
Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumu Müqəddəs Taxt-Tacda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Covanni Çezare Paqatzi imzalayıblar.
Sənədin məqsədi elm və tədqiqat sahəsində birbaşa əməkdaşlıq və təcrübə mübadiləsini dəstəkləmək, həmçinin Vatikan arxivlərində Azərbaycan tarixi ilə bağlı sənədlərin araşdırılması, qorunması və rəqəmsallaşdırılmasını təmin etməkdir.
1475-ci ildə təsis edilən Vatikan Apostol Kitabxanası dünyanın ən qədim və nüfuzlu elmi mərkəzlərindən biri hesab olunur. Zəngin fonduna nadir əlyazmalar, inkunabullar, qədim xəritələr və müxtəlif dillərdə dəyərli nəşrlər daxil olan bu kitabxana yalnız ixtisaslaşmış tədqiqatçılar üçün açıqdır. Vatikan Apostol Arxivi isə 1612-ci ildə Papa V Pavelin fərmanı ilə kitabxanadan ayrılaraq müstəqil qurum kimi formalaşıb. Burada Müqəddəs Taxt-Tacın əsrlər boyu apardığı diplomatik yazışmalar, papaların fərmanları, inzibati qeydiyyatlar və digər rəsmi sənədlər qorunur. Arxiv bu gün dünya üzrə ən mühüm və tədqiqatçılar üçün qiymətli olan tarixi mənbələrdən biri kimi tanınır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










