Dəyirmi masa

BİZİM MÜƏLLİM

 

Qonaqlarımız əməkdar müəllim Almaz Həsrət, pedaqogika üzrə fəlsəfə doktoru Dəyanət Musayev, təhsil üzrə ekspert Kamran Əsədov, “Nömrə 1” Təhsil mərkəzinin rəhbəri Samin Həsənovdur.

Fuad Babayev: Bizim məktəbli vaxtımızda bir müəllim heyranlığı var idi. Hətta adama elə gəlirdi ki, müəllim yemək yemir, yatmır. İlk sualım müasir müəllim obrazı haqqındadır. Almaz xanım, buyurun.

Almaz Həsrət: Təşəkkür edirəm və hamını salamlayıram. Müasir müəllim nə deməkdir? Əgər hazırda müəllimlik fəaliyyəti ilə məşğuluqsa, bizə müasir müəllim demək olar. Amma müasirliklə ayaqlaşan müəllimdən söhbət gedirsə, artıq bir balaca düşünməyə ehtiyac yaranar. Yalnız müasir dövrün tələblərinə uyğun metodika ilə ilgilənən, dövrün tələbini bilən və müasir üsullarla şagirdlərin önünə çıxıb, dərs keçməyi bacaran müəllimə müasir müəllim deyə bilərik. 1970-1980-ci illərdəki müəllim obrazı ilə indiki dövrün müəllim obrazı arasında böyük fərq mövcuddur. O dövrdəki müəllimlərin istifadə etdikləri bütün resurslar, maddi-texniki baza sırf məktəb daxilində idi. Müasir müəllimin əlində isə böyük imkanlar, nəhəng resurslar var. Nəinki məktəb daxilində, məktəbdənkənarda da informasiya bolluğuna malikdir. İnternetdən istifadə müəllim üçün böyük imkanlar yaradır. Müəllimin obrazında artıq fərqlilik müşahidə edilir. Müəllim həm öyrədici, həm də öyrənəndir. Yəni illər öncə müəllim yalnız öyrədən idi, indi isə müəllim həm öyrənir, həm öyrədir. Bu amil müəllim obrazına əlavə olunan xüsusiyətdir. İllər öncə çox az sayda müəllimlər var idi ki, sərhədi keçmək imkanına malik olsun, hansısa xarici konfransda Azərbaycanı təmsil etsin, öz metodikasını haradasa nümayiş etdirə bilsin. Müasir müəllim sərhədlərii aşır, yenilikləri öyrənə bilir. Skayp vasitəsi ilə dərs keçir və təcrübəsini bölüşür. Bax bu cür xüsusiyyətləri çox saymaq olar. Bütün bu yeniliklər toplu halında müasir müəllim obrazına yeni çalarlar qatır. İllər öncə biz nadir hallarda eşidərdik ki, dərsliklərin hazırlanmasına hansısa orta məktəb müəllimi cəlb olunub. İndi isə bütün bacarıqlı müəllimlər dərslik hazırlanması prosesinə qatıla bilər. Yəni bütün imkanlar açılıb. Ümumiyyətlə, hər bir müəllimin özünəməxsus obrazı var. O obrazı özü yaradır. Amma müəllim öncə dürüst, vətənpərvər, öz torpağına, dövlətinə bağlı olmalıdır.

Fuad Babayev: Yəni müəllim kosmopolit ola bilməz?

Almaz Həsrət: Bəli, ola bilməz. Amma mən millətçi demirəm, vətənpərvər olmalıdır. Çünki müəllimin qarşısında əyləşən şagirdlərin içərisində müxtəlif millətlərin təmsilçisi ola bilər. Müəllim onlara yaşadıqları ölkəyə, onun bayrağına sayğı göstərməyi aşılamalı, bu baxımdan da özü nümunə olmalıdır.

Fuad Babayev: Çox geniş yayılmış müraciət forması var – “müəllim”. Yeri gəldi, gəlmədi bütün peşə sahiblərinə münasibətdə işlədilir. Kamran müəllim, müəllim sözünün yersiz işlədilməsi müəllim obrazına xələl gətirirmi?

 

 

 

 

 

 

 

Kamran Əsədov: Dediyiniz kimi müxtəlif peşə sahələrinə, sənət sahələrinə biz ümumiləşmiş halda “müəllim” deyə xitab edirik. XX əsrin əvvəllərində kiməsə müraciət edəndə yüksək müraciət forması kimi “bəy” sözündən istifadə olunurdu. Həmin əsrin sonlarında isə bu müraciət forması siyasiləşdi və az qala siyasi mənsubiyyət formasına çevrildi. Ona görə kiməsə “bəy” deyə müraciət edəndə bir qədər diskomfort hissi olur və “müəllim” sözündən istifadə edilir. İndi isə gəlin araşdıraq görək, niyə fərqli sənət sahiblərinə müəllim deyirik? Konkret rəqəmlərə müraciət edək. Bu gün ölkədə 50-dən çox ali təhsil müəssisəsi var və bu təhsil müəssisələrində 26 mindən çox müəllim çalışır. 4400 orta ümumi təhsil məktəbində isə 151 min müəllim çalışır, bu, kiçik rəqəm deyil. Məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları, körpələr evində çalışan müəllimlərin sayı 17 min nəfərdir. Bunlar dövlətin birbaşa rəsmi siyasətini həyata keçirənlərdir. Qeyri-rəsmi formada müəllim kimi çalışanlar da var, repetitorlar və hazırlıq kuslarında çalışanlar.

Fuad Babayev: Onların yəqin ki, sayı haqqında dəqiq məlumat yoxdur?

Kamran Əsədov: Çünki onların böyük əksəriyyəti heç vaxt qeydiyyatda olmurlar və yaxud da 50 müəllimdən yalnız 5-i qeydiyyatdadır, amma bu kütləvidir, etiraf edək. İndi də gələk bunların əmək haqqı məsələsinə. Baxın, müəllimlərin böyük əksəriyyəti səhər saatlarında dərs deyirlər, günün ikinci yarısında isə başqa işlərlə məğqul olurlar. Uşaqlar da görürlər ki, səhər-səhər onlara dərs deyən müəllim, günorta kartof satır, bənnalıq edir. Və düşünürlər ki, deməli, bu sahədə çalışanların hamısı müəllimdir. Axı 151 min müəllimin hamısı repetitorluq etmir və hamısının yüksək gəliri yoxdur. Hərçənd mənim apardığım araşdırmalar göstərir ki, cənub zonasında elə müəllimlər var ki, 1200-1400 manat əmək haqqı alırlar. Amma bu bütün müəllimlərə şamil edilmir.

Fuad Babayev: Rəsmi olaraq bu qədər əmək haqqı alırlar?

Kamran Əsədov: Bəli, rəsmi. Əmək stajları iyirmi beş ildən çoxdur, diaqnostik balı çoxdur, dərs yükü də otuz altı saatdır. Amma bu bütün müəllimlərə şamil olunmur. Müəllim var ki, dərs saatı azdır və dərsdən sonra qeyri peşə sahələrində çalışmaq məcburiyyətindədir.

Fuad Babayev: Yəni siz düşünürsünüz ki, “müəllim” müraciət formasının səbəblərindən birincisi budur. Amma hiss edirəm ki, Almaz xanım bu fikirlə razı deyil.

Almaz Həsrət: Bəli, mən razı deyiləm

Samin Həsənov: Mən də Kamran müəllimin fikri ilə razı deyiləm. Çünki kiməsə müəllim demək, müəllimi alçaltmaq yox, müraciət etdiyin adamı yüksəltməkdir. Axı hər adama müəllim demirsən. Tutaq ki, bizdə elə müəllimlər var ki, adam ona heç müəllim demək istəmir. Orta məktəbdə işləyən müəllim var ki, müəllim sözü ona yaraşmır.

Kamran Əsədov: Biri var diplomunda müəllim yazılan, bir də var ki, adam kənd təsərrüfatı ixtisasını qurtarıb, amma repetitorluqla məşğuldur. Hazırlıq kurslarında dərs deyən qeyri- peşəkarlar var. Fuad bəy sual verdi ki, niyə biz hər kəsə müəllim deyə müraciət edirik. Dərsdən sonra qeyri-peşəkar sahədə çalışan, məsələn taksi sürən müəllimə necə müraciət edəcəksiniz?

Samin Həsənov: Sual müəllimlik sənətinin müqəddəsliyini nəzərə alınaraq verilmişdi. Yəni hər kəsə “müəllim” deyə müraciət etməklə bu sənəti nüfuzdan salmırıq ki? Məsələn, biz öz kursumuzda əməkdaşlarımıza da, işçilərimizə də “müəllim” deyə müraciət edirik, ixtisasından asılı olmayaraq. Burada həmin müraciət hörmət xarakterlidir. “Müəllim” deyə müraciət etdiyin adam bir anda sanki özünü yığışdırır, artıq-əskik hərəkətin ona yaraşmadığını düşünür.

Fuad Babayev: Samin müəllim, Sizin kursdan söz düşmüşkən, bu yaxınlarda sosial şəbəkədə belə bir statusunuzu oxudum ki, “Nömrə 1” kursları ilə əməkdaşlıq edən müəllimləri az qala diskriminasiyaya məruz qoyurlar.

Samin Həsənov: Mən bu halı birbaşa müəllimə qarşı hörmətsizlik hesab edirəm. Bizim kursumuzun yetərincə gözəl şəraiti var, amma valideynlər gələndə ilk növbədə peşəkar və təcrübəli müəllimləri reklam edirik. Çünki valideyni ilk növbədə müəllim maraqlandırır. Amma elə müəllim var ki, mən onu altı günlük işə cəlb edə bilmirəm. Üç gün bizdə dərs deyir, üç gün də məsələn, hər hansısa bir kursda. Mən ona bir qadağa qoya bilmərəm, bizim kursumuzda məşğul olmadığı günlərdə harada istəsə dərs deyə bilər. Həmin müəllim də 3 gün bizdə, 3 gün də başqa bir yerdə məşğul olur. Amma elə yerlər də var ki, müəllimə deyirlər, “əgər “Nömrə 1”də çalışacaqsansa, bizdə işləmə”.

Fuad Babayev: Yəni bunu edənlər təbii ki, başqa tədris mərkəzi, kurslardır?

Samin Həsənov: Başqa bir özəl tədris mərkəzidir. Müəllim də bu təklifi özünə hörmətsizlik sayır. Necə ola bilər bu? Biz ona heç bir məhdudiyyət qoymamışıq, onlar isə qadağa qoymaqla müəllimi aşağılayır, ona kölə kimi yanaşırlar. O cür yerlərdə deməli, heç keyfiyyətli tədrisdən də söhbət gedə bilməz. Bacarıqlı, peşəkar, özünə hörmət edən müəllim elə bir yerdə qalıb işləməz.

Fuad Babayev: Və yaxud qalıb işləyərsə də əlacsızlıqdan işləyir.

Samin Həsənov: Əlacsızlıqdan işləyirlər. Biz çalışırıq ki, dərs deyən müəllimlərimiz güclü olsun. Onlar isə müəllimi adına görə cəlb edirlər.

Almaz Həsrət: Mən araşdırma aparmışam, kurs rəhbərləri arasındakı anlaşılmazlığın əsas səbəbi bizdə sevinci, uğuru bölüşmə mədəniyyətinin olmamasından irəli gəlir. Ona görə də hər bir kurs rəhbəri çalışır ki, bacarıqlı müəllim bir neçə yerdə yox, məhz onların kurslarında çalışsın. Onlar üçün şagirdin bacarığı yox, kursun nəticəsi önəmlidir. Müəllimin bacarığı, bilik potensialı, əziyyəti də yaddan çıxır.

Fuad Babayev: Dəyanət müəllim, sizi dinləyək. Siz pedoqoji elmlər üzrə fəlsəfə doktorusunuz və elmlər doktoru dissertasiyası üzərində işləyirsiniz. Pedaqoji elmin yüksəkliklərindən bizim bu məsələlər necə görünür?

Dəyanət Musayev: Birinci “müəllim” müraciəti ilə bağlı danışmaq istərdim. Razılaşarsınız ki, bu müraciət növü heç də yeni deyil, sovetlər dövründən qalma bir şeydir. Sadəcə deyərdim ki, bizdə müraciət formalarının çatışmamazlığından irəli gəlir. Xaricdə “ser”, “mister”, müsyö”, “her” kimi müraciət formaları var, amma bizdə o “bəy” müraciəti nədənsə “yapışmadı”, qalmadı.

Almaz Həsrət: Mən müəllim olmayanlara “bəy” deyirəm.

Dəyanət Musayev: Məndə bu söz siyasi assosiasiya yaratmır, amma nədənsə dilimə yatmır. Kamran müəllimin dediyi fikirlə bəlkə də razılaşmaq olar. Amma bir şey də var, dərsdən sonra kənar peşələrlə məşğul olan müəllimləri bir neçə nəfər tanıyır, onlar da ona “müəllim” deyə müraciət edir. Amma bizdə bu müraciət kütləvi hal alıb, yəni heç kim soruşmur ki, başqa harda işləyirsən. Bu bizdə artıq dilimizə yatıb, insanlara hörmətlə müəllim deyirlər.

Kamran Əsədov: Bizim yaşayış binasının altında bir supermarket var. Bir məhsul götürəcəkdim, nəzarətçi qıza dedim ki, bu keyfiyyətsizdir, zəhmət olmasa, müdiriyyəti çağırın. Qız da bir nəfəri çağırdı: “Müəllim, Sizi çağırırlar, gəlin”. Gəldi, soruşdum ki, nə müəllimidir. Bildirdi ki, nəzarətçidir. “Ay qardaş, sənə nəzarətçi desinlər də, daha müəllim nədir”, – dedim. Deyirsiniz ki, hörmət məqsədilə “müəllim” deyirlər, amma məncə, bəzən biz müdirimizə, direktorumuza yaltaqlıq məqsədilə “müəllim” deyirik.

Kurslarla bağlı mən də bir neçə söz demək istəyirəm. Biz kursun uğurunu paylaşmaqla yanaşı, uğursuzluğunu da paylaşmalıyıq. Bu gün kurslar var ki, yalandan reklam edirlər nəticələrini. Kurslar var ki, yeddi yüz balı, altı yüz doxsan balı reklam edirlər. Onlar həmin uşaqları pulla alırlar. Deyək ki, şəxsən mənim özümə müraciət edən olub ki, bu il hazırlıq keçdiyim iki qız yüksək bal toplamışdı. İki kurs müraciət etdi ki, uşağa iki min manat, mənə də beş yüz manat verirlər, uşaqlar gəlib onların reklamları olan köynək geyinib, şəkil çəkdirsinlər. Valideynlər də görür ki, bunların uğurları var.

Almaz Həsrət: İki min manatın əvəzində iki yüz şagird gəlir.

Kamran Əsədov: Onlar imtahan edirlər, savadlı, bilikli, məktəbdən hazırlıqlı gələn uşaqları qoyurlar A qrupuna, qalanlarını isə B, C, D qrupuna. Yaxşı müəllimlər A qrupunda dərs deyir, reklama da həmin qrupun uşaqlarını çıxarırlar. Bu il ali məktəbə 80 min nəfər sənəd verib, 40 min nəfər qəbul olub. Onun da 14 mini əvvəlki ilin məzunudur. Bu məsələlər qaldırılmalıdır. Kursda bilirsiniz nəyi başa düşmürlər? Təkcə doqquzuncu sinifdə 136 min adam oxuyur, onuncu sinifdə 90 min, on birinci sinifdə 85 min. Hamıya çata biləcək qədər uşaq var, bazar var. Üstəlik magistr hazırlığı, dövlət qulluğuna, müəllimlərin işə qəbulu ilə bağlı hazırlıq keçmək istəyənlər var.

