seminariyasının nəzdində Azərbaycan bölməsinin fəaliyyəti rəsmən qanuniləşdirilib. Aleksey Çernyayevski isə Azərbaycan bölməsinə inspektor təyin edilib.
Qərənfil Dünyaminqızı: Əvvəla Aleksey Çernyayevski barədə onu deyim ki, o, əslən Şamaxılı idi və orada doğulub boya-başa çatmışdı. Özü də xatirələrində yazır ki, mən hər zaman azərbaycanlı qonşularımızdan xeyirxahlıq, yaxşılıq görmüşəm. Ona görə də o, azərbaycanlıları da seminariyaya dəvət etmək istəyirdi. Azərbaycan şöbəsi açıldıqdan sonra Çernyayevski savad almaq istəyən azərbaycanlı uşaqların axtarışına çıxır. İrəvan, Naxçıvan, Gəncə, Şuşa, Şamaxı, Quba və Dərbənddə kəndbəkənd gəzərək qəza məktəblərindən uşaqlar toplayır.
Fuad Babayev: “Dəli Kür” filmində də elə o təsvir olunub, elə deyilmi?
Qərənfil Dünyaminqızı: Bəli, tamamilə doğrudur.
Onu da qeyd edim ki, Çernyayevski Şuşa məktəbində olarkən söhbət etdiyi gənclər arasında ortaboylu bir oğlan onun diqqətini daha çox çəkir. Bu Səfərəli bəy Vəlibəyov olub. Uşaqların məktəbə çətinliklə cəlb edildiyi, qorxaq, utancaq olduğu dövrdə səlis nitqə malik bu gənc onda maraq oyadır və onun hazırlıqlı olduğunu başa düşür. Onu seminariyaya aparır və Azərbaycan bölməsinin ikinci sinfinə qəbul edır. Səfərəli bəy Vəlibəyov onun sevimli tələbələrindən birinə çevrilir. Təhsilini başa vurduqdan sonra hətta onu müəllim kimi seminariyada saxlayır və beləliklə o, pedaqoji fəaliyyətinə başlayır. Təxminən 20 il pedaqoji fəaliyyətlə məşğul olub. Qori Müəllimlər Seminariyasını bitirən ilk üç azərbaycanlı gəncdən biri də məhz Vəlibəyov idi.
Fuad Babayev: Qori Müəllimlər Seminariyası hansı ilə qədər fəaliyyət göstərib?
Rafiq Səfərov: Seminariya 1918-ci ilin əvvəlinə qədər. Rusiyada fevral burjua inqilabı baş verdikdən sonra Rusiyanın ucqarlarında, o cümlədən, Qafqazda milli hərəkat vüsət alır və seminariyanın Qoridə saxlanması mümkün olmur. Qori Müəllimlər Seminariyasının Azərbaycana köçürülməsi vacib bir məsələ kimi hökumətin qarşısında dururdu. Hansı ki, həmin dövrdə AXC yeni təhsil siyasəti həyata keçirirdi. Bu sırf milli zəmində, milli maraqları güdən təhsil siyasəti idi.
Fuad Babayev: Qori Müəllimlər Seminariyasının Qazax bölməsi nə zaman açıldı?
Qərənfil Dünyaminqızı: 1918-ci ildə. Parlamentdə Fətəli Xan Xoyskinin sədrliyi ilə bu barədə məsələ qaldırılır və qərar qəbul olunur ki, Azərbaycan bölməsinin Qoridən Qazaxa köçürülməsi Firidun bəy Köçərliyə həvalə edilsin. Bu məqsədilə Azərbaycan hökumətinin 1918-ci il 22 iyun tarixli qərarı ilə F.Köçərlinin sərəncamına beş min rubl pul vəsaiti də ayrılıb. N.Yusifbəylinin 1918-ci il 12 oktyabr tarixli əmri ilə isə Zaqafqaziya Müəllimlər Seminariyasının keçmiş inspektoru Firidun bəy Köçərli Qazax Müəllimlər Seminariyasının direktoru təyin edilib. Beləliklə, Azərbaycan bölməsi Qazaxa köçürülərək müstəqil seminariyaya çevrilib və burada fəaliyyətini davam etdirib.
Fuad Babayev: Qazaxda müstəqil seminariya yarandıqdan sonra Qori Müəllimlər Seminariyası da fəaliyyətini dayandırır, belədirmi?
Rafiq Səfərov : Əvvəla aydınlaşdıraq ki, Qori Müəllimlər Seminariyası dedikdə nəyi nəzərdə tuturuq. Qori Müəllimlər Seminariyası dedikdə Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan bölməsi nəzərdə tutulur.
Fuad Babayev: Axı Qori Müəllimlər Seminariyasında azərbaycanlılarla yanaşı ermənilər, gürcülər də təhsil alırdı. Onların ayrıca bölməsi yox idi?
Rafiq Səfərov: Baxmayaraq ki, Qoridəki seminariya ZMS-nın Azərbaycan şöbəsi idi, amma nizamnamədə icazə verilirdi ki, qeyri millətlər də təhsil alsın. Yəni sırf müsəlmanlar üçün nəzərdə tutulmamışdı. Nəzərə almaq lazımdır ki, bundan əvvəl Zaqafqaziya Müəllimlər Seminarıyasına müsəlman uşaqlar gedə bilmirdilər. Çünki orada azərbaycan dilində bilən yox idi və azərbaycanca dərs keçilmirdi. Bu da şagirdləri mollaxanalara, ənənəvi məktəblərə yönəldirdi.
Fuad Babayev: Realni məktəblərə də?
Rafiq Səfərov: Xeyr, realni məktəblər dünyəvi idi.
Qərənfil Dünyaminqızı: Bir məsələni də diqqətinizə çatdırım ki, Bakı realni məktəbində işləyən ilk azərbaycanlı Həsən bəy Zərdabi idi. Və o, azərbaycanlı tələbələri məktəbə cəlb etdiyinə görə işdən azad olunub. Bu özü elə bariz nümunədir ki, vaxtilə azərbaycanlıların dünyəvi təhsil alması digər subyektlər üçün nə qədər narahatlıq doğurub.
Rafiq Səfərov: Çünki çar imperiyası təhsilə siyasi aspekt qatmışdı.
Fuad Babayev: Həm də orduya.
Rafiq Səfərov: Tamamilə doğrudur. Təhsil sanki millətin milli oyanışına, azadlıq uğrunda hərəkatına gözünü açırdı.
Fuad Babayev: O cümlədən metropoliyanın əleyhinə çıxmağa səsləyirdi.
Rafiq Səfərov: Bəli, ona görə də müsəlmanlara dünyəvi təhsil verilməsinin hər vasitə ilə qarşısı alınırdı. Elə bu səbəbdən əvvəlki dövrdə müsəlmanlara seminariyaya daxil olmağa icazə verilmirdi. Müsəlmanlar məktəblərdə ştatlı müəllim vəzifəsi tuta bilmirdilər. Onların Aleksandrovski adına İnstituta girməyə də hüquqları yox idi. Məsələ o yerə çatmışdı ki, müsəlmanların nəinki institut bitirmiş pedaqoji kadrı, hətta ibtidai məktəbdə dərs deyən müəllim kadrları da yox idi. Bu faciə idi. Ona görə də bizim ziyalılar xalqın gələcəyi, dirçəlişi uğrunda mübarizəyə çıxdı. Axırda ona nail oldular ki, tatar şöbəsi açıldı və Azərbaycan gəncləri ora dəvət olundu.
