1905.az portalının suallarını reklam sahəsinin tanınmış mütəxəssisi Əliheydər Qasımov cavablandırır.
– Azərbaycan reklamının bu gününü necə dəyərləndirirsiniz?
– Əlbəttə ki, ölkəmizin reklam mühüti son 20 ildə xeyli dəyişib. İndi daha reklama burjua cəmiyyətinin mənfi meyli kimi baxmırlar. Bununla belə, reklam hələ də ticarətin və ümumiyyətlə tərəqqinin hərəkətverici qüvvəsi səviyyəsinə də yüksəlməyib.Ənənəvi ticarət reklamı formalarını və metodlarını çıxsaq – reklam anlayışı cəmiyyətimizdə bərkiməyib.Təəssüflər olsun ki, ən çox ehtiyac duyduğumuz sosial reklamı sahəsi də bu mənada axsayır.
-Sosial reklamdan daha geniş danışaq mümkünsə.
– Geniş danışmaq üçün prioritetləri müəyyənləşdirmək lazımdır.Yəni biz sosial reklam deyərkən nəyi nəzərdə tuturuq. Məsələn, bu yaxınlarda bir neçə ticari reklam görmüşəm ki, onlardakı drama məni çaşdırıb. Sonradan yəni reklam çarxının sonunda anlamışam ki bu əslində təhlükəsizlik sistemlərinin və ya avtomobilin reklamıdır. Ümumiyyətlə sosial reklam deyəndə bu gün üçün aktual olan mövzunun təbliğatı nəzərdə tutulur. Məsələn, indi Avropada və əksər Qərb ölkələrində gündəmdə olan ərəb qaçqınları mövzusu kimi …
-Qarabağ düyününün çözülməsinə xidmət edə biləcək işləri necə genişləndirmək olar?
– Bu ilk növbədə siyasi mövzudur. Ona görə də onun sosial reklam təbliğatı Dövlət tərəfindən aparılmalıdır. Yəni burada kiminsə “özfəaliyyəti” xeyirdən çox ziyana gətirib çıxara bilər. Adda-budda aparılan sosial reklam kampaniyaları istənilən effekti verə bilməz. Məsələn, ABŞ-da bu işlər mərkəzləşdirilmiş şəkildə dövlətin nəzarəti və birbaşa təlimatı əsasında aparılır. Hər il Kongress hədəfləri müəyyənləşdirilən təlimat əsasında ölkənin əsas sosial mövzusunu dəqiqləşdirir, sonradan bununla əlaqədar müvafiq qurum fəaliyyət planını təsdiqləyib işə başlayır.İkinci dünya müharibəsi dövründə ənənəsi qoyulmuş bu sosial-təbliğat işinin maliyəşdirilməsi keçən əsrin 70-ci illərinə qədər ABŞ hökuməti tərəfindən aparılırdı.Hal hazırda isə maliyələşmə məsələsini böyük reklam şirkətləri öz üzərlərinə götürmüşlər. Ancaq bu da təmənnasız deyil. Həmin şirkətlər dövlətin müəyyənləşdirdiyi sosial-reklam kampaniyalarında iştirak etdikləri üçün vergidən azad olunurlar. Nəzərə alsaq ki bu aksiyalarda illik dövriyyəsi ən az beş milyard dollar olan reklam şirkətləri iştirak edir, onda onların xeyrini də anlamaq çətin deyil. İndi nəticəni özünüz çıxarın.
-Siz televiziya işini də gözəl bilirsiniz.
– Mən köhnə televiziya işçisiyəm – yəni Sovet televiziyası. Ona görə də mənim sözlərim obyektiv olmaya da bilər. Ancaq hesab edirəm ki, müasir televiziya öz əsas funksiyasını yerinə yetirməlidir. Yəni maarifləndirməli, informasiya (xəbər) çatdırmalı, film istehsalı və yayımı ilə məşğul olmalı, nəticə etibarı ilə reklam cəlb etməlidir.
-İndi də sizin planlarınız barədə danışaq.
-Reklam sahəsində işləyən adamlar üçün çətin bir dövr gəlib. Mövcud iqtisadi vəziyyətlə əlaqədar reklamlar xeyli azalıb. Belə bir dövrdə planlardan danışmaq bir qədər düz olmazdı. Əsas fikrimizi son dövrdə yaratdığımız “Advertising.az” saytı ətrafında cəmləşdirmişik. Reklam haqqında məlumat, maariflənmə yeni tendensiyaların müzakirəsi – məqsədimiz budur.
-Minnətdarıq.
Fuad Babayev, Aynur Hüseynova
1905.az