
Oktyabrın 15-də Xankəndi şəhərində 3-cü Milli Şəhərsalma Forumu işə başlayıb. Forum “İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusunda keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə tərəfdaşlığı çərçivəsində reallaşır. Tədbirdə 60-dan çox ölkədən 400-dək dövlət və özəl qurumların nümayəndələri, beynəlxalq təşkilatların, akademik institutların və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edirlər.
Üç gün davam edəcək tədbir şəhərsalma sahəsində aktual çağırışların və imkanların müzakirəsi üzrə yerli və beynəlxalq ekspertlər üçün vahid platforma rolunu oynayacaq. Forumda münaqişə və təbii fəlakətlərdən sonrakı dayanıqlı bərpa prosesləri, mənzil təminatı və layiqli yaşayış məskənləri, dayanıqlı və sağlam şəhərlər, ekoloji və enerji üzrə effektiv təcrübələr, rəqəmsallaşma və innovativ yanaşmalar, Davamlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyi, regional və beynəlxalq tərəfdaşlıqların inkişafı kimi mövzularda müzakirələr aparılacaq.
Forum çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, tətbiq olunan müasir şəhərsalma standartları və innovativ texnologiyalar, Azərbaycanın postmünaqişə dövründə əldə etdiyi nailiyyətlər, həmçinin müxtəlif ölkələrin qabaqcıl təcrübələrinə dair təqdimatlar ediləcək. Eyni zamanda, şəhərsalma üzrə tədqiqatlar aparan nüfuzlu akademik heyətin iştirakı ilə təşkil olunan müzakirələr bu sahədə bilik mübadiləsini gücləndirəcək, elmə əsaslanan dayanıqlı qərarların qəbuluna təkan verəcək.
Foruma oktyabrın 17-də Bakıda yekun vurulacaq.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