Fuad Babayev: Müəllimin statusunu, onun qamətini şux saxlayan həm də onun maddi imkanlarıdır. Müəllimin obrazının formalaşmasında onun real gəlirləri də rol oynayır. Müəllimliklə nə qədər qazanmaq mümkündür və bu o məsləyin nüfuzunun artmasına xidmət edirmi?

Samin Həsənov: Bir dənə konkret cavab var, sırf orta məktəbdə işləyən müəllim ailə dolandıra bilməz.

Almaz Həsrət: Üzr istəyirəm, mən bu suala cavab verim. Siz kişi xeylaqlarısınız, ailədə statunuz daha yüksəkdir və qazancınız xanımdan daha çox olmalıdır. Mən özümdən misal gətirim. 1996-cı ildən orta məktəbdə müəllim kimi fəaliyyətə başlamışam. Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdim, məktəbi də medalla qurtarmışdım. Məktəbin direktoru bacarığıma və ya biliyimə görə məni özü çağırmışdı. Mən də tələbəlik həyatından hələ yeni çıxmışdım. Orada da biologiya müəllimi rəhmətə getmişdi və mənə dedi ki, gedib 11-ci sinifdə dərs deyəsəksən. Dedim, “yox, mənə 11-ci sinifləri verməyin, aşağı sinif verin, mən bir az qorxuram”, çünki boyum da balaca idi, on birlər də maşallah hündürboylu. Nə isə toxtadım, özümü toparladım

Fuad Babayev: Və getdiniz 11-ci sinfə…

Almaz Həsrət: Bəli. Uzun sözün qısası, dərs fəaliyyətimi o ildən başladım. Çox şükürlər olsun ki, uğurlu oldu. Çünki mənim bazam var, biliyimə arxayın oldum. Bildim ki, ondan səmərəli istifadə edə biləcəyəmsə, qazancım da yüksək olacaq. Belə-belə hiss etdim ki, mənə dərs saatı verilir, uşaqlar evdə valideynlərinə danışırdılar ki, maraqlı dərs keçir. Fəaliyyətimdə metodikalardan istifadə etməyə başladım. Hətta deyərdim ki, nəzər yetirsəniz, araşdırma aparsanız, görəcəksiniz ki, internetdən ilk istifadə edən müəllim olmuşam. İlk dəfə istifadə edəndə hamı mənə tərs baxırdı ki, müəllim nədir, internet kluba girdi nədir. Bizim Əhmədlidə öz evimizin yanında internet klub var idi. 11-ci sinif şagirdləri ilə internet kluba girirdik, öyrənə-öyrənə, beynəlxalq arenaya çıxmağa başlayanda, hiss etdim ki, dərs dediyim məktəb mənim əmək haqqımı artırır. Gördüm ki, biliyimə uyğun əlavə gəlirim var. Sonra müsabiqələrə qatıldım. Elektron təhsil müsabiqəsinə dalbadal dörd il qatıldım və beş ədəd kompüter qazandım. İlk dəfə Biologiya fənn saytı yaratdım. Deyirlər nə əkərsən, onu da biçərsən, görürdüm ki, mən bunları ödəyirəm, biliyimi verirəm, biliyimi ortaya qoyuramsa, qazancım da artır. Bir gün özəl məktəbdən mənə bir təklif gəldi – Avropa-Azərbaycan məktəbindən. Avropa-Azərbaycan məktəbində min altı yüz manat maaş aldım, orta məktəbdə də çalışırdım, özəl məktəbdə də.

Fuad Babayev: Razılaşaq ki, bu potensial, imkan yəni Sizin potensial imkanlarınız orta statistik müəllimin potensial imkanlarından hər halda daha üstündür.

Almaz Həsrət: Xüsusi olaraq vurğulamaq istəyirəm ki, bacarıqlı, savadlı, bilikli müəllimin heç vaxt ac qalma ehtimalı yoxdur.

Samin Həsənov: Müəllim orta məktəbdə dərs deyir on saat, bunun maaşı bəllidir. Başqa nə bacarıq? Deməli, əlavə işlə də məşğul olmalıdır.

Almaz Həsrət: Bacarıq deyəndə toxuma, ustalıq və s. nəzərdə tutmuram. Söhbət yeni metodikalardan düzgün istifadə etmək bacarığından gedir.

Samin Həsənov: Sizcə, bu gün bacarıqlı müəllim orta məktəbdə niyə müəllim işləmək istəyir?

Fuad Babayev: Özünə oradan hazırlıq üçün uşaq yığmaq üçün?

Samin Həsənov: Bəli, başqa bir səbəbi yoxdur.

Kamran Əsədov: Bəli.

Almaz Həsrət: Bu hamıya aid deyil.

Samin Həsənov: Mən müəllimdən soruşuram ki, bizim kursda işləyirsən və 1500 manat maaş alırsan, orta məktəb nəyinə lazımdır? Deyir ki, istəyir həm staj getsin, həm də 5-10 nəfər də hazırlıq üçün uşaq götürür.

Almaz Həsrət: Belələri bir-iki nəfərdir.

Samin Həsənov: Hamısı, mən deyərdim ki, 90 faizi elədir. Bir məsələyə də mən toxunmaq istəyirəm. Bu gün bizdəki türk liseylərinin əsas inkişaf səbəbi kişi müəllimlərin çoxluğu ilə bağlıdır. Deməli, onlarda idarəçilik də güclü olur. Bizim məktəblərimizdə isə müəllimlərin 70-80 faizi qadınlardır. Onlar da 10-cu, 11-ci siniflərə müdaxilə edə bilmirlər.

Dəyanət Musayev: Məktəblinin gələcək tərbiyəsində də kişi müəllimlərin çox böyük əhəmiyyəti var.

Fuad Babayev: Biz gender bərabərliyi dedikdə, adətən qadınların sayının artırılmasını nəzərdə tuturuq. Amma burada kişilərin sayı artırılmalıdır.

Dəyanət Musayev: Gender bərabərliyinin pozulması tək orta məktəbdə deyil. Mən iki il Pedoqoji Universitetin Müdafiə Şurasının üzvü oldum. İki ildə yalnız bir nəfər kişi gəldi müdafiəyə. Müdafiə edənlərin də mütləq əksəriyyəti qadınlardır.

Kamran Əsədov: Ən ağrılı vəziyyəti mən indi deyəcəyəm. Statistik nəticələrə görə şagirddən də aşağı səviyyədə olan müəllimlərimiz var. 2014-cü ildə Təhsil Naziri dəyişəndən sonra müəllimlərin diaqnostik qiymətləndirilməsini keçirməyə başladılar. 151 min müəllimimizin 142 mini iştirak etdi. Bəs 8 mindən artıq adam niyə iştirak etmədi? Çünki birincisi, diplomları dövlət diplomu deyildi. Təsəvvür edin, dünyanın heç bir ölkəsində iki dənə inək satıb, diplom alan müəllim görməzsiniz. Üstəlik 151 min müəllimin 45%-i öz ixtisasından dörd dənə suala cavab verə bilməyib və 10 faiz nəticə göstərib. Yalnız bir müəllim 60 bal topladı, yəni sualların hamsına düzgün cavab verdi. Amma universitetə sənəd verənlərdən iyirmi doqquz nəfəri yeddi yüz bal toplayıb. Tələbələrin nəticəsi müəllimdən yüksəkdir.

Samin Həsənov: Məncə, müqayisə düzgün deyil. Məntiq müəllimin ixtisası deyil, müəllim ona hazırlaşmır. Yaxud da ki, müəllimin ixtisası tarixdir, məntiqdən verilən suala cavab tapmır. Amma öz ixtisasında çox güclüdür.

 

Kamran Əsədov: Təqdim edilmiş test tapşırıqlarını gördüyüm üçün mən sizə deyim. Diaqnostik qiymətləndirmədə də 60 test tapşırığıdır, müəllimlərin işə qəbulunda da. Amma ixtisasdan 40 sual təqdim olunur və sualların heç biri dərslikdən kənar deyil. İbtidai sinfə dərs deyən 320-dən çox müəllim sıfır bal toplamışdı. Təsəvvür edirsinizmi?

