1905.az portalının suallarını AMEA Folklor İnstitutu Folklor nəzəriyyəsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlilov cavablandırır.
– Novruz dini bayramdırmı?
– Novruz dini bayram deyil. Novruz baharla, yazla bağlı mövsüm mərasimidir. Novruzun tərkibində əski inanclar vardır, lakin bunlar din deyildir. Novruz müxtəlif dövrlərədən keçib, dini, tarixi-mədəni, siyasi və iqtisadi faktorların təsirinə məruz qalıb. Onda keçdiyi tarixi-mədəni şəraitin izləri gizlənir. Novruz içində bir çox mənəvi dəyərlərin daşındığı ənənəvi mədəniyyət nümunəsidir. Kökləri və qaynaqları ibtidai mədəniyyət dövrünün rituallarına qədər gedib çıxır. Müasir dövrdə bahar bayramı kimi qeyd etdiyimiz bu mərasim başlanğıcdan da təbiətlə bağlı olub. Bayramın təbiətlə bağlı əsas hissəsi özündə iki önəmli aktı birləşdirir. Bunlardan biri, ölən qışın “o dünya”ya yola salınması, ikincisi isə, dirilən yazın qarşılanmasıdır. Bayramın ənənəvi elementləri özündə “ölüb-dirilmə” ritualını bu və ya başqa şəkildə əks etdirirlər. Bu ritual əski mifoloji təsəvvürləri və xalq inanclarını özündə ehtiva etməkdədir. Ritual təbiətə magik təsir göstərərək onu insanların ehtiyacına uyğun şəkildə dəyişməkdən ibarət idi. Belə magik funksiyalı rituallar zaman keçdikcə arxaikləşib və ya komik funksiyalı, əyləncə xarakterli nümunələrə çevriliblər.
– Azərbaycan ədəbiyyatında Novruzla bağlı ilk məlumatlar hansı dövrə təsadüf edir?
– Novruzla bağlı məlumatlar qədim və orta əsrlər Azərbaycan ədəbiyyatında geniş şəkildə öz əksini tapır. Xüsusilə, XII əsr Azərbaycan ədəbiyyatının böyük mütəfəkkiri Nizami Gəncəvinin əsərlərində, o cümlədən, “İsgəndərnamə”sində bayramlarla bağlı çox dəyərli məlumatlar verilir. Burada Novruz haqqında da dəyərli məlumatlarla rastlaşırıq. Füzuli, Xətai, Vaqif və başqa ədiblərimizin əsərlərində bahar bayramı ilə bağlı dəyərli məlumatlar vardır. XI əsr mütəfəkkirləri Biruni və Ömər Xəyyam Novruzla bağlı əsər yazıblar. “Novruznamə” adlanan belə əsərlərdən bayram haqqında geniş məlumat almaq mümkündür.
– 1967-ci ildə ilk dəfə Şıxəli Qurbanovun təşəbbüsü ilə Bakıda Novruz bayramı keçirilib. Amma ilk dəfə də həmin il qondarma “Bahar qız” personajından istifadə olunub. Sizcə, bu obraz Qar qızı xatırlatmır ki?
– Novruz Azərbaycanda bütün dövrlərdə fasiləsiz olaraq keçirilib. Lakin bəzi dövrlərdə, o cümlədən, sovet dövründə bayramın miqyası və təntənəsi xeyli dərəcədə məhdudlaşdırılıb. Bayramın rəsmi statusu olmadığına görə dövlət dəstəyindən məhrum olub, el bayramından ev bayramına çevrilib. Lakin bütün evlərdə Novruz bir bayram kimi qeyd olunub. Şıxəli Qurbanovun bayramın rəsmiləşdirilməsi istiqamətindəki təşəbbüsü təqdir olunmalıdır. Bu hadisə bayrama yeni bir nəfəs verib. Siyasi faktorların bayrama müsbət və mənfi təsirləri olduğunu görürük. “Bahar qız” obrazı sünidir və ənənəvi mədəniyyət nümunələri ilə təsdiqlənmir. Bizim yazla bağlı mövsüm mərasimlərimiz gedən qışı “qarı” obrazında təcəssüm etdirib. Baharı isə “səməni” simvolizə edib. Bayramın digər ənənəvi elementləri də qışla yazın mübarizəsini özündə ehtiva edir.
– Novruzda yumurta boyanması ənənəsi olub, yoxsa bu adət sonradan xristianlardan bizə keçib?
– Yazla bağlı mövsüm mərasimlərində yumurta boyama ənənəsi olub. Bayramların tərkibindəki bir çox elementlər, adət və ənənələr universal xarakterlidir. Bunlar ibtidai mədəniyyət dövründən gəlir və bir çox xalqlar üçün ortaq dəyər rolunda çıxış edirlər. Bayram bəzəmək sözündəndir. Türk xalqları bayramlarda evi, süfrəni, bayram keçirilən yerləri bəzəyiblər. Yumurtanın boyanması və başqa bir çox mərasim hadisələri xristianlıqdan çox qədimdir. Belə boyama yeni yaradılışa olan münasibəti, bolluq və rifah üçün göstərilən sakral dəstəyi özündə ifadə edir.
– Novruzla bağlı ümumrespublika bayramlarında Azərbaycan MEA Folklor İnstitutunun rəyi nəzərə alınırmı?
– Bayramlarımızın və digər mərasimlərimizin milli ənənəyə uyğun bir şəkildə keçirilməsi vacib məsələdir. Müstəqilliklə başlanan ən yeni dövrdə bu istiqamətdə işlər davam edir, mərasimlərimiz öz mübarək məzmununu bərpa edir və kütləviliyini artırır. Bu sahədə dövlətin ardıcıl fəaliyyəti vardır. Bizim Folklor İnstitutunda Mərasim folkloru şöbəsi fəaliyyət göstərir. Şöbənin əməkdaşları KİV-də aktiv şəkildə bayramların tarixi, fəlsəfəsi və etnoqrafik aspektləri ilə bağlı çıxışlar edirlər. Bu çıxışlar vasitəsilə həm bayramlar öz ənənəvi məcrasına doğru yönəldilir, həm də onların məzmunundakı xeyirxahlıq, humanizm kimi mənəvi dəyər konseptləri aktivləşdirilir. Biz dövlətin müvafiq qurumlarından ənənəvi mədəniyyətlə bağlı sorğular alırıq və ona münasibət bildiririk. Bu baxımdan biz də milli mərasim mədəniyyətimizin ənənəyə uyğun şəkildə müəyyənləşməsində iştirak edirik. Biz həm tədqiqatlarımızla, həm də mətbuatdakı çıxışlarımızla mərasimlərimizin doğru, düzgün şəkildə icra edilməsini təbliğ edirik. Bizim araşdırmalarımız bayramların ənənəvi şəkildə keçirilməsinə, içi milli-mənəvi dəyərlərimizlə dolu olan mərasimlərimizin gələcək nəsillərə itkisiz və zədəsiz çatdırılması sahəsindəki fəaliyyətlərə öz müsbət təsirini göstərir.
Dadaş Musayev, 1905.az
Müsahibə 20 mart 2016-cı ildə dərc edilib