Düz 40 il əvvəl – 1978-ci ilin payızı idi. Ali təhsilimi başa vurub, arxeoloq olmaq arzusu ilə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun tərkibində fəaliyyət göstərən Arxeologiya və Etnoqrafiya Sektoruna gəlmişdim. Arxeologiya elminə marağım sonsuz idi. Hələ tələbə ikən, 1976-cı ildən arxeoloq Vəli Əliyevin rəhbərliyi ilə aparılan II Kültəpə qazıntılarında iştirak edirdim. Elə məni akademiyaya gətirən, arxeoloq olmaq arzumu da reallaşdıran Vəli Əliyev idi.
Akademiyanın bu möhtəşəm binasında ilk dəfə idi ki, olurdum. İnstitutun dəhlizi ilə irəlilədikcə fərəhdən qanad açıb uçmaq istəsəm də, üzərimdə bir ağırlıq, bir məsuliyyət hiss edirdim. Qapıların üzərində bəzi yazılara rast gəlirdim: “Xahiş edirik, rahatsız etməyin”, “Sakitliyə riayət edin”, “Məsləhət almaq üçün 1-2 arası müraciət edə bilərsiz” və s. Bu yazılar mənim məsuliyyətimi bir qədər də artırırdı. Dəhlizdə çox az adama rast gəlmək mümkün idi. Rast gəldiyim insanlar isə əllərində ya kitab, ya kağız harasa təqdim etməyə tələsirdilər.
Vəli Əliyevlə ilk daxil olduğum otaq “Qədim daş dövrü” şöbəsi oldu. O, məni təqdim edib, əyləşənlərin adlarını bir-bir, sakitcə söyləməyə başladı: – “Başda oturan Məmmədəli Hüseynovdur. Onun yanındakı Cəfərqulu Rüstəmov, bu xanım Firuzə Muradova, masanın arxasındakı Mənsur Mənsurov, gənc oğlan isə Əsədulla Cəfərovdur”. Bundan sonra hər gün yeni-yeni tanışlıqlar və s.
Gördüyüm insanların adlarını yadımda saxlayıb, hansı dövrlə məşğul olduqlarını öyrənirdim. Görkəmli arxeoloqlar: Rəşid Göyüşov, Rəhim Vahidov, Aləm Nuriyev, Qara Əhmədov, İdeal Nərimanov, Fərhad İbrahimov, Qardaşxan Aslanov, Fərman Mahmudov, Məhəmməd Seyfəddini, Teymur Bünyatov, Hidayət Cəfərov, Maisə Rəhimova, Məşədixanım Nemətova, Rəbiyyə Qasımova, Qüdrət İsmayılzadə və başqaları ilə uzaqdan da olsa, təmasda olurdum. Onlardan biri də ilk baxışda qəzəbli görünən, çevik hərəkətləri ilə fərqlənən, Azərbaycan və rus dillərində səlis danışan İlyas Babayev idi. Vəli Əliyevlə İlyas müəllimi yaxın dostluq telləri bağlayırdı. Odur ki, Vəli müəllim məni təqdim edib, dedi ki, İlyas, bu cavan oğlanı bura gətirməkdə məqsədim Naxçıvanın ilk tunc dövrü mədəniyyətinin araşdırılmasını ona tapşırmaqdır. İlyas müəllim mənə bir-iki sual verdikdən sonra, uğurlar arzulayıb, getdi. Amma o gündən bu insana məndə bir bağlılıq yarandı. Onun isti, xoş münasibəti, aramızda 20 yaş fərqin olmasına baxmayaraq, gələcək dostluğumuzun əsasını qoydu.
Həmin vaxtdan etibarən hər dəfə akademiyaya gedəndə İlyas müəllimlə görüşür, ondan müəyyən məsləhətlər alırdım. İlyas müəllimin rus dilində çox gözəl danışıq və yazmaq məharəti var idi. Həmçinin, arxeoloji terminlərə dərindən bələd alim idi. O zaman tezislər, məqalələr daha çox rus dilində yazıldığı üçün, tez-tez ondan xahiş edirdim ki, mənim yazılarımın qrammatik quruluşuna, düzgünlüyünə baxsın. O isə, öz növbəsində mənə övladı kimi qayğı göstərir, yorulmaq bilmədən, köməyini əsirgəmirdi. Mənim namizədlik dissertasiya işimin rus dilinə tərcüməsi və redaktəsi də İlyas müəllimin bir insan, bir alim kimi təmənnasız işinin bəhrəsi idi.
Beləcə illər ötdü. Dostluğumuzun 40-cı ilində, bir qış günündə İlyas müəllimi itirdik. 27 dekabr, 2017-ci il. Bu tarixi heç vaxt unutmaram. Çünki, 36 il əvvəl həmin gün mən də atamı son mənzilə yola salmışam. İlyas müəllimin yoxluğu təkcə bir ailə başçısının yox, Azərbaycan tarix-arxeologiya elminin bir qanadının itirilməsidir. Deyirlər ki, “alim öldü, aləm öldü”. “İnsan var evdən gedər, insan var eldən”. İlyas müəllim eldən getdi. Onun elmi fəaliyyətini təhlil etmək iqtidarında olmasam da, deyə bilərəm ki, ən ahıl çağlarında belə, yorulmaq bilmədən işləyirdi. Həm çöl-tədqiqat işlərində-arxeoloji qazıntılarda, həm də iş otağında, evdə. Nə vaxt onun rəhbəri olduğu şöbənin qapısını açıb baxsaydın, o, ya yazar, ya mütaliə edər, ya da ki, ətrafındakılarla elmi diskussiya aparardı. Xarici dillərə meylli idi. Vaxtını boş keçirməzdi. 80 yaşını ötsə də belə, hər zaman öyrənməyi bir şərəf işi kimi dəyərləndirirdi. Xüsusən antik dövr haqqında zəngin biliyə malik idi. Onunla antik müəlliflərin əsərləri haqqında mübahisə etmək mümkünsüz idi. Hər sözünün arxasında faktlar dayanardı.
İlyas müəllimin təkcə arxeoloq deyildi. O, qədim tariximizin gözəl bilicisi, eyni zamanda numizmat idi. Onun numizmatikaya dair çoxsaylı dəyərli əsərləri bu gün də numizmatların stolüstü kitabıdır.
İlyas müəllim dünyasını dəyişməzdən bir neçə ay əvvəl işə az-az gəlirdi. Xəstəliyin fəsadları onun zehninə, fiziki durumuna, elmi fəaliyyətinə mənfi təsir göstərmişdi. Sonuncu dəfə onunla Arxeologiya və Etnoqrafiya İnstitutunda, müdiri olduğu “Antik dövr arxeologiyası” şöbəsində 2017-ci il noyabr ayının 15-də görüşdük. Səhhətinin ağırlığı hiss olunurdu. Sağlığında yenicə çapdan çıxmış rus dilində olan son kitabının «Сборник статей по нумизматике. Баку, 2017» (“Numizmatikaya dair məqalələr toplusu”) içərisinə bir cümlə avtoqraf yazıb, mənə təqdim etdi. Amma o bir cümləni təxminən 2-3 dəqiqəyə yazdı. Hətta hiss etdim ki, mənim adımı belə tapmaqda çətinlik çəkir. Cümlə bu sözlərdən ibarətdir: “Hörmətli Abbas müəllimə müəllifdən. 15.XI.2017”. Bu kitab mənim kitab rəfimin ən görünən yerindədir. Bu, görkəmli arxeoloqun mənə olan sonuncu hədiyyəsi idi. O gündən sonra İlyas müəllimlə bir daha institutda görüşmədik.
Bu gün üzümü İlyas müəllimin əbədi ruhuna tutub deyirəm: Ruhun şad olsun, ustad! Sizin yoxluğunuz, Sizin yeriniz həmişə görünəcəkdir. Siz ondan artıq alim yetişdirmisiz, onlarla kitab, məqalə müəllifisiz. Neçə-neçə arxeoloji abidənin elmi cəhətdən araşdırılması Sizin adınızla bağlıdır. Mənalı ömrünüzün 60 ildən artığını Azərbaycanımızın tarixinin öyrənilməsinə sərf etmisiz.
Qayğıkeş insan, görkəmli ziyalı, Azərbaycan tarix-arxeologiya-numizmatika elminin tanınmış simalarından biri, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Babayevin xatirəsi onu sevənlərin, xüsusən elm adamlarının qəlbində əbədi yaşayacaqdır.
Abbas SEYİDOV – arxeoloq,
tarix elmləri doktoru, professor