Qarabağ muzeyləri
Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Azərbaycan ərazilərində və münaqişə zonasında ölkəmizin maddi-mədəni irsinin daşıyıcısı olan 31 muzey fəaliyyətdə olub. Hazırda 103 minlik eksponat fondu Ermənistanın Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərdə yerləşir.
Məqsədimiz Qarabağda olan maddi-mədəni irsimiz haqqında məlumatların gənc nəslə çatdırılmaqla yanaşı, beynəxalq təşkilatlara itkilərimiz barədə dürüst informasiyaları çatdırmaqdır. Bu ideya Söz Azadlığını Müdafiə Fondunun (SAMF) Azərbaycan Republikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə gercəkləşən layihədə mümkün olub.
“İrs” rubrikasında Qarabağ muzeyləri ilə bağlı məlumatları ardıcıl olaraq təqdim edəcəyik.
Ağdam Tarix-Diyarşünaslıq Muzeyi
Ağdam rayonunda ilk müzeyin yaranması 1962-ci ilə təsadüf edir.
Muzeyin direktoru vəzifəsinə rayon ziyalısı Yusif Əhmədov təyin edilmişdir. İlk dövrlərdə ştat cədvəli təsdiq edilmədiyindən muzey əməkdaşları işə mədəniyyət şöbəsinin işçiləri kimi qəbul edilmişdi. İki otaqdan ibarət muzeydə rayon tarixinə aid edilən 500-dək eksponat toplanılmışdı.
Ağdam Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsinə Çimnaz Əliyevanın təyinatından sonra rayonda muzey işinin təşkilinə və təbliğinə geniş yer verilir.
Muzeyin ştat cədvəli 1982-ci ildə təsdiq edilir. Ştatda isə direktor, mühafizəçi, fond müdiri, elmi işçi və gözətçi var idi. Muzeyin yerləşdiyi bina yararsız vəziyyətə düşdüyündən 1983-cü ildə onun bir hissəsi “İmarət”ə, əsas hissəsini isə keşmiş Lenin prospektində yerləşən mərkəzi kitabxananın bir otagına köçürülür. Eksponatlar isə “İmarət”də sərgilənirdi.
Xatırladaq ki, işğaldan əvvəl muzeyin fondunda eksponatların sayı 2500-ü keçirdi. Sərgilənən eksponatlar sırasında daha çox misdən düzəldilmiş əşyalar, sərniclər, teştlər, müxtəlif ölçülü qazanlar üstünlük təşkil edirdi.
Ağdam şəhərinin Ermənistan Silahlı dəstələri tərəfindən işğal edilməsi nəticəsində muzeydən hər hansı eksponat çıxarmaq mümkün olmamışdır.
1995-ci ildən muzey fəaliyyətini Ağdam rayon Qaradağlı kənd Mədəniyyət Evinin binasında davam etdirir. Yenidən toplanılmış, bərpa edilmiş tarixi maddi-mədəniyyət nişanələrinin hesabına hazırda muzeydə 2600-dək eksponat sərgilənir.
Muzeyə 1962-1986-cı illərdə Yusif Əhmədov, 1986-1990-cı illərdə Surxay Cəfərov, 1990-1991-cı illərdə Mirhüseyn Seyidov, 1991-1995-ci illərdə Cəmilə Qasımova, 1995-2001-ci illərdə Mehman Məmmədov, 2009-2012-ci illərdə Ələkbər Əliyev rəhbərlik ediblər.
2013-cü ildən bu missiyanı davam etdirmək Ülvi Qədirovun öhdəsinə düşüb.
Hazırladı:
Vüqar Tofiqli
Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru