Aprel ayının 21-də Qafqaz Universitetində həmin universitetin Qarabağ Tədqiqatları Mərkəzi, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyev-heritage.org) təşkilatçılığı ilə “1905.az” portalının Diskussiya Klubunun “Böyük yalanın 100 illiyi” adlı növbəti toplantısı oldu. Dəyirmi Masanı giriş sözü ilə Qarabağ Tədqiqatları Mərkəzinin rəhbəri Bilal Dədəyev açaraq, ermənilərin bölgəyə gəlmə tarixindən, qondarma erməni soyqırımın meydana çıxma səbəblərindən bəhs etdi. “1905.az” portalının direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev rəhbərlik etdiyi portalın fəaliyyətindən danışdı, onun 200 ilə yaxın müddət ərzində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım və deportasiya siyasətini açan informasiya resursu olduğunu bildirdi.
Sumqayıt Dövlət Universitetinin professoru Şirxan Səlimov 1915-ci il hadisələri ərəfəsində Türkiyə ərazisində təxminən 1,1 milyon erməninin yaşamasına rəğmən, guya 1,5 milyon erməninin guya qırıldığını söyləyənlərin iddialarının absurd olduğunu söylədi. Tarix üzrə fəlsəfə doktoru Aqil Şahmuradov “erməni soyqırımı”nın beynəlxalq miqyasda tanınması uğrunda ermənilərin səylərindən danışdı və Vatikan, Şimali Kipr də daxil olmaqla 22 ölkənin bu yalanı dövlət səviyyəsində tanıdığını qeyd etdi. Tarix üzrə fəlsəfə doktoru Vidadi Umudlu 1915-ci il hadisələri ərəfəsində baş verənlərdən bəhs etdi və faciənin əsas səbəbkarlarından birinin Rusiya olduğunu vurğuladı. Fransada təhsil almış Samir Quliyev həmin ölkədə ermənilərin türklərə münasibətdə böyük bir dezinformasiya mühiti yaratdıqlarını bildirdi. Həm də bu dezinformasiyanı humanizmə zidd bir hadisə kimi qələmə verirlər. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) vitse-prezidenti Vəli Əlibəyov AVCİYA-nın Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar həyata keçirdiyi çoxcəhətli iş barəsində danışdı. O, 100 illik tarixi olan bu yalanın qarşısını almaq üçün düşünülmüş siyasət işləməyin vacibliyini qeyd etdi. Pedoqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev 1915-ci il hadisələri dövründə həlak olan ermənilərin sayının süni surətdə artırılması problemindən danışdı. Qafqaz Universiteti rektorunun müşaviri Saleh Akçay bildirdi ki, dünyanın araşdırma mərkəzlərində, universitetlərdə tədqiqat apara və ermənilərə layiqincə cavab verə biləcək alimlərimiz, mütəxəssislərimiz olmalıdır. Qafqaz Universitetinin professoru Akif Hüseynli qeyd etdi ki, bütün bu hadisələrə münasibətimizi müəyyənləşdirən dövlət strategiyası olmalıdır. “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədri, dosent Məmmədəli Babaşlı bu problemin kompleks araşdırılması üçün vahid mərkəzin yaradılmasının zəruriliyini vurğuladı.
Müzakirələrin sonunda Fuad Babayev qeyd etdi ki, müasir informasiya texnologiyalarından istifadə etməklə, problemlə əlaqədar intensiv iş və sanballı tədqiqatlar aparılmalıdır.