 

Fuad Babayev: Sıfır bal nə deməkdir?

 

Kamran Əsədov: Altmış sualın heç birinə cavab verə bilməmişdilər.

 

Almaz Həsrət: Çünki kompüterdən istifadə bacarıqları yox idi. Biz onu araşdırdıq. Deyirdilər ki, savadsız müəllim kütləsidir. Xeyr, savadsız müəllim kütləsi deyil. Sadəcə texnologiyanı bilmirlər, keçməyiblər.

 

Dəyanət Musayev: Artıq yeddi, səkkiz ildir Pedaqoji Universitetdə aralıq imtahanları, dövlət imtahanları testlə keçilir. Bunlara hətta elementar sual verəndə də fikirləşir və gözləyirlər ki, variantlar deyilsin. İndi şükürlər olsun ki, bağladılar o test məsələsini, imtahan yazılıdır, ona görə də bir az fərq var.

 

Fuad Babayev: Belə bir situasasiyaya nəzər salaq. Gənc Pedoqoji Universiteti bitirib. Müəllim olmaq istəyir, amma bunu yenidən imtahandan keçirirlər. Özü-özlüyündə bu, müəllimə olan inamsızlığın təzahürü deyilmi?

 

Dəyanət Musayev: Əslində yerində olan sualdır və paradoksdur. Dövlət imtahanı verirlər, hər dəfə də bir nüfuzlu elm adamı komissiya sədri olur. Pedaqoji Universitet müəllim buraxır, cəmi üçüncü ildir kurikulumun əsasları tədris olunur. Hələ indi başlayıblar. Ona görə də gedəndə imtahandan keçə bilmirlər. Universiteti bitirib, amma məktəbin tələblərinə uyğun gedib, imtahan verə bilmirlər. Ona görə ki, kurikulumdan ümumiyyətlə xəbərləri yoxdur.

 

Almaz Həsrət: Çünki ali təhsil müəssisələrində indinin məzmununa uyğun, indiki kontenti bilib, dərs deyən müəllimlər azdır. Ali məktəblərdə yeni təlim proqramını bilən müəllimlərimiz azdır .

 

Kamran Əsədov: Hər il pedaqoji ixtisaslar üzrə bütün ixtisas qruplarında 15 mindən çox plan yerinə qəbul aparılır. Biz qəbul apardığımız plan yerindən çox əmək bazarına vakansiya veririk. Bu il təkcə 51 min adam sənəd vermişdi. Vakant yerin isə sayı cəmi 6 min idi. İndi siz gəlin imtahan etmədən, bu 6 mini seçin. Biz müraciət edənlərin birini digərlərindən fərqləndirməliyik. İmtahanın məqsədi onların savad göstəricisini yoxlamaq yox, fərqləndirməkdir.

 

Fuad Babayev: Onda dərhal başqa bir məsələ çıxır ki, bizim ali təhsil müəssisələrinin real əmək bazarı ilə heç əlaqəsi yoxdur.

 

Kamran Əsədov: Bilirsiniz, Dövlət İmtahan Mərkəzi bildirir ki, plan yerlərinin sayını Nazirlər Kabineti göndərir. Bəs Nazirlər Kabinetinin qəbuldan xəbəri varmı?

 

Dəyanət Musayev: Sifariş verilir, Nazirlər Kabineti də təsdiqləyir. Plan yerini də verirlər ki, universitet fəaliyyətini dayandırmasın. Əksər universitetlərdə müəllim ixtisasına qəbul var.

 

Kamran Əsədov: Bu il dediyim kimi, 51 min adam sənəd vermişdi, 6 min qəbul oldu, 44 min dipolmlu işsiz qaldı

 

Fuad Babayev: Üstəlik gələn il də buraxılışlar olacaq axı.

 

Kamran Əsədov: Ona görə də pedaqoji ixtisaslara qəbul dayandırılmalıdır, qoy bunlar yerləşdirsin, ondan sonra qəbelu davam et. Bizim ehtiyac olan həkimlik ixtisasımız onsuz da var. Planı buradan bağla, göndər həkimliyə, kənd təsərrüfatına.

Fuad Babayev: Söhbətimizin sonunda harada olmağımızdan yox, hansı istiqamətdə getməyimizdən danışmanızı istərdim. Son illərin dinamikası müəllimin nüfuzunun yüksəlməsi ilə bağlı müsbət meyillərdən xəbər verirmi?

Kamran Əsədov: Bu gün müəllimin həm nüfuzu, həm də keyfiyyət baxımından göstəricilərdə artım var. 3 il bundan öncəyə kimi Pedaqoji Universitetə müəllimlik ixtisasına 500-dən artıq bal toplayan yalnız 1 nəfər qəbul olunurdu. Bu il isə 692 balla müəllim ixtisası üzrə qəbul olunan var. 235 nəfər ibtidai sinif müəllimliyinə 500-dən çox balla qəbul olunub. Yəni bu balla başqa ixtisasa da qəbul oluna bilərdilər. Amma Pedaqoji Universiteti seçiblər. Deməli, keyfiyyətli kadrlar əmək bazarına daxil olurlar.

Samin Həsənov: Bizim də bir məzunumuz bu il 665 balla tarix müəllimi ixtisasını seçdi.

Almaz Həsrət: Heydər Əliyev deyirdi ki, təhsildə yeniliklər etmək istəyirsinizsə, onun inqilabi yolla yox, təkamül yolu ilə edin. Elə əslində də bu yeniliklər təkamül yolu ilə gedir. Yəni öyrənirik-ötürürük. Müəllim əslində körpüdür: köhnədən-yeniyə. Şagirdlərimiz bizim gələcəyə baxan gözlərimiz, gələcəyə uzanan qollarımızdır. Müəllim obrazı gözütoxluğu, dürüstlüyü, vətənpərvərliyi, mili şüuru əks etdirməlidir. Ən vacib məsələ dəyərli insan yetişdirməkdir.

Dəyanət Musayev: Təcrübə göstərir ki, müəllimin şagirdə təsiri, onun uğurlu pedaqoji fəaliyyəti daha çox müəllimin nüfuzundan asılıdır. Təhsilin kifayət qədər mürəkkəb və məsuliyyətli məsələləri müəllimin şəxsiyyəti, onun mövqeyi, peşəkarlıq səviyyəsi və erudisiyası sayəsində həll olunur. Etriraf etməliyik ki, son illərdə aparılan təhsil sahəsində islahatlar həm müəllim peşəsinə marağı artırıb, həm də müəllimin bir şəxsiyyət kimi cəmiyyətdə nüfuzunun artırılmasına yönəlib.

 

 

 

Hazırladı: Gündüz Nəsibov , Aydan Abaslı, 1905.az

 

 

 

 

 

 

Azərbaycanda dini təhsil: reallıqlar və perspektivlər

 

Azərbaycan İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalında keçirilən diskussiyalar silsiləsindən “Azərbaycanda dini təhsil: reallıqlar və perspektivlər” mövzusunda birinci diskussiyamız oldu.

Diskussiyanın moderatoru Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev idi. Diskussiyada Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov, Aİİ-nin müəllimləri – dosent Elvüsal Məmmədov, dosent Anar Qafarov, ilahiyyat üzrə fəlsəfə doktoru Kövsər Tağıyev iştirak edirdi.

Fuad Babayev: Ceyhun müəllim, bu günkü söhbətimizin mövzusu məhz rəhbərlik etdiyiniz ali məktəbin fəaliyyəti profili ilə bağlıdır. Ona görə də istərdik ki, ilk giriş sözünü də elə Siz edəsiniz. Sonra isə müzakirələrə başlayaq.

Ceyhun Məmmədov: Mən öncə, Fuad müəllim, Sizin şəxsinizdə Heydər Əliyev İrsini Araşdırma Mərkəzinə əməkdaşlığa görə təşəkkürümü bildirirəm. Müxtəlif sahələr üzrə çalışan qurumlarla biz əməkdaşlıq etmək istəyirik. Bilirəm ki, bu sahədə Sizin təşkilatınız da çox fəaldır, müxtəlif tədbirlər keçirirsiniz. Sosial şəbəkələrdən mən də bu barədə məlumat alıram. Düşünürəm ki, birgə əməkdaşlığımız da məhz ümumi işin xeyrinə olacaq. Həm sizin təşkilatınızın, həm də bizim institutumuzun əsas vəzifələrindən biri insanları maarifləndirmək, müxtəlif mövzularda araşdırmalar aparmaqdır. Dini təhsil məsələsi bu gün Azərbaycanda ən vacib dini məsələlərdəndir. İnsanlara dini bilgilərin verilməsi, onların bu mövzu ilə bağlı məlumatlandırılması çox vacibdir. Bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da orta məktəblərdə dini təhsilin zəruriliyi ilə bağlı fikirlər səsləndirib. Bu gün cəmiyyətdə bəzi insanların radikallığa yuvarlanması, zərərli fikirlərin yayılması ilə tez-tez rastlaşırıq. Ona görə də hesab edirik ki, insanları zərərli yollardan və fikirlərdən qorumağın ən optimal yollarından biri maarifləndirmədir. Təcrübə göstərir ki, bu cür diskussiyaların, tədbirlərin təşkil edilməsi inzibati yoldan daha effektiv vasitədir. Biz ideologiyanın qarşısına ideologiya ilə çıxmalıyıq. Bəzən inzibati üsullar bu baxımdan əks-təsir verir. Bu baxımdan da mən bizim tədbirimizi əhəmiyyətli hesab edirəm. Tədbirlərimiz ilboyu davam edəcək. Mən bu tədbirimizə uğurlar diləyirəm və ümidvaram ki, bu diskussiyaların hər biri uğurlu olacaq. Bu gün də diskussiyamızda bu sahəni kifayət qədər yaxşı bilən həmkarlarımız iştirak edir. Elə bu faktın özü də tədbirimizin uğurlu və səmərəli alınacağına ümidimizi artırır.

Fuad Babayev: Mən bizim bu günkü tədbirimizin şüarını səsləndirmək istəyirəm. Bu fikri ümummilli liderimiz Heydər Əliyev 29 iyul 1998-ci ildə Ukrayna kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşdə səsləndirib: “Uşaqlar məktəblərdə din haqqında, onun tarixi, əhəmiyyəti haqqında məlumat almalıdırlar”. Elə müzakirəmizi də bu fikir ətrafında qurmaq istərdik.

 

 

 

Nahid Məmmədov: Əslində bu ideya müstəqilliyin ilk illərindən mövcuddur. Təəssüf ki, dini təhsil Azərbaycanda ənənəsi qopan sahələrdəndir. Müstəqillik illərində dini azadlığımıza qovuşduğumuz zaman bu boşluğu daha çox hiss etməyə başladıq. Dövlət rəhbərliyinin və ümummilli liderimizin diqqət mərkəzində olan din sahəsindəki boşluq onun da marağına səbəb olmuşdu. O, yaxşı bilirdi ki, dini təhsil olmadan dini kadrların yetişdirilməsi mümkün deyil və insanların dini inanclarının müvafiq şəkildə həyata keçirilməsi çətindir. Dini təhsil ideyası çoxdan mövcud idi, lakin təəssüflər olsun ki, onu həyata keçirmək üçün fiziki imkanlar məhdud olub. Çünki qeyd etdiyim kimi, dini təhsil sahəsində Azərbaycanda digər sahələrlə müqayisədə çox boşluqlar olub. Sovet dövründə bu sahədə işlər görülməsinə imkan verilməyib. Təbii ki, belə bir şəraitdə istər orta məktəb, istərsə də ali məktəb şəraitində dini təhsil problematik məsələyə çevrilmişdi. Amma tədricən bu istiqamətdə işlər görülməyə başlandı. 1980-ci illərin sonlarında Qafqaz Müsəlmanları İdarəsi nəzdində islam mədrəsəsi fəaliyyətə başladı. Sonradan mədrəsənin bazasında Bakı İslam Universiteti yaradıldı və indi də fəaliyyətdədir. Amma o yetərincə fəaliyyətini təmin edə bilməyən bir qurum oldu. Çünki ənənələr üzərində qurulmuşdu, dərs deyənlər isə xaricdə təhsil almış, bu və ya digər dərəcədə sovet dövründə dini inanclarını qoruyub saxlayan insanlardı. Kadr problemi burada da özünü açıq şəkildə biruzə verirdi. Lakin Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətə başlaması, xaricdə kifayət qədər mütəxəssisin tədris alması müasir şəraitdə yeni zərurəti meydana çıxardı. Azərbaycan dövləti öz ali dini təhsil müəssisəsini yaratmaqla yanaşı, ibtidai siniflərdən başlayaraq dini bilgilərin verilməsi prosesinə də başlamalıdır. Bu gün də qarşımızda duran əsas problemlərdən biri kadr problemidir. Düşünürük ki, yaxın gələcəkdə Təhsil Nazirliyinin tədris etdiyi dərs vəsaitlərinin içində dinlə bağlı materialların həcmini çoxaldaraq, ilkin dini təsəvvürlərin yaradılmasına başlanılacaq.

Fuad Babayev: Nahid müəllim, yəni söhbət ayrıca dərslikdən yox, mövcud dərsliklər çərçivəsində müvafiq bölmələrin artırılmasından gedir?

Nahid Məmmədov: Birincisi, “Həyat bilgisi” dərsliyindəki dini mövzuların genişləndirilməsi, ikincisi də ayrıca fakultətiv məşğələlərin təşkil olunması, könüllü şəkildə şagirdlərə müəyyən dini biliklərin verilməsi təklif olunur. Bunlar hələlik yalnız istəkdir, qərar hələ verilməyib. Ola bilər ki, format dəyişikliyi də olsun.

Ceyhun Məmmədov: Bir neçə gün əvvəl Mübariz müəllim də mətbuatda bəyanat verdi, ümumiyyətlə, yanaşma ondan ibarətdir ki, bu gün dünyanın müxtəlif bölgələrində din ayrıca bir fənn kimi tədris olunur. Azərbaycanda bu mövzu Nahid müəllimin dediyi kimi “Həyat bilgisi” dərsliyində verilirdi. Müxtəlif dərsliklərin içərisində bu mövzu ilə bağlı müəyyən müzakirələr gedir. Amma ümumi mövqe belədir ki, bu, ayrıca bir fənn olmalıdır. Həmin fənndə şagirdlərə dinlər haqqında məlumat verilməlidir ki, gələcəkdə özlərini zərərli təsirlərdən qoruya bilsinlər. Təcrübə göstərir ki, insanlar zərərli ideologiyalara daha çox məlumatsızlıqdan və savadsızlıqdan qoşulurlar. Müəyyən insanlar ibadət qaydalarını öyrənmək istəyəndə gedib belə ideologiyanın daşıyıcılarına qoşulurlar. Ona görə də din haqqında gənclərə əvvəlcədən müvafiq bilgilərin verilməsi çox vacibdir. Biz hiss edirik ki. bu gün müəyyən zərərli cərəyanlar, təlimlər məktəbliləri də öz əhatə dairələrinə salmaq, cəlb etmək üçün çox çalışırlar. Onun qarşısını almaq üçün Təhsil Nazirliyi ilə birgə iş aparılır, müxtəlif dövlət orqanları ilə məsləhətləşmələr gedir. Mən hesab edirəm ki, məktəblərdə dini bilgilər ayrıca fənn kimi tədris olunmalıdır.

Elvüsal Məmmədov: Bu gün çox aktual və mühüm mövzunun müzakirəsi üçün toplaşmışıq. Azərbaycanda dini təhsil məsələsi çox aktual mövzudur. Həm daxili gerçəklik, həm də dünya təcrübəsi bu mövzu üzərində düşünməyi tələb edir. İslam dini Azərbaycan reallığında özünü isbat etmiş dindir. Bizim İslamla əlaqəmiz sadəcə olaraq bir neçə əsrlik əlaqə deyil. On əsrdən çoxdur ki, biz İslamla iç-içəyik və bu din bizə artıq doğmalaşıb. Tariximizə nəzər salsaq, başımızı ucaldan bütün dahilərimizin həyatında və yaradıcılığında din var. Nizami, Füzuli, Xaqani, Bəhmənyar, Bakıxanov, Zərdabi, Ağaoğlunu dindən kənar təsəvvür edə bilmirik. Mən hələ din xadimlərindən, Azərbaycanda meydana çıxan təriqətlərin əsas təmsilçilərindən danışmıram. Xaqımızın bütün töhfələrində sanki İslamın bir növ xeyir-duası var. Bu baxımdan Azərbaycanda həm keçmişə bağlılığımızı təmin etmək, həm də milli-mənəvi kimliyimizin daha da bütövləşməsi üçün övladlarımıza məktəbdə bu dinin əsas elementlərinin öyrədilməsi vacibdir. Bu günkü görüşümüzün devizi olan ümummilli liderimizin söylədikləri sadə bir cümlə deyildi. Bu, Azərbaycan reallığını duyan bir insanın ifadəsidir. O şey ki, tariximizlə bağlıdır, gənclərimizə istiqamət verir, onun sağlam əsasda tədris olunması çox vacibdir. İstəyimizdən asılı olmadan Azərbaycanda dindarların sayı artır. Bu bizi narahat eləməməlidir. Bizi daha çox dinin necə yayıldığı, dindarlaşmanın necə getməsi narahat etməlidir. Onu sağlam bünövrə üzərində aparmaq lazımdır. İnsanın formalaşmasında, onun dünyaya baxışının təşəkkül tapmasında ən mühüm mərhələ uşaqlıqdır. Ona görə də zənnimcə, Azərbaycanda ayrıca din fənninin tədris olunması çox vacibdir. Hətta mənə elə gəlir ki, biz bir qədər də gecikmişik. Suriya hadisələri başlayanda Azərbaycanın müxtəlif bölgələrindən gənclər həmin ölkəyə getdilər və ucuz ideologiyanın qurbanı oldular. Bu hadisə ölkəmizin özündə də bəzi ünsürlərin fəallaşmasına səbəb oldu, dinin özünün də rədd etdiyi məzhəbçilik qabardı. Dini dəyərlərimizin sağlam əsasda, həm xurafatdan, mövhumatdan, həm də radikalizmdən uzaq şəkildə məktəb şagirdlərinə aşılanması lazımdır. Biz bu işi düzgün əsasda aparmasaq, acınacaqlı nəticələrlə üzləşə bilərik. Orta məktəb şagirdlərində bizim milli kimliyimizlə üst-üstə düşməyən əxlaqsız davranışlar, zərərli vərdişlərə erkən yaşlarda aludəçilik kimi hallara tez-tez rast gəlinir. Din, mənəvi dəyərlər bu halların qarşısının alınmasında bizə kömək edə bilər. Orta məktəblərdə dinin tədrisi, ali məktəblərdə onun akademik şəkildə öyrənilməsi prosesini asanlaşdıracaq. Təsəvvür edin, ali dini məktəbə daxil olan tələbə heç kəlimeyi-şəhadətini bilmir, adi dini bilikləri də yoxdur. Beləcə ali məktəb akademik təhsil vermək yerinə, ən ibtidai bilgiləri öyrətmək məcburiyyətində qalır. Beləliklə, dini kadrların hazırlanması ləngiyir və istənilən səviyyədə getmir. Dini proseslərə sağlam istiqamət verə biləcək kadrların yetişdirilməsi isə dövlətin marağındadır. Əminəm ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması da bu istiqamətdə atılmış addımdır.

Fuad Babayev: Azərbaycanda kifayət qədər xristianlar, yəhudilər də yaşayır. Anar müəllim, təklif olunan dərslik Azərbaycanın yəqin ki, bütün dini palitrasını əks etdirməlidir, elə deyilmi?

Anar Qafarov: Bu məsələ bizim milli mövcudluğumuz, milli təhlükəsiliyimiz baxımından çox böyük əhəmiyyət kəsb edir. Azərbaycanda orta məktəblərdə dini tədrisin təşkil olunması ehtiyacı qonşu dövlətlərdə bu məsələyə əhəmiyyət verildiyinə görə yaranmayıb. Biz ilk növbədə yaşadığımız cəmiyyətdəki problemlərin xəritəsinə nəzər salmalıyıq. Əvvəlcə belə bir sual verək: Nə üçün dini təhsil önəmlidir? Bu gün milli, ideoloji, mənəvi, sosial təhlükəsizlik sahəsində bəzi sıxıntılarımız var. Bunun nəticəsidir ki, bu gün Azərbaycan gənci Yaxın Şərqdəki hansısa bir hadisənin arxasınca gedir. Yəni bəzən dini kimlik milli kimliyin önünə keçir. Halbuki hesab edirəm ki, məktəblərdə dini bilgilər verilsə və həmin dərsliklər mütəxəssislər tərəfindən hazırlanmalı, işin ictimai, fəlsəfi, psixoloji tərəfləri əhatə olunmalıdır. Təhsildə milli identikliklə bağlı gözəl fikirlər təbliğ edilməlidir. Milli və dini kimliyimizin sahələri müəyyənləşdirilməlidir. Xaricə bağlı olan bəzi dini icmalar və qruplar müstəqil Azərbaycana hansısa şəkildə nüfuz edərək parçalamağa çalışırlar. Dini tədris içi boşaldılmış din məfhumlarının öz mahiyyətinə qovuşdurulmasına xidmət edəcək. Dini tədris milli mövcudluğumuz baxımından da önəmlidir. Dinin fərdin və cəmiyyətin həyatında mühüm yer tutduğunu nəzərə alsaq, bunu qulaqardına vurmaq olmaz. Din bizim istəyimizdən asılı olmadan mövcud olan fenomendir. İradəmiz xaricində mövcud olan bu fenomeni mənalandırmaq üçün dini təhsil zəruridir. ABŞ, Almaniya, İngiltərədə başqa dinlər seçmə şəkildə öyrədilsə də, hesab edirəm ki, bu mənada Azərbaycanın özünəməxsusluğu olmalıdır. Çünki Azərbaycandakı ənənəvi dindarlıq multikultural anlayışa əsaslanır. İslamın öz mahiyyətində də bu var. Məhəmməd peyğəmbərin (s.a.s.) həyatında da biz bunu görə bilərik. Bir gün səhabəsi ilə oturub, söhbətləşərkən, bir yəhudi cənazəsi keçir. Ayağa qalxır. Yanındakılar söyləyirlər: “O ki, bir yəhudi cənazəsidir”. Peyğəmbərin cavabı çox önəmlidir: “Canlı olması kifayət etməzmi?” Yəni insanı belə dəyərləndirən bir din təsəvvürü hesab edirəm ki, Azərbaycanın praktik həyatında və ənənəsində də özünü göstərir. Bunların hamısının öyrənilməsi üçün dini təhsil vacibdir. Məktəbdə yalnız İslamın deyil, bütün dinlərin öyrədilməsi vacibdir. Cəmiyyətdə din haqqında təsəvvürü olmayan birisini tez bir zamanda təsir altına salmaq və başqa məqsədlər naminə istifadə etmək mümkündür.

Ceyhun Məmmədov: Fuad müəllim, Siz aktual bir məsələyə toxundunuz. Həmin dərsliklərdə yalnız bir dinin təbliğindən söhbət getmir. Bu gün Azərbaycanda xristianlığa, yəhudiliyə mənsub insanlar da yaşayır. Ona görə də bu dərslikdə söhbət məhz dinlər haqqında ümumi təsəvvür yaratmaqdan gedir. Burada söhbət şəriət ehkamlarından getmir. Yalnız dinlər haqqında, zaman-zaman din daxilində ayrılmış məzhəblər, ehkamlar haqqında məlumat verilməlidir. Əsas məqsəd şagirddə ilkin “immunitet” yaratmaqdan ibarətdir ki, onlar sabah hansısa təbliğatçının təsiri altına düşməsinlər.

