
“Əl Əxbariyə” nəşrində Əlcəzair Universitetinin Beynəlxalq hüquq fakültəsinin professoru, politoloq Yusif Xorinin “Şanlı Zəfəri bayram edərkən” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan xalqının Şərqin ilk demokratik respublikasının 103-cü ildönümünü Vətən müharibəsində Qələbə əhval-ruhiyyəsi ilə qeyd etdiyi, 1991-ci ildə müstəqilliyini bərpa etmiş ölkəmizin cəmi 23 ay mövcud olmuş AXC-nin azadlıq ideyalarını davam etdirərək siyasi, iqtisadi, sosial sahələrdə böyük uğurlara imza atdığı, qısa müddətdə yüksək beynəlxalq nüfuz qazandığı qeyd edilir.
Azərbaycanın BMT, İslam Əməkdaşlıq Təşkilatının üzvü olduğunu, hazırda Qoşulmama Hərəkatına sədrlik etdiyini diqqətə çatdıran müəllif vurğulayır ki, ölkəmizdə vicdan və din azadlığı mövcuddur. O əlavə edir ki, Azərbaycan Respublikası həmişə etnik və dini zəmində münaqişələrdən uzaq olub, bütün dövlətləri dinlər və sivilizasiyalar arasında dialoqa çağırır. Əlcəzairli professor yazır: “Qeyd etməliyəm ki, Əlcəzair Prezidenti Əbdülməcid Tebbun 2020-ci il mayın 4-də Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş sammitdə mühüm nitq söylədi”.
Məqalənin sonunda deyilir: “Bu gün qardaş Azərbaycan xalqı Respublika Gününü öz torpaqlarını hələ də məğlubiyyəti həzm edə bilməyən Ermənistanın işğalından zad etməsinin və şanlı Qələbənin sevinci ilə birlikdə qeyd edir. İndi Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtinası da, onun guya Azərbaycan Ordusunun sərhədləri pozması barədə təxribat xarakterli bəyanatları da beynəlxalq ictimaiyyət tərəfindən ciddi qarşılanmır. Qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzulayıram”.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə