Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 18-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov Azərbaycanla ICESCO arasında yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edib. Baş direktorun ötən il ölkəmizə səfəri çərçivəsində keçirilmiş görüşə istinad edən nazir ICESCO-nun nümayəndələrinin ölkəmizin azad olunmuş ərazilərinə səfər edən ilk beynəlxalq təşkilatlar sırasında olduğunu məmnunluqla vurğulayıb. Nazir Azərbaycan hökuməti tərəfindən ölkə ərazisindəki tarixi, mədəni, dini abidələrin qorunmasına hər zaman yüksək diqqətin ayrıldığını qeyd edib, həmsöhbətinin diqqətini xüsusilə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan xalqının tarixi-mədəni irsinin məqsədli şəkildə dağıdılması faktına yönəldib. O, hazırda azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən, o cümlədən tarixi, dini və mədəni abidələrin ilkin inventarlaşdırılması və mühafizəsi tədbirlərindən danışıb. Ceyhun Bayramov, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini hər zaman dəstəklədiyini bildirib.
Baş direktor Salim bin Məhəmməd əl-Maliki Azərbaycanın ICESCO-nun fəaliyyətini hər zaman dəstəklədiyini vurğulayıb və ölkənin təşkilatın işinə verdiyi töhfəni təqdir edib. Hazırkı səfəri çərçivəsində Şuşa şəhərində keçiriləcək konfransda iştirak edəcəyini deyən Baş direktor, həmçinin yaxın günlərdə ICESCO-nun xüsusi missiyasının Azərbaycanın azad olunmuş ərazilərinə səfər edəcəyini söyləyib. ICESCO Baş direktoru bu səfəri çərçivəsində Azərbaycanda təşkilatın regional ofisinin açılışı ilə bağlı müvafiq sənədin imzalanacağını məmnunluqla qeyd edib.
Görüşdə tərəflər ICESCO-Azərbaycan əməkdaşlığının perspektivləri, o cümlədən gənclərin iştirakı ilə sülh gündəliyini təşviq edən müxtəlif proqramların həyata keçirilməsi, təhsil sahəsində əməkdaşlıq, habelə tarixi-mədəni abidələrin qeydiyyatının aparılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.