Balakən rayonunun Katex kəndi ərazisində yol boyunca uzanan tarixi bir abidə var. Bu abidəyə “Qafqaz səddi” də deyilir. Tarixi mənbələrdə “Qafqaz səddi”nin Şəkidən başlayaraq Gürcüstana kimi uzandığı barədə məlumatlar var. Səddin qalıqları müxtəlif zamanlarda baş verən döyüşlər və sonrakı illərdə müxtəlif səbəblərdən dağılıb.
AZƏRTAC xəbər verir ki, hazırda Katex kəndi ərazisində həmin səddin qalıqları mövcuddur və bu divarlar yerli tarixi abidə kimi qorunur. Hazırda həmin abidənin son məlumatlandırma lövhələri yanlış yazılmaqla yanaşı, həm də bərpa və restavrasiyaya ehtiyacı var.
Yevlax-Zaqatala-Gürcüstan magistralının bir neçə metrliyində yerləşən “Qafqaz səddi ” V-VI əsrdə Sasani hökmdarı Qubad və oğlu Xosrov Ənuşirəvan tərəfindən tikdirilib. Səddin uzunluğu 120 kilometrdən çox olub. “Qafqaz səddi” zaman-zaman dağıntılara məruz qalıb və ən son qalıqları Katex kəndinin ərazisinə düşür. Bu tarixi abidə Dərbənd səddindən üç dəfə böyük olması ilə seçilir.
Tarixi abidənin önündə bir neçə il əvvəl qoyulan lövhədə məlumatlar düzgün əksini tapsa da, son günlər yerləşdirilən löhvələrdə yanlışlıq var. Belə ki, yeni lövhələrdə “Zaqatala qalasının qalıqları” yazılması sakinlərin təəccüb və iradına səbəb olub. Belə ki, Zaqatala qalası XIX əsrdə tikilib və 11 hektar ərazini əhatə edir.
Uzun illərdir Şimal-Qərb bölgəsinin tarix və etnoqrafiyasını araşdıran, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli yeni lövhədə ciddi yanlışlığa yol verildiyini bildirir. Alimin sözlərinə görə, səddin ən azı 1 500, Zaqatala qalasının isə heç 200 yaşı yoxdur. Həmsöhbətimiz qeyd edib ki, bununla bağlı dəfələrlə elmi məqalələrdə, televiziya verilişlərində bəhs olunub. Alim beynəlxalq avtomobil yolunun kənarındakı bu yanlışlığın tez bir zamanda aradan qaldırılmasını vacib sayır.
“Tariximizdə bu qədər önəmli yer tutan belə möhtəşəm tarixi abidənin ciddi restavrasiyaya ehtiyacı var. Turizm baxımdan çox əlverişli mövqedə yerləşir, beynəlxalq avtomobil yolunun 3-5 metrliyindədir. Digər tərəfdən, strateji cəhətdən də əhəmiyyətli abidədir. Onun restavrasiya olunması barədə dəfələrlə təkliflər vermişəm. Təəssüf ki, bu təkliflərə cavab verilməyib”, – deyən alim növbəti dəfə müvafiq nazirlik qarşısında məsələ qaldırmağı nəzərdə tutur.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirildi ki, təkcə Zaqatala və Balakəndə deyil, çox yerlərdə belə nöqsanlar var. Belə ki, 2001-ci ildə təsdiq edilmiş dövlət reyestri mövcuddur. Həmin reyestrdə abidələr necə yazılıbsa, tarixləri necə qeyd edilibsə, lövhələr də hazırlananda elə qeyd edilir. Çünki Dövlət Xidmətinin yeganə istinad yeri reyestrdir. Həmin reyestrə dəyişiklik edilməsi nəzərdə tutulur. Yaxın vaxtlarda reyestr dəyişdiriləcək və bu nöqsanlar aradan qaldırılacaq.