Fuad Babayev: Kövsər müəllim, Sizin fikirlərinizi dinləmək istərdik.

Kövsər Tağıyev: Mən cənab Prezidentimizin bir sözü ilə başlamaq istəyirəm ki, din bir ehtiyacdır. İnsanlara dini öyrətsəniz də, öyrətməsəniz də onlar bir inanca yönələcəklər, bir təmayülün arxasınca gedəcəklər. Bu təmayülü sadəcə doğru istiqamətləndirmək lazımdır. Ona görə də məktəblərdə din təhsili nə qədər tez başlansa, bir o qədər yaxşıdır. Son 25 ildə Azərbaycandan xaricdə dini təhsil alanların sayı inanılmaz dərəcədə çoxdur. Bu nədən irəli gəlir? Tarixi proses elə gətirib ki, bizim dini təhsil müəssisələrimiz ya zamanla öz funksiyasını itirib, ya da tamamilə ortadan qaldırılıb. Buna görə də insanlar dini təhsil ehtiyaclarını xaricdə qarşılamalı olublar. Fransız inqilabına qədər xaricdə dini təhsil normal hadisə sayılırdı. Çünki toplumlar bir-biri ilə çox yaxın idilər. Milli dövlətlər meydana çıxandan sonra din, millət həmin dövlətlərin ayrılmaz bir parçası oldu. Və onların ideologiyalarına, siyasətlərinə xidmət edən fərqli formaya çevrildi. İndi hər hansı ölkə vətəndaşının xaricdə dini təhsil alması, yalnız dini biliklər alması yox, həm də həmin ölkənin dünyagörüşünü, ideologiyasını, storeotiplərini gətirməsidir. Bu baxımdan yerli dini təhsil müəssisələrinin formalaşması, aktiv fəaliyyət göstərməsi dövlətçiliyimiz və milliyyətçiliyimiz baxımından çox önəmlidir. Cəmiyyətdə bəzən belə fikirlər səsləndirilir ki, guya dünyəvi dövlətdə dini təhsil verilməsi olmaz və düzgün deyil. Halbuki məncə, burada din təhsilinin yanlış anlaşılmasından söhbət gedə bilər. Din təhsili və dini təhsil arasında bir fərqə baxa bilərik. Avropada bu “din haqqında öyrənmək” və “dindən öyrənmək” adlanır. Dünyəvi dövlətin siyasəti din haqqında öyrənməkdən ibarətdir. Hər hansı dinin “pəncərə”sindən başqa dinlərə baxmaq doğru olmaz və dünyəviliklə uyğun gəlməz. Azərbaycanda müxtəlif inanc qrupları var. Din təhsili, məktəblərdə dini məlumatların verilməsi gənclərin yanlış təsəvvürlərə yönəlməməsi baxımından çox mühümdür. Avropada din təhsili təcrübəsi uzun zamandır mövcuddur. Yalnız Fransa və Macarıstanı ayıra bilərik, onlarda din təhsili bir qədər fərqlidir. Digər Avropa ölkələrində din təhsili məktəblərdən başlayaraq davam edir. Bəzi ölkələrdə bunu dövlət təşkil edir, bəzilərində isə bu hüququ kilsələrə verirlər. Bəzi ölkələrdə din təhsili məcburidir. Bəzilərində isə seçmə fənndir. Xüsusilə Skandinaviya ölkələrində dini təhsil daha mütəşəkkil şəkildə tədris olunur. Bizdə ümidverici olan odur ki, dövlətimiz din sahəsindəki düşüncələrini artıq real şəkildə həyata keçirir. Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətə başlaması da bunun bir göstəricisidir. Ümid edirik ki, bu institut layiqli kadrlar yetişdirəcək və ölkməzin bu sahədə olan ehtiyacını ödəyəcəkdir.

Elvüsal Məmmədov: Kövsər müəllim vaxtaşırı olaraq bəzi dairələrdə ölkənin din siyasətini tənqid edənlərə cavab verdi. Cəsarətlə deyə bilərəm ki, Azərbaycan dünyəviliyi Avropa dünyəviliyindən ciddi olaraq fərqlənir. Avropada din qorxusu var, çünki keçmişdə kilsənin əlindən çox müsibətlər çəkiblər. Kilsə xristianlığı düşüncənin, elmin qarşısını kəsən bir ideologiya idi. Və uzun müddət Avropanın qaranlıqlar içərisində qalmasına səbəb olmuşdu. Lakin İslamın tarixində bu cür presdentlər yoxdur.

Fuad Babayev: Yəni Siz inkvizasiyanı nəzərdə tutursunuz?

Elvüsal Məmmədov: Mən kilsə xristianlığının, papa təsisatının elmə, düşüncəyə qarşı olmasını nəzərdə tuturam. Amma İslam tarixində belə bir hadisə olmayıb. Əksinə, İslamda elmə çağırış var. Ona görə də düşünürəm ki, bizim təcrübəmizdə məsələ ölkənin gələcəyi olmalıdır. Bəzən görürük ki, kimlərinsə dinə qarşı bir qıcığı var. O insanların şəxsi dünyagörüşlərində bir din düşmənçiliyi var. Dindarlar arasında özünü göstərən problemlərdən biri isə öz məzhəbini, öz camaatını haqlı bilərək, digər müsəlmanlara düşmən kimi yanaşmaqdır. Biz bu konsepsiyaya qarşı Azərbaycan reallığında İslamın qardaşlıq anlayışını, İslamın insana baxışını, valideynə münasibətini, əxlaqi davranışı qoymalıyıq. Beləcə uşaqlarda İslamın humanistliyi haqqında bir baza formalaşacaq. Kimlərsə onları zərərli yola çəkmək istəyəndə biz 100 şagirddən 90-ı qorumuş olarıq. Bu preventiv tədbirləri görməsək isə 100 şagirddən 80-90 nəfəri mənfi istiqamətə gedəcək və sonrakı peşmançılıq fayda verməyəcək.