Qərənfil Dünyaminqızı: Tatar şöbəsinin Azərbaycana gəlməsi üçün bizim ziyalılar 30 il mübarizə apardı. Niyə? Çünki azərbaycanlı tələbələrə qarşı çox pis münasibət var idi. Bir neçə misal çəkim. Məsələn, Üzeyir Hacıbəyli Seminariyada dərs deyən vaxtlarda dəhlizdə şagirdi ilə Azərbaycan dilində danışdığı üçün töhmət almışdı. Deməli, onun öz dilində danışmaq hüququ belə yox idi. S.S.Axundovun xatirələrində rast gəldiyim bir hadisəni də danışım. O, yazır ki, bir erməni şagird və mən növbətçi idik. Növbətçi olduqları üçün onlara seminariyanın kənarından çörək almaq tapşırılıb. Erməni şagird yolda çörəklərdən birini yediyi üçün çörəklərin sayı düz gəlməyib və hamı çörəyi Axundovun götürdüyünü düşünüb. Bu hadisəyə görə Axundova oğru damğası vurulub, hətta o, özünü öldürmək dərəcəsinə çatıb. Bunlar hamısı azərbaycanlılara münasibətdə mövcud olan ədalətsizlikdən xəbər verir.
Fuad Babayev: Seminariya 1918-ci ildə Qazaxa köçür, bəs nə vaxta qədər fəaliyyət göstərir, yəni ömrü nə qədər olur?
Qərənfil Dünyaminqızı: Cümhuriyyətin süqutuna qədər.
Fuad Babayev: Cəmi 2 il.
Qərənfil Dünyaminqızı: Bəli, təəssüf ki, ömrü çox qısa olur. Amma bu qısa ömründə bizə qazandırdığı ziyalılar, mütəfəkkirlər kifayət qədər idi.
Fuad Babayev: Mən nə qədər yaddaşımı qurdaladımsa “Dəli Kür”dən başqa Qori Müəllimlər Seminariyasından söhbət açılan film və ya kitab yadıma düşmədi. Bu doğurdan da belədirmi? Bizə belə zəngin töhfə vermiş bir tədris mərkəzi haqqında başqa romanda yoxdur?
Rafiq Səfərov: Təəssüflər olsun ki, xeyr. Bu məsələ tək sizi yox, təhsil tarixinin tədqiqi ilə məşğul olan görkəmli ziyalılarımız, alimlərimizin hamısını narahat edir. Mən özüm “Azərbaycan Xalq Cümhuriyyətinin Təhsil Siyasəti” adlı bir kitab yazmışam. Həmin kitabda Qori və İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdəki yeri və rolundan da danışılır. Ancaq işin maddi çətinlikləri olduğu üçün çap məsələsi ləngiyir. Yəni belə cəhdlər var, kitablar da yazılır. Ancaq nəşr olunması müşkül məsələyə çevrilib.
Respublikamızda Qori Müəllimlər Seminariyasının yubileyi cəmi 2 dəfə qeyd olunub. Biri 1979-cu ildə-100 illiyində, digəri isə 2009-cu ildə. 2009-cu ildə baş tutan beynəlxalq elmi-praktik konfransda Azərbaycan pedaqoji alimi, pedaqoji elmləri doktoru, professor Hüseyn Əhmədovun müstəsna rolu var idi. Azərbaycan təhsil tarixində, təhsilin, mədəniyyətin ,incəsənətin inkişafında böyük xidməti olan təhsil ocağının cəmi iki dəfə xatırlanması bizim özümüzə iraddır.
Qərənfil Dünyaminqızı: Yalnız Firidun bəy öz məqalələrində, əsərlərində, xatirələrində seminariya, seminaristlər haqqında yazır. Bu da bizim laqeyd münasibətimizin təzahürüdür. Bir şeyi də nəzərinizə çatdırım. Bilirsiniz ki, Səfərəli bəy Vəlibəyovun Tiflisdə 1883-cü ildə “Təlimlər və Hekayələr” adlı kitabı çap olunub. 1979-cu ildə bir erməni alimi bu əsəri özününküləşdirir, özünü müəllifi kimi qələmə verərək kitabı erməni dilində çap etdirir. Mən bu kimi hallarda da günahı yenə öz alimlərimizdə görürəm.
Fuad Babayev: Onlar bizim milli sərvətimiz, tariximizin bir hissəsidir. Onları diqqətdən kənar qoymaq olmaz. Yeri gəlmişkən Qazax Müəllimlər Seminariyasının fəaliyyət göstərdiyi binada hazırda nə yerləşir?
Qərənfil Dünyaminqızı: Uzun müddət pedaqoji texnikom kimi fəaliyyət göstərib, daha sonra isə Pedaqoji Universitetin Qazax filialı ora köçürüldü. Tələbəmdən xəbər aldığım qədərilə orda hal-hazırda vəziyyət o qədər də ürəkaçan deyil. Əsaslı təmirə ehtiyacı var.
Onu da deyim ki, milli maarifçiliyi təbliğ edən, müəllim kadrları yetişdirən, ilk milli təhsil ocağımız olan bu seminariya bizə Cümhuriyyətin yadigarıdır. Əgər o kadrlar yetişməsəydi milli maarifçiliyi davam etdirmək olardımı? Təbii ki, yox. Fikir verin. Cümhuriyyət 1918-ci il 28 mayda Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etdi. Elə həmin gün Fətəli Xan Xoyskinin yaratdığı 1-ci kabinetdə onun rəhbərliyi ilə Xalq Maarif Komissarliği yarandı. Deməli Cümhuriyyət ilk gündən maarifə, təhsilə, elmə çox böyük qayğı ilə yanaşırdı. 30 il həyata keçirilməsi üçün çabalanan işi Cümhuriyyət reallaşdırdı və Qazaxda Müəllimlər Seminariyası yaradıldı.
Aytac Hüseynova: Niyə məhz Qazax? Coğrafi yaxınlıqla əlaqədardır, yoxsa başqa nüanslar var?
Rafiq Səfərov: Qazaxa köçürülməmişdən əvvəl hökümət müzakirə edirdi ki, bu seminariyanı hara köçürək. Gündəlikdə olan bir məsələ idi. Belə bir məqamda Qazax əhli təşəbbüsü ələ alaraq təklif etdi ki, Qazaxa köçürülsün.
Qərənfil Dünyaminqızı: Hökümət isə Gəncədə olmağını istəyirdi.
Firidun bəyin xatirələrində yer verdiyi bir məsələdən danışmaq istəyirəm. Əvvəla baxmayaraq ki, şöbənin inspektoru olaraq Firidun bəyin öz şöbəsinə aid ləvazimatlarını təhvil almaq ixtiyarı var idi, ancaq seminariya buna icazə vermirdi. Seminariyanın gözətçisi də milliyətcə erməni idi. Xatirələrində bunlara təfərrüatı ilə yer verir. Nəhayət, Firidun bəy bir gün xanımı Badisəba ilə birgə tatar şöbəsinə aid bütün sənədləri kisələrə doldurub seminariyadan çıxardır və Azərbaycana aparmaq məqsədilə qatara üz tutur. Erməni gözətçi isə onları satır və qatarı saxlamaq üçün onların ardınca adam göndərirlər. Firidun bəy əslində sənədləri Ağdama aparmaq fikriindəydi. Ancaq elə olur ki, sənədlər Ağdama yox Qazaxa gedir. O, sənədləri götürmək üçün Qazax bəylərinə xəbər edir. Firidun bəyin Qazaxa xüsusi hörməti var idi. Qazaxdan bir neçə tələbəni də vaxtilə Qoriyə oxumağa aparmışdı. Əvvəla Badisəba xanım Qazaxlı idi. Qazax əhli də Firidun bəyə böyük hörmətlə yanaşırdı. Beləliklə sonradan Firidun bəy də fikrindən daşınır ki, fərqi nədir Ağdam ,ya Qazax. Hətta Firidun bəy xatirəsində yazır ki, ahıl yaşımda vətənim üçün oğurluq da etdim.
Fuad Babayev: Axı səhv etmirəmsə Qazaxda açılması barədə qərar əvvəlcədən verilmişdi, belə deyil?
Qərənfil Dünyaminqızı: Qərarda yazılmamışdı ki, mütləq şəkildə Qazaxa köçürülsün. Əsas məsələ Azərbaycan ərazisinə köçürülməsi idi. Hətta, Müseyib İbrahim bəy adlı bir Qazax mülkədarı da öz 17 otaqlı malikanəsini çəkinmədən seminariya üçün verib. Ona görə ki, Firidun bəy onun oğlunu da Qoriyə oxumağa aparmışdı.
Fuad Babayev: Seminariya hələ də o evdə yerləşir?
Qərənfil Dünyaminqızı: Bəli, elədir. Mən çox istəyirdim ki, oranın şəkillərini əldə edim. Özüm gedə bilmədiyim üçün tələbələrim mənə şəkillərin yerləşdiyi saytlar barədə məlumat verdi.
Fuad Babayev: Medianın Qori fenomeninə diqqəti sizi qane edirmi?
Qərənfil Dünyaminqızı: Əvvəla özümdən başlıyım, mən öz üzərimə düşən məsuliyyət kimi əməkdaşlıq etdiyim “Kaspi” qəzetinə ilk milli seminarıyamız rubrikası ilə məqalə yazdım. Düzü hələ çap olunmayıb. Biz planlaşdırdıq ki, noyabrın 10-u ,yəni Qazax Müəllimlər Seminariyasının ilk dərs gününün il dönümündə və ya bir neçə gün əvvəl çap olunsun. Daha sonra Səfərəli bəy Vəlibəyov haqqında da bir məqalə yazdım. Niyəsini də deyim. Əksər insanlarda belə bir fikir var ki, ilk dəfə seminariyanın Azərbaycana köçürülməsi təşəbbüsünü Firidun bəy irəli sürüb. Düzdür, bütün ağırlıq Firidun bəyin çiynində oldu. Amma ondan əvvəl 1884-cü ildə ilk dəfə Qori Müəllimlər Seminariyasında elmi şurada Vəlibəyov bu məsələni irəli sürür ki, şöbə Azərbaycana köçürülsün. Azərbaycan dilinin seminariyada proqramdan çıxarılması məsələsində də yenə çox üsyankarcasına öz əks münasibətini bildirir. Ümumiyyətlə mən onun barəsində məlumatları yığdım və gördüm ki, nə qədər prinsipal adamdır. Bu səbəblə mən onun haqqında da bir məqalə yazmağı özümə borc bildim.
Fuad Babayev: Və sizin ikinci məqaləniz onun haqqındadır, o da çap olunmayıb.
Qərənfil Dünyaminqızı: Bəli tezliklə hər ikisi çap olunacaq. Ümumiyyətlə, bu seminariya tariximizdə o qədər dərin iz buraxıb ki, istəsək də bunları inkar edə bilmərik. Çünki bizə Ü.Hacıbəyli, F.Köçərli, C.Məmmədquluzadə, N.Nərimanov, S.S.Axundov və.s. bu kimi 250-dən çox mütəfəkkir bəxş etdi. Ona görə mətbuat bu seminariyanı dıqqətdən kənar qoymamalıdır. Mən demirəm bütün mətbuat bu barədə yazsın, amma buna da müəyyən qədər yer ayrılmalıdır. Radioda, televiziyada da səslənməlidir.
Fuad Babayev: Rafiq müəllim, bəs siz necə mediyanın diqqətini hiss edirsinizmi?
Rafiq Səfərov: Mən mediyanı izləyirəm. Ümumiyyətlə bizim mediyada təhsil, maarif sahəsinə ən geniş yer ayıran mətbuat orqanlarından biri əvvəlki dövrdə “Zerkalo” qəzeti və “Kaspi” qəzeti idi, paralel şəkildə.
Fuad Babayev: Söhbət təhsil və maarifin tarixindən gedir, elə deyilmi?
Rafiq Səfərov: Bəli, sırf təhsil tarixi. “Kaspi” qəzetinə bu barədə çox minnətdaram. Mən də onlarla əməkdaşlıq edirəm və təhsil tarixinə dair bütün məqalələrim orada çap olunur.
Fuad Babayev: Çox təqdirəlayiq haldır.
Rafiq Səfərov: Bəli, mən fəxr edirəm ki, respublikada təhsilə və onun tarixinə diqqət yetirən belə bir qəzet var.
Hazırladı: Aytac Hüseynova, 1905.az