1905.az portalının suallarını Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aksel Vex cavablandırır.
Fuad Babayev: Cənab səfir, Sizi 1905.az portalının redaksiyasında salamlamaqdan məmnunam. İcazənizlə, sualları mən, bizim icmalçımız Taleh Quliyev və Gündüz Nəsibov verəcək.
Səfir: Buyurun. Üç nəfər bir nəfərə qarşı (gülüş).
Fuad Babayev: Bu gün Avropada yaşananlardan hamımımız xəbərdarıq. Miqrant dalğası, terror təhlükəsi və s. Bütün bu baş verənlər ölkələr arasında, xüsusilə də Şengen sazişinə daxil olan ölkələr arasında sərhədlərin bərpasına gətirib çıxarır. Bu kimi hadisələr perspektivdə Avropa institutlarının – Avropa Birliyinin, Avropa Şurasının fəaliyyət dairəsini kiçildə bilərmi? İnteqrasiya proseslərinin dezinteqrasiya ilə əvəzlənməsi mümkündürmü?
Səfir: Şübhəsiz ki, Avropada hazırda miqrant axını və terror təhlükəsi ilə əlaqədar çox çətin bir dövrdür. Həqiqətən də belə hallar iki istiqamətə yol aça bilər – inteqrasiyaya və dezinteqrasiyaya. Lakin Avropa Birliyinin inkişaf tarixinə nəzər yetirdikdə, böhran və problemlərin Avropada inteqrasiyaya gətirib çıxardığını görürük. Bizim xarici siyasətimizdə uğursuzluqlar və ya boşluqlar olduğu təqdirdə, yığışaraq, onu daha da təkmilləşdirməliyik və təkmilləşdiririk. Bu da bizim daxilimizdə inteqrasiya meyllərini daha çox gücləndirir, nəinki dezinteqrasiyanı. Bildiyiniz kimi, Fransadakı terror hadisələrindən sonra, Fransa, Almaniya, Belçika və digər ölkələrin təhlükəsizlik xidmətləri bir-biri ilə daha sıx əməkdaşlıq etməyə başladılar. Bu da sübut edir ki, təhdidlər olduğu halda müxtəlif strukturlar bir-biri ilə daha sıx əməkdaşlıq edirlər. Miqrant məsələsi ilə bağlı deyim ki, onların bu sayda axını bir tərəfdən təəccüb doğurur, amma digər tərəfdən də bu gözləntilər var idi. Amma bu bizdə belə bir fikir yaratdı ki, Şengen dövlətlərinin xarici sərhədini daha çox mühafizə etməliyik. Yəni Yunanıstan və İtaliyada daha çox mühafizə tədbirləri görməliyik. Çünki qaçqınlar daha çox həmin istiqamətlərdən gəlirlər. İtaliya bu məsələni dəfələrlə qaldırmışdı. Lakin miqrantlar məsələsinə Avropa ölkələrinin, eləcə də Avstriyanın mülki əhalisinin göstərdiyi qayğı və dəstək xüsusilə təqdirəlayiqdir. Burada qeyri-hökumət təşkilatları da böyük rol oynayır. Bir çox təsisatlar və insanlar bu funksiyaları könüllü olaraq həyata keçirirlər. Humanizm baxımından bu çox mühüm göstəricidir və biz onu əldə edə bilmişik. Eyni zamanda dövlət strukturlarının üzərinə də böyük vəzifələr düşür, onlar qaçqınların qəbul edilməsi ilə bağlı müvafiq şərait yaratmalıdırlar. Qaçqınların qalmaları üçün yerlər ayrılmalı, şəxsiyyətlərinin düzgün müəyyənləşdirilməsi, haradan gəldiyini, sığınacağa ehtiyacı olub-olmadığını, siyasi və ya iqtisadi faktorun onların qaçqınlığına səbəb olmasını aşkarlamaq üçün mexanizmlər işlənməlidir. Həmçinin gələn qaçqınlara öz həyat fəlsəfəmizi təlqin etməliyik. Onlara özümüzü daha yaxından təqdim etməyə çalışmalıyıq. Eyni zamanda öz əhalimizdə ksenofobiyanı aradan qaldırmalıyıq ki, əcnəbilərə qarşı onlarda nifrət olmasın.
Taleh Quliyev: Bizim portalın əsas vəzifələrindən biri, ölkəmizin üzləşdiyi faciə və reallıqları dünya ictimaiyyətinə çatdırmaqdır. Artıq 25 ilə yaxındır ki, Azərbaycan torpaqlarının 20 faizini itirib, 1 milyon nəfər qaçqına malikdir. Sizcə, orta statistik avstriyalı Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı hansı məlumata malikdir? Yaxud bu sahədə hansı işlər görülmlədir?
Səfir: Yaşlı avsriyalılar bu problemlə bağlı ola bilsin ki, daha çox məlumatlıdır, nəinki gənc nəsil. Çox güman ki, onlar daha çox Suriya problemləri, terror təhlükəsi, avronun düşməsi ilə bağlı daha çox məlumatlıdırlar. Ümumi götürdükdə isə qeyd etdiyiniz məsələ ilə bağlı məlumatları çox az ola bilər. Çünki bu, onların diqqət mərkəzində deyil. Amma deyək ki, orta statistik avstriyalılar deyil, mənim ətrafımdakı insanlar, mənim kateqoriyamda olan şəxslər, yüksək vəzifəli məmurlar bu problemlə bağlı yüksək səviyyədə məlumata malikdirlər. Sual yarana bilər ki, nə etmək olar? Ağlımıza bir mexanizm gəlir – ATƏT-in Minsk qrupu. Bununla bağlı Azərbaycanın mövqeyi belədir ki, Minsk qrupunun fəaliyyəti zəifdir və faydasızdır. Mən mətbuatdan bilirəm ki, yaxın günlərdə Azərbaycan Prezidenti zati-aliləri İlham Əliyevin Ermənistan Prezidenti Serj Sarkisyanla görüşü olmalıdır. Bir sıra təkliflər irəli sürülüb, əvvəlcə işğal olunmuş torpaqların qaytarılması və yalnız bundan sonra Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi. Bu təşəbbüslərin nəyə gətirib çıxaracağını indidən söyləmək çətindir. Amma mən bilirəm ki, problemin açarı Moskvadadır. Azərbaycan bu problemi həll etmək üçün nəyi qurban vermək lazım olduğunu özü müəyyənləşdirməlidir. Mən görürəm ki, son zamanlar Azərbaycanla Rusiya arasında münasibətlər çox sıxdır. Ermənistan Rusiyadan çox asılıdır və Rusiya bu dövlətə təsir və təzyiq göstərə bilər. Düşünürəm ki, bu münaqişənin hərbi yolla həlli lazımi effekti verməyəcək.
Gündüz Nəsibov: Cənab səfir, Azərbaycan və Avstriya arasında əməkdaşlığın hansı sahələrini daha prioritet istiqamətlər hesab edirsiniz?
Səfir: Biz iqtisadiyytın inkişafı və şaxələndirilməsi sahəsinə böyük maraq göstəririk. Düzünü desəm, Azərbaycanla Avstriya arasında ticarət balansında ölkəniz daha müsbət balansa malikdir. Çünki Azərbaycan Avstriyaya daha çox məhsul ixrac edir. Amma bildiyim qədər Azərbaycanın ixractının 98 faizini neft və qaz məhsulları təşkil edir. Qalan hissəsi isə gön-dəri məmulatları və qalan məhsullardır