Ceyhun Məmmədov: Fuad müəllim, mən bir məsələyə qısa şəkildə toxunmaq istəyirəm. Bu gün zaman-zaman belə bir fikir söylənir ki, Avropa yalnız xristianlığın buxovlarından azad olduqdan sonra inkişaf etməyə başladı. Dini insanların həyatından tamamilə çıxarmaq qeyri-mümkündür. Biz bunun acı təcrübəsini sovet dövründə gördük. Problemlərimizin köklərindən biri elə sovet hökumətinin dini tamamilə insanların həyatından çıxarmağa çalışması ilə bağlıdır. Buna tam nail ola bilməsələr də, onun fəsadlarını biz indi duyuruq. Məscidlər təyinatı üzrə istifadə edilmədi, din xadimləri qətlə yetirildi. Dediyim kimi, dini insanların qəlbindən tam çıxara bilmədilər, müstəqillik əldə etdikdən sonra isə insanlar yenidən dinə üz tutdular. Hərçənd biz bunun bəzi zərərlə cəhətlərini də gördük. Başqa bir mənfi cəhət dini ənənənin zəiflədilməsi, hətta qırılması oldu. Bayaq Siz görüşümüzün devizini oxudunuz. Ümummilli Liderimiz uzaqgörən bir şəxs kimi bu prosesləri izləyir və bilirdi ki, insanlara dini məlumatlar verilməlidir. Azərbaycan cəmiyyətində orta məktəbdə dini təhsillə bağlı müzakirələr zaman-zaman gedib. Bu barədə diskussiyalar gedib ki, bu dərsləri kim keçəcək, dərsliklər, məzhəb məsələsi necə olacaq. Məsələ ondadır ki, biz bu prosesə artıq başlamalıyıq. Azərbaycanda son illərdə orta məktəbdə dini dərsliklərin keçilməsi üçün dərsliklər hazırlandı və onların içərisində uyğun olanı da var. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin özünün də dərslik layihəsi var və dinlər haqqında ümumi bilgilərin verilməsini nəzərdə tutur. Kadrlarla bağlı deyə bilərəm ki, Bakı İslam Universitetinin, Bakı Dövlət Universiteti ilahiyyat fakültəsinin məzunları var, indi isə bizim institut fəaliyyət göstərir. Növbəti ildə bizdə dinşünas-pedaqoq ixtisasının açılması nəzərdə tutulub və bu ixtisası bitirənlər dini təhsillə məşğul olacaqlar. Yekun olaraq bu fikrə gəlirik ki, dini tamamilə qadağan etmək mümkün deyil, dini məsələlər bilavasitə dövlətin nəzarətində olmalıdır. Dini müstəvidə bilikləri dövlət özü verməlidir. Dərsliklər, kadrların hazırlanması da dövlətin nəzarətində olmalıdır və həllini tapacaq. Hər hansı işə başlayanda problemlər yarana bilər. Bununla belə tam səmimi etiraf etməliyik ki, dövlət din sahəsinə böyük qayğı göstərir. Məscid, kilsə və sinaqoqların bərpası və tikintisi, dini icmalara maddi vəsaitin ayrılması, əlamətdar tarixlərdə Azərbaycan Prezidenti İlham Əliyevin dini icmalara təbrik ünvanlaması reallıqdır. Azərbaycan İlahiyyat İnstitutunun cənab Prezidentin sərəncamı ilə yaradılması olduqca vacib və tarixi hadisədir. Bu, qarşımızda duran ən vacib məsələnin – dini durumun saflaşdırılması baxımından önəmlidir. Azərbaycandan kənarda 3000 nəfərdən artıq insan dini təhsil alıb və onların böyük bir qismi xarici təsirlərə məruz qalıblar. İndi isə dini təhsilin Azərbaycanın özündə verilməsi xüsusi əhəmiyyətə malikdir. Bütün hallarda İlahiyyat İnstitutuna qəbul olunmazdan öncə, tələbələrin düzgün dini bilik və təsəvvürlərə malik olmaları lazımlıdır və bu, onların ixtisas seçiminə də təsir göstərəcək. Düzgün və sağlam istiqamət verilməsi üçün həmin bilgilər çox əhəmiyyətlidir.

Anar Qafarov: Danışdıqca gözəl nüanslar açılır. Bir məsələni qeyd etmək istərdim. Hazırki dövrdə dindarlıq məfhumu o qədər zəhərlənib ki, dindar yetişdirmək çox böyük problemə çevrilib. Azərbaycan İlahiyyat İnstitutu tarixini, ədəbiyyatını, eləcə də dinini yaxşı bilən kadrlar, Azərbaycan vətəndaşları yetişdirəcək.

Ceyhun Məmmədov: Azərbaycanda dini cəhətdən təhlükə dini kimlik milli kimliyi üstələdiyində başlayıb. Hər hansı cəmiyyətdə dini kimlik milli kimliyi üstələməməlidir. Xüsusilə Azərbaycan cəmiyyətində biz bu istiqaməti qorumalıyıq. Bizi daha çox narahat edən isə bəzi hallarda milli kimliyin unudulması və ya onun sarsıdılmasıdır. Hər bir Azərbaycan vətəndaşı öz milli kimliyi ilə fəxr etməlidir.

Fuad Babayev: Gürcüstanda və Ermənistanda orta məktəblərdə dini təhsil məsələsi nə yerdədir?

Nahid Məmmədov: Gürcüstanda kilsə ilə dövlət arasındakı anlaşmaya görə, hətta kilsənin dövlətə müdaxiləsi də mümkündür. Kilsənin həm orduda, həm parlamentdə, həm də təhsil müəssisələrində təsir imkanları çox genişdir. Təbii ki, təhsil müəssisələrində də din tədris olunur.

Ceyhun Məmmədov: Üç ölkə – Azərbaycan, Gürcüstan və Ermənistan arasında müqayisə aparanda Gürcüstanda gürcü-pravoslav, Ermənistanda isə erməni-qriqorian kilsəsinin üstünlüyü açıq şəkildə vurğulanır. 1995-ci ildə konstitusiya qəbul ediləndə bu məsələ Azərbaycanda da çox geniş müzakirə olundu. O vaxt elə insanlar vardı ki, konstitusiyada İslamın Azərbaycanda hakim mövqeyə malik din olduğunu vurğulamağa çalışırdılar. Lakin Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində Konstitusiyada Azərbaycanda bütün dinlərə bərabər şəraitin yaradıldığı və dinlərin bərabər hüquqa malik olması, dünyəvi dövlət, dinin dövlətdən ayrı olması haqqında müddəalar təsbit olundu. Ermənistan və Gürcüstan konstitusiyalarında isə dinin hakim mövqeyə malik olması əksini tapdı. Ermənistan və Gürcüstanda şagirdlər və tələbələrlə kilsələrdə görüşlər keçirilir, onların dinlərinin əsas məqamları dərsliklərə salınır. Ermənistanın bu gün həyata keçirdiyi siyasətdə də kilsə aktiv rol oynayır. Ermənistanda xüsusilə başqa dinlərə qarşı çox dözümsüz münasibət var.

Hazırladı: Gündüz Nəsibov,

1905.az

XANLIQLAR DÖVRÜ

 

Xanlıqlar dövründən danışdıq. Qonaqlarımı tarix üzrə elmlər doktoru Şahin Fazil, tarix üzrə elmlər doktoru Qasım Hacıyev və tarix üzrə fəlsəfə doktorları Nailə Bayramova və Nazim Mustafa idi.

 

Cizgi filmlərimizdəki vətənpərvərlik

umumi

1905.az “Diskussiya klubu”da bu həftə biz animasiya filmlərimizdə vətənpərvərlik mövzusunu “Azanfilm”in keçmiş rəhbəri, animator, rəssam Elçin Hami Axundov, “3 Dost”animasiya studiyasının təmsilçiləri, rejissor Rəşad Əfəndiyev və Yusif Qabilov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, estrada aktyoru və rejissoru, estradaşünas alim Qorxmaz Əlilicanzadə, “Prosper Cartoon Studio”dan animator, illüstrator Hafiz Məlikli, psixoloq Xatirə Səfrova, 132-134 nömrəli məktəbin ibtidai sinif müəlliməsi Südabə Səfixanova və “Space” telekanalının təmsilçisi Rasim Mustafaoğlu ilə müzakirə etdik.

DİDƏRGİN MUZEYLƏRİMİZ

“1905.az” Diskussiya Klubunda bu dəfə Qubadlı, Kəlbəcər, Laçın, Cəbrayıl və Zəngilan Tarix-Diyarşünaslıq muzeylərindən danışdıq… Qonaqlarımız Vaqif Babayev (Qubadlı rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru),  Asif Ağayev (Kəlbəcər rayon Tarix-Diyarşünaslıq Muzeyinin fond mudiri),  Türkanə Nuriyeva (Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru), Tariyel Abbaslı (Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru) və Ofelya Almuradova  (Zəngilan rayon Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi) idi.

 

 

Laçınım, Laçınım, Laçınım mənim

DSCF0376

Bu həftə “1905.az” Diskussiya klubunda Laçının işğal edilməsinin 23 ili mövzusunu Laçın rayon İcra Hakimiyyətinin Hoçaz inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin müavini Xatirə Laçın, “Park Bulvar” AVM-in PR meneceri Günay Malikqızı, araşdırmaçı-tarixçi Sultan Hümbətov, yazıçı- publisist, “Qızıl qələm” mükafatı laureatı,“Şuşa şəhəri”, “Qarabağ hərbçiləri”, “Xosrov bəy Sultanov” kitablarının müəllifi Ənvər Çingizoğlu, aktyor Elşən Talıbov və laçınlı İlham Quliyevlə müzakirə etdik.