Tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev və fəlsəfə üzrə fəlsəfə doktoru İlham Abbasovla Böyük Vətən müharibəsindən danışdıq.
Fuad Babayev: Biz Azərbaycanın II Dünya müharibəsində və yaxud onun mühüm tərkib hissəsi olan Böyük Vətən müharibəsində iştirakı ilə bağlı əsas məsələləri bilirikmi?
İlqar Niftəliyev: Etiraf etmək lazımdır ki, ümumiyyətlə, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Böyük Vətən müharibəsinin tarixinin öyrənilməsinə maraq bir qədər azalmışdı. Bunun sözsüz ki, obyektiv səbəbləri var idi. İndi Azərbaycanın özü Vətən müharibəsi aparan ölkədir və cəmiyyətdə də Sovet dövrünə münasibət, xüsusən də 1992-1993-cü illərdə, birmənalı deyildi. Ümumiyyətlə Sovet dövrü tarixi ilə bağlı hər bir məsələni qaralamaq, orada ancaq qara səhifələr axtarmaq meyli var idi. Hesab edilirdi ki, Sovetlər bizi işğal etdiyi üçün onunla bağlı bütün tarixi hadisələri, o cümlədən də Böyük Vətən müharibəsini ancaq qara rəngdə göstərmək lazmdır.
Bu gün də elmi dairələrdə belə bir münasibət var ki, əslində bu bizim müharibəmiz deyil. Azərbaycan bolşeviklər tərəfindən işğal olunub, müharibə bizim ərazimizdə getməyib. Biz imperiyanın müstəmləkəsi olduğumuz üçün məcburən bu müharibəyə cəlb olunmuşuq. Bir çox hallarda bu dövrə II dünya və ya 1941-1945-ci illər müharibəsi kimi qiymət verirlər. Mənim fikrim ondan ibarətdir ki, biz gərək hər bir tarixi hadisəyə öz zamanı və məkanı nöqteyi-nəzərindən yanaşaq. Etiraf etməliyik ki, sovet işğalına məruz qaldığımız 1920-ci ildən 1941-ci ilə qədər Azərbaycanda yeni bir nəsil böyümüşdü. O nəslin 21 yaşı var idi. Onlar müharibəyə məhz Azərbaycanı deyil, həmin o böyük Sovet Vətənini müdafiə etməyə getmişdi. Bu nəsiln nümayəndələri yeni təfəkkürdə təhsil almış şəxslər idi. Mən hesab edirəm ki, bu gün həmin dövrə nəzərən 1941-1945-ci illər müharibəsinin bizə aid olmadığını iddia etmək düzgün deyil.
Fuad Babayev: Mən belə anladım ki, hətta bu müharibə nə idi sualına belə birmənalı cavab yoxdur.
İlqar Niftəliyev: Bugünki nöqteyi-nəzərdən elə hesab edirlər ki, müharibədə Azərbaycanın verdiyi töhfə kifayət qədər qiymətləndirilməyib. Yəni bu qiymət qələbənin əldə edilməsində Bakı neftinin oynadığı rola, Azərbaycan ərazisində müharibə getmədiyi halda əhalimizin verdiyi itkilərin sayına adekvat deyil. 1940-cı ildə Azərbaycanın əhalisinin sayı 3 milyon 300 min nəfər idi. 700 min azərbaycanlı, yəni hər 5 nəfərdən biri orduya çağırılmışdı. Hər 10 nəfərdən biri də müharibədən qayıtmamışdı. Sadalanan faktları göstərməklə Azərbaycanın bu müharibəyə, bu qələbəyə verdiyi töhfənin layiqincə qiymətləndirilmədiyini qeyd edirlər. Amma hesab edirəm ki, bu hadisəyə dünya miqyasında yanaşmaq lazımdır. Bu müharibədəki qələbəyə bütün Avropa xalqları öz töhfəsini verib. Orta Asiya ölkələrinin də ərazisində müharibə olmayıb, amma onlar da bu müharibəyə öz töhfəsini verib. Qaçqınıarın böyük hissəsi Sibirə, Orta Asiya və Qazaxıstana gedirdi. Çox maraqlıdır ki, Orta Asiya ölkələrində sənayeləşmə köçürmələrin, insan resurslarının hesabına məhz II dünya müharibəsi dövründə baş verib.
Fuad Babayev: İlqar müəllimin bir tarixçi və Tarix İnstitutunun “Azərbaycan Sovet dövrü tarixi” şöbəsinin müdiri kimi bu mövzuya elmi marağı olduqca təbiidir. İlham müəllim, Siz fəlsəfə üzrə fəlsəfə doktorusunuz. II dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının tədqiqatına maraq Sizdə necə yarandı?
İlham Abbasov: 2014-cü ilin noyabrın 2-də mən internetdə Məmməd Bağırov adlı şəxs barədə məlumat oxudum. Onun haqqında yazmışdılar ki, İtaliyanın milli qəhrəmanıdır. Bu mənə çox maraqlı gəldi.
Fuad Babayev: Əhmədiyyə Cəbrayılov da Fransanın milli qəhrəmanı idi.
İlham Abbasov: İş ondadır ki, İtaliyada və Fransada milli qəhrəman adı yoxdur. Tarixi baxımdan Janna d’Ark Fransanın, Qaribaldi isə İtaliyanın milli qəhrəmanı hesab olunur. Amma Əhmədiyyə Cəbrayılovun və Məmməd Bağırovun milli qəhrəman adı alması haqqında sənəd yoxdur. Mən bu məsələlərlə bağlı italiyalı, fransalı araşdırmaçılarla, keçmiş Yuqoslaviya üzrə mütəxəssislərlə mütamadi yazışıram. Bu yaxınlarda Marina Rossi (Sovet partizanları ilə bağlı kitab müəllifidir, Soldati dell’Armata Rossa al confine orientale 1941-1945, Italy, 2014 – red..) mənim məktubuma cavab yazdı. İtaliyalı araşdırmaçı Anna Roberti, rus tarixçisi Mixail Talalay II dünya müharibəsində antifaşist müqavimət hərəkatını tədqiq ediblər.
Fuad Babayev: Əhmədiyyə Cəbrayılov əgər Fransanın milli qəhrəmanı deyildisə, onun statusu nə idi?
İlham Abbasov: O Fransanın Müqavimət Hərəkatının qəhrəmanı idi. Bu status dövlət tərəfindən təsdiq olunur. 1944-cü ilin avqustunda Paris faşistlərdən azad olunur. Fransada partizanların bir neçə qolu (de qollçular, kommunistlər, sosialistlər – İ.A.) fəaliyyət göstərirdi. Paris azad olunandan sonra bütün partizanlar nizami ordunun tərkibinə keçdilər. Əhmədiyyə Cəbrayılov 1-ci Fransa ordusunda 13 mart 1945-ci ilə qədər hərbi xidmətdə olub. Arxiv sənədləri onun şücaətlə döyüşməsini sübut edir. Onu 1966-cı ildə Moskvaya dəvət ediblər. 19 iyul 1966-cı il tarixli “Bakinskiy Raboçiy” qəzetində Fransa Müqavimət Hərəkatının tanınmış xadimi Əhmədiyyə Cəbrayılovun Moskvaya Şarl de Qolla görüşə getməsi haqqında kiçik bir məqalə var.
Fuad Babayev: Ukraynalı jurnalist Dmitri Qordonun verilişində Mark Solonin (rusiyalı yazıçı və publisist, Böyük Vətən müharibəsinə həsr edilmiş kitab və məqalər müəllifi – red.), Böyük Vətən müharibəsi haqqında bizim təsəvvürlərlə bir çərçivəyə sığmayan fikirlər səsləndirildi. Lend-lizə (II Dünya müharibəsində müttəfiqləri hərbi sursat, avadanlıq, ərzaq, tibbi avadanlıq və dərmanlar, strateji xammal, o cümlədən neft məhsulları ilə təmin etməklə bağlı qəbul edilmiş ABŞ dövlət proqramı, 1941-ci ilin noyabrından SSRİ bu proqrama daxil edilib – red.) qədərki mərhələdə ABŞ və Böyük Britaniyanın gördüyü işlər və III Reyxin əsas hərbi potensialının sualtı müharibəyə sərf edildiyi vurğulandı. Sualtı müharibəni isə coğrafi xüsusiyyətlərinə görə ABŞ və Böyük Britaniya aparırdı. Faktiki olaraq Sovet İttifaqı sualtı müharibədə iştirak etmirdi. Yəni ABŞ və Böyük Britaniya olmadan SSRİ Faşist Almaniyası üzərində qələbə qazana bilməzdi. Bu doğrudanmı belədir?
İlqar Niftəliyev: Mən hesab edirəm ki, biz nə insan amilini, nə də yardım faktorunu kənara qoya bilmərik. Bu müharibə dövründə xüsusən ABŞ və Qərb dövlətləri SSRİ-yə böyük yardım göstərib. 1941-ci ilin martında qəbul edilmiş Lend-liz proqramı ilə bağlı maraqlı bir məsələ var. Biz bilirik ki, Almaniya Avropanı işğal etməyə başlayanda hələ SSRİ ilə münasibətləri yaxşı idi. 1939-cu ildə “Molotov-Ribbentrop” paktı imzalanmışdı. Əslində bu müharibəni hər iki dövlət başlamışdı. Əvvəlcə Almaniya Polşaya girdi, Qərbi Ukrayna və Qərbi Belorusiyanı isə SSRİ işğal etdi. 1941-ci ildə SSRİ ilə müharibə başlayana qədər Almaniya sovetlərdən neft alırdı. Bu neft də Qroznı, Maykop və Bakı nefti idi. Avropa dövlətlərinin, xüsusən Fransanın 1940-cı ilin yayına qədər Bakını bombalamaq planı vardı. Çünki, başa düşürdülər ki, buradan yanacaq ala-ala Almaniya Qərbi Avropanı da işğal edəcək. Düzdür Almaniya Rumıniyadan da neft alırdı. Amma artıq Paris tutulandan və Fransa süqut edəndən sonra bu plandan imtina etdilər. Almaniya SSRİ-yə hücum edəndən sonra isə bu planlar tam ortadan qalxdı. Amma bir məqama da toxunmaq lazımdır. Müttəfiqlər 1944-cü ilə qədər ikinci cəbhəni açmadılar. Bütün bu müharibənin ağırlığı Sovet dövlətinin üzərinə düşüb. Təkcə Stalinqrad döyüşündə 2 milyona qədər insan iştirak edib. Əslində Stalinqrad döyüşü dönüş nöqtəsidir. Çox maraqlıdır 1941-ci ildə almanların bir qədər gecikməsi ona gətirib çıxardı ki, faşistlər Moskvanı tutu bilmədilər. Müharibə uzandı, Kiyev tutuldu, amma Moskva əməliyyatı gecikdi. Sovetlər kifayət qədər itki vermişdi, almanlar da kifayət qədər enerji sərf etmişdi. Onlara qüvvələrini bərpa etmək üçün yanacaq lazım idi. Ona görə 1942-ci ildə Bakı hədəf kimi seçilmişdi. Mən hesab edirəm ki, Stalinqrad döyüşü Bakı nefti uğrunda gedirdi. Çünki, mühüm arteriya idi. Bakıdan Stalinqrad vasitəsilə o neft cəbhəyə gedirdi. Ona görə də almanlar Stalinqradı tutub bu yolu bağlamaq istəyirdilər. Stalinqradı tutmaqla Qərb cəbhəsində vuruşan sovet ordusunu Bakı neftindən, Qafqaz neftindən məhrum etmək istəyirdilər.
Fuad Babayev: Müharibə illərində Bakıda təyyarə vurulub?
İlqar Niftəliyev: Aeroçəkiliş aparan təyyarələr ola bilər. “SSRİ-nin təhlükəsizlik orqanları Böyük Vətən müharibəsi illərində” adlı 6 cildlik sənədlər toplusu Moskvada nəşr edilib. Həmin sənədlərdən məlum olur ki, almanlar Bakıya paraşütlə desantlar atıb. Alman təyyarələrindən Bakıya atılmış 90-a qədər paraşütçü tutulmuşdu. Onlar da əsasən neft mədənlərində diversiya törətmək üçün göndərilirdi. Həmin diversantlar arasında əsir götürülmüş və bölgəni yaxşı bilən sovet vətəndaşları da var idi. Bu əsirlik mövzusunun üzərində bir qədər durmaq istəyirəm. İndiyə kimi də nə qədər azərbaycanılının əsir düşməsi barədə dəqiq məlumat yoxdur. 100 min və ya 150 min azərbaycanlının əsir düşməsi kimi müxtəlif rəqəmlərə rast gəlmək olar. Mən bayaq da qeyd etdim ki, 1940-cı ildə Azərbaycan əhalisinin sayı 3 milyon 300 min idi, 1946-cı ildə isə Azərbaycan əhalisinin sayı 600 min azalaraq 2 milyon 700 min olub. Əgər biz deyiriksə, 700 min əhali orduya çağırılıb, 330 min həlak olub. Bəs yerdə qalan 300 min əhali haradadır? Deməli bunlar ya əsir düşüb sonradan Vətənə qayıtmayaraq Qərb dövlətlərində və Türkiyədə qalıb yaşayan soydaşlarımızdır, ya da bizim cəbhəyə verdiyimiz qurbanların sayı daha çoxdur. Yalnız 1955-1956-cı illərdə Azərbaycanın əhalinin sayı yenidən 3 milyon 300 min nəfərə çatır. Yəni araşdırmadığımız çox məsələlər var. Bu sənədlərlə tanış olmaq üçün Rusiya və Almaniya arxivlərində işləmək lazımdır. Bu gün Azərbaycan tarixində əsirlər və legionlar, təxliyə məsələləri yeni mövzulardır.
Fuad Babayev: Ermənistan SSR və Gürcüstan SSR vətəndaşı olaraq etnik azərbaycanlılar da müharibəyə gedib. O insanların sırasında da itkilər var, onların heç də hamısı geri qayıtmayıb. Bu məsələlər tədqiqata cəlb edilib?
İlham Abbasov: Rusiyanın Müdafiə nazirliyinin “OBD Memorial” (obd-memorial.ru/html – red. ) adlı saytı var. Böyük Vətən müharibəsinin iştirakçıları (həlak olanlar və itkin düşənlər – red.) haqqında bütün sənədlər skan edilərək bu saytda yerləşdirilib. Bu mənbələri araşdırmaq lazımdır. Mən özüm dəfələrlə o mənbələrdə səhvlər tapmışam. Azərbaycana məxsus ad və soyadlar, məkan adları tanınmaz hala salınaraq təhrif olunmuş formada verilir.
İlqar Niftəliyev: 1944-cü ilin dekabrında Azərbaycan hərbi komissarı İzmaylovun Mircəfər Bağırova verdiyi məlumatda göstərilir ki, Azərbaycandan orduya 1941-ci ildən sonra 531 865 nəfər çağırılıb. 1939-cu ildən 1941-ci ilə qədər isə Azərbaycandan 75 579 nəfər çağırılıb. Ümumilikdə 1944-cü ili dekabrın 25-nə kimi Azərbaycandan 607 444 nəfər orduya çağırılıb.
Digər maraqlı məqam. 1943-cü il oktyabrın 9-da Dövlət Müdafiə Komitəsinin Qafqazdan orduya çağırışın dayandırılması haqıında xüsusi qərarı var. Çünki, Qafqaz xalqları müharibədə çox böyük itkilər verilirdi. SSRİ-də əhalinin nisbətinə görə orduda verilən bu itkilər tarazlığı pozmuşdu. Oktybrın 9-da verilən bu qərara əsasən Qafqazda mobilizasiya dayandı. Ancaq 1944-cü ilin sonunda orduya səfərbərlik yenidən bərpa olundu. Bu səfərbərliyə görə müəyyən məhdudiyyətlə 1926-cı ildə anadan olanlar orduya çağırılırdı. Müharibənin sonuna qədər cəmi 10 min adam 1944-cü ilin qərarı ilə orduya yenidən çağırılır. 1943-cü ilin sonuna qədər Sovet ordusuna bütün Cənubi Qafqazdan təxminən 424 min insan çağırılmışdı, bu da 1922-1925-ci ildə anadan olmuş şəxslər idi. Yəni itkilər çox idi, dezertirlik var idi. 1941-ci il dekabrın 5-nə olan sənəddə Azərbaycandan olan fərarilərin sayı göstərilir. Axtarışda olan şəxslərin sayı Bakıdan 127 nəfər, Naxçıvan MSSR-dən 73 nəfər, Dağlıq Qarabağa Muxtar Vilayətindən 60 nəfər, kənd rayonlarından 975 nəfər olmaqla, ümumulikdə 1235 nəfər Azərbaycandan dezertirlər var idi. Bu şəxslər orduya çağırışdan yayınanlar idi. Ordudan yayınan 1235 nəfərdən 759-u sonradan tapılsa da, 476 nəfəri tapmaq mümkün olmayıb, onların içində 17 nəfəri silahla dezerterlik edən olub.
Təmkin Məmmədli: Bəs azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının sayı haqqında dəqiq məlumat necədir?
İlqar Niftəliyev: Ümumilikdə 1 iyun 1945-ci ilə qədər 42 nəfər etnik azərbaycanlıya Sovet İttifaqı Qəhrəmanı adı almışdı. Bundan başqa Azərbaycanda doğulmuş 30 rus, 28 erməni, 4 ukraynalı da Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Mehdi Hüseynzadə 1957-ci ildə Sovet İttifaqı Qəhrəmanı adı aldıqdan sonra bu ali mükafata layiq görülmüş azərbaycanlıların sayı 43-ə çatdı.
Fuad Babayev: Sizin qənaətinizcə, azərbaycanlıların Sovet İttifaqı Qəhrəmanı adı alması onların müharibədə iştirakına, məruz qaldığı itkilərə və göstərdiyi şücaətə proporsionaldır?
İlqar Niftəliyev: Xeyr. Ermənilər və gürcülər rus dilini bizdən yaxşı biliblər. Bizim son illərdə apardığımız tədqiqatlardan rəqəmlər səsləndirmək istəyirəm. Biz bu tədqiqatlarla artıq beynəlxalq aləmə də çıxırıq. Mən bayaq qeyd etdim ki, 1939-cu ildən 1941-ci ilə qədər orduya 75 min azərbaycanlı çağırılmışdı. SSRİ Müdafiə Xalq Komissarı Timoşenkonun 1940-cı ildə (ÜİK(b)P MK-nın katibi (Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi – red.) Malenkova verdiyi məlumatda yazılır ki, orduya çağırılmış 75 min azərbaycanlıdan 19 mini rus dilini bilmir. 1 aydan sonra isə bu rəqəm artıq 21 524 nəfərə çatmışdı.
Azərbaycanlıların rus dilini bilməmələri onlar üçün əmri başa düşməmək, əmrə tabe olmamaq kimi çox böyük problemlər yaradırdı. Hətta Bağırov bölgələrə gedərək əhali arasında bu məqsədlə iş aparırdı. Moskvada çap olunmuş sənədlərdən məlum olur ki, azərbaycanlılara müxtəlif ləqəblər verirdilər, açıq yazırdılar ki, biz azərbaycanlılara etibar etmirik. Milli diviziyaların tərkibində azərbaycanlılardan başqa digər millətlərin də nümayəndələri var idi. Həmin milli diviziyaların rəhbərləri rus zabitləri idi. 1938-ci ildə milli diviziyalardan imtina olunmuşdu, amma Orta Asiyada və Qafqazda əhalinin rus dilini bilməməsi Stalini ona qayıtmağa vadar etdi.
İlham Abbasov: Mən antifaşist müqavimət hərəkatında iştirak etmiş qəhrəmanlarımıza qayıtmaq istəyirəm. Mehdi Hüseynzadənin ətrafında olan adamlar Gəncədən Mikayıl Qulubəyov, partizan ləqəbi doktor Mişa, sonra kimya üzrə elmlər doktoru oldu. Tanınmış yazıçı Süleyman Vəliyev özü də partizan olub, Cavad Həkimli 2 hərbi məktəb bitirmişdi və rus zərbə briqadasının qərargah rəisi olub. Azərbaycanlıların adlarının təhrif olunmasına dair sizə nümunələr göstərmək istəyirəm. Məsələn, Mişa Ulyanov kimi yazılmış şəxsin adı və soyadı əslində partizan Şamil Hüryanovdur. Yəni bizim adları tələffüz edərkən necə eşidiblərsə elə də yazıblar. Bu partizanın təxəllüsü həm də Bayramov olub, o elə bu adla da Sloveniyada dəfn edilib. Bütün bu şəxslər bizim fəxrimizdir.
Mən 2 həftə Sloveniya arxivlərində işləmişəm. Orada sovet partizanları ilə bağlı 300 qutu sənəd var idi. Orada öz qohumlarını axtaran, zəng edən, məktub yazan çox olub. Amma həmin arxivlərdə araşdırma aparan ilk azərbaycanlı mən idim.
Fuad Babayev: Təəssüf ki, bu mövzular gözəl sənədli və bədii filmlərə çevrilmir.
İlham Abbasov: Sloveniyalı yazıçı Peter Amelietti “Mixaylonun təkbaşına qisası” kitabı Azərbaycan dilinə tərcümə edilib. Bundan başqa məlumdur ki, Vermaxtın (1935-1945-ci illərdə nasist Almaniyasının silahlı qüvvələrinə rəsmi olaraq verilən ad – red.) arxivi Frayburqda və Berlində yerləşir. Frayburqdakı arxivdə zabitlərə, Berlindəki arxivdə isə sıravi əsgərlərə aid sənədlər saxlanılır. Həmin arxivlərdə işləmək üçün mənim maddi imkanım yoxdur.
Fuad Babayev: Siz Vermaxtın arxivlərində azərbaycanlı legionerləri axtarmaq istəyirsiniz?
İlham Abbasov: Legion partizanlığa bir tramplin olub. Legionlar olmasaydı, onlar sağ qalmazdı. Legionerlər gizli təşkilatlar yaradırdılar. Legionda olanların əksəriyyəti sonradan partizan hərəkatına qoşulub.
İlqar Niftəliyev: Belorusiyanı biz araşdırmışıq. Yaxşı ki, həmin sənədlər bizim arxivimizdədir. Tarixçi alim Mayıl Alıcanov bu mövzunu Belorusiya arxivlərində tədqiq edib. 1975-ci ildə işıq üzü görmüş “Azərbaycan döyüşçülərinin partizan hərəkatında iştirakı. (1941 – 1944-cü illər.)” kitabının müəllifidir Mayıl müəllim. Həmin sənədlərdə 98 nəfərin şəxsi vərəqəsi var. Onlarla tanış olduqda görürsən ki, onların hamısı əsirlikdən partizanlığa keçiblər. Həmin 98 nəfər 1939-cu ildə orduya çağırılmış şəxslər idi. Onlar Qərbi Ukrayna və Qərbi Belorusiyanın işğalında, bəziləri Sovet-Fin müharibəsində iştirak ediblər. Brest qalasının müdafiə edən soydaşlarımızın əksəriyyəti almanlar Belorusiyanı işğal etdikdən sonra əsir düşüblər. Sonra isə əsirlikdən müxtəlif yollarla qaçaraq partizanlara qoşulub, göstərdikləri qəhrəmanlıqlara görə müxtəlif orden və medallarla təltif ediliblər.
Fuad Babayev: Bu mövzuya postsovetməkanında və ya keçmiş sosialist blokunda (Şərqi Avropada – red.) qarşılıqlı maraq varmı?
İlqar Niftəliyev: Belarusda ayrıca Hərb Tarixi institutu var. Azərbaycanda isə heç şöbə də yoxdur. Bizdə bu mövzu sovet dövrü tarixinin içində araşdırılır. Sovet dövründə Qaraş Mədətovun (1928-1993, AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun “Azərbaycanın 1941-1945-ci illər tarixi” şöbəsinin müdiri olub-red.) vaxtında ayrıca şöbə fəaliyyət göstərib. Onlarda müharibə tarixi müqəddəs bir istiqamət kimi dərindən araşdırılır. Hazırda yeni nəslin rus dilini bilməməsi də bu mövzuya marağı azaldan səbəblərdən biridir.
Təmkin Məmmədli: Ümumiyyətlə, son dövrlərdə Azərbaycanın II Dünya müharibəsində iştirakı gənc tədqiqatçılar tərəfindən araşdırılır?
İlqar Niftəliyev: Günay Hüseyn Bakı dəniz limani 1941-1945-ci illər müharibəsi dövrünü, Şəfa Mövsümov Azərbaycanın II Dünya müharibəsində iştirakının tarixşünaslığını araşdırıb. Mais Əmrahov təxminən 15 il bundan öncə “Azərbaycan mədəniyyəti İkinci Dünya müharibəsi illərində” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Bunlar müstəqillik illərində aparılan tədqiqatlardır.
İlham Abbasov: Araşdırılası xeyli mövzular var. 8 min sovet partizanı Yuqoslaviyada vuruşub. Yalnız Mehdi Hüseynzadə Sovet İitfaqı Qəhrəmanı adına layiq görülüb. SSRİ-dən İtaliyada 6 min adam vuruşub, amma 1980-ci ildən İtaliyada hərbi pensiya alan yeganə şəxs Məmməd Bağırov olub. Sovetlər Birliyindən yalnız o İtaliyada partizan Hərəkatında iştirakına görə fəxri diploma layiq görülüb. 1997-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İtaliyaya rəsmi səfəri zamanı Məmməd Bağırov da nümayəndə heyətinin tərkibində olub. Bundan başqa İtaliyada Vilayət Hüseynov adlı adlı partizan da olub. Yanlış olaraq dərslikdə və mediada yazılır ki, guya Mussolinini (Benito Mussolini 1883-1945, İtaliyada faşist partiyasının başçısı, 1922-1943-cü illərdə İtaliyanın rəhbəri) o həbs edib. Əslində isə Vilayət Hüseynov Mussolinini həbs etməyib. Amma bu partizan 1944-cü ildə həqiqətən qəhrəmancasına həlak olub.
Dəqiqləşdirmə aparılası işlər çoxdur. Mənbələrin çoxunda Mehdi Hüseynzadənin İtaliyanın Udine şəhərindəki həbsxanadan 700 nəfəri xilas etməsi barədə məlumatlar var. Bu əməliyyat 7 fevral 1945-ci ildə həyata keçirilib. O zaman Mehdi artıq həlak olmuşdu. Əslində əməliyyata başqa bir azərbaycanlı partizan Əli Babayev başçılıq edib. Uzun müddət biz elə bilmişik ki, İtaliyadakı partizan dəstəsində Mehdi Hüseynzadədən başqa azərbaycanlı olmayıb. Amma əslində orada Şamil Hüryanov (partizan adı Bayramov – İ.A.) 3-cü rotanın komandiri, Cavad Həkimli qərargah rəisi olub. Mehdi ilə bərabər döyüşən 20-ə yaxın azərbaycanlı həlak olub, 90-a yaxın soydaşımız isə sağ-salamat Vətənə qayıdıb. Əli Babayevlə birlikdə vuruşmuş azərbaycanlı olub. Partizan adı Mixail idi, ləqəbi isə Moskva. Mən İtaliya arxivlərindən onun şəklini əldə etmişəm. Bu günə kimi bu partizanın soyadı məlum deyil. Əgər oxucularımız arasında bu şəxs haqqında məlumatı olan varsa, mənə məlumat vermələrini xahiş edirəm.
Hazırladı: Təmkin Məmmədli, 1905.az