…V əsrdə yaşamış erməni tarixçisi Moisey Xorenski hələ eramızdan əvvəl II əsrdə bu torpaqda türkdilli bolqarların olması haqqında məlumat verərək qeyd edir ki onların başçısının adı ilə Vənənd toponimi yaranmışdır . O, fikrini bir qədər genişləndirərək bu torpaqlarda yaşayan Kəngər tayfası haqqında da danışır. Digər erməni tarixçisi Ermənistan və Albaniya sərhədində Kəngər dağlarının olduğunu qeyd edir. «Erməni coğrafiyası»nda da Kəngər yer adından bəhs edilir. (Ermənistanın Qukasyan rayonunda yerləşən bir dağ indi də Kəngər dağı adlanır).
Qədim erməni mənbələrində xatırladılan Pazkank, Tarnovan, Karatunk, Vaykunk kimi yer adları, tədqiqatçılara görə, türk mənşəli Peçeneq, Tarna və Karadon etnonimlərindən yaranmışdır. Ermənistanın müasir toponimiyasında Əfşar, Bayandur, Yivə, Xələs, Qarxun, Çəpni kimi yer adlarının mövcud olması səlcuq oğuzlarının hələ qədim zamanlardan bu torpaqların sakini olduğunu sübut edir.
Papazyan göstərir ki, XIV əsrin axırlarında Ararat əyaləti türk tayfalarının əlində idi. Bu tayfanın başçısı Əmir Saad idi. XV əsrdə orada yaşayan tayfalar Əmir Saadın adı ilə saatlı adlanırdı. Azərbaycan respublikasındakı Saatlı rayonu da, görünür, eyni mənşəyə malikdir. Erməni mənbələri türk mənşəli toponimlər barədə çox xəsisliklə söhbət açırlar.
Yalnız Ermənistan Rusiyaya birləşdirildikdən sonra bir sıra əsərlərdə Ermənistandakı kəndlərin siyahısı, orada yaşayan tayfalar haqqında məlumat verilir. Bu əsərlər içində xüsusilə İ. Şopenin və başqalarının əsərləri diqqəti cəlb edir . Həmin əsərlərdə indiki Ermənistan ərazisindəki türkdilli qayfalar haqqında əsaslı məlumat verilir. XIX əsrdə İrəvan quberniyasındakı türk mənşəli yer adlarını öyrənmək üçün əsas mənbə həmin əsrin ortalarında yazılmış rusdilli ədəbiyyatdır. Çünki əsasən indiki Ermənistan respublikası və Naxçıvan ərazisini əhatə edən İrəvan quberniyasının əhalisi, təsərrüfat həyatı, iqtisadi şəraiti barədə tədqiqat aparmış rus məmurları, istər-istəməz oradakı yer adlarından da bəhs etmişlər. XIX əsrin ikinci yarısında İrəvan quberniyası İrəvan, Eçmiədzin, Aleksandropol, Şərur-Dərələyəz, Sürməli, Naxçıvan və Novobayazid qəzalarından ibarət idi6 . Həmin qəzalardan bəhs edən tədqiqatçılar XIX əsrdə indiki Ermənistan ərazisindəki kəndlərin adları, həmin kəndlərdə yaşayan əhalinin milli tərkibi haqqında da məlumat vermişlər.
XX əsrin əvvəllərində F.Qanın əsərlərində İrəvan quberniyasındakı bəzi türk mənşəli adların izahına rast gəlirik . Lakin müəllifin dilimizin xüsusiyyətlərinə çox dərindən bələd olmaması bəzi sözlərin etimologiyasının düzgün verilməməsinə səbəb olub. Məsələn, müəllif Alagöz dağının etimologiyası haqqında yazır ki, bu söz ya patriarx Areyin adından götürülüb, ya da «hələ gəz» sözündəndir. Arbat sözünün mənşəyini ar/ər – kişi mənasını verən erməni sözünün və fars dilindəki abad sözünün birləşməsi ilə bağlayır. Basarkeçər toponiminin türk dilindəki basmaq və keçmək sözlərinin birləşməsindən yarandığını göstərir. Sabunçu kəndinin adını sabun bişirən kimi izah edir.
1976-cı ilə aid rəsmi məlumata görə indiki Ermənistan ərazisində 233 türk mənşəli yaşayış məntəqəsi olmuşdur. Dəyişdirilmiş adlar buraya daxil edilməmişdir. Çünki 1935- 1970-ci illər arasında 347 türk mənşəli kənd adı dəyişdirilərək erməni adları ilə əvəz olunmuşdur. Son illərdə isə türklərin indiki Ermənistan respublikası ərazisindən qovulub çıxarılmasından sonra orada bir dənə də olsun türk mənşəli yer adı saxlanılmamış, erməni adları ilə əvəz olunmuşdur…
S.Mirmahmudova “Ermənistanda türk mənşəli yer adları (Bakı, 1995)” kitabından
09.07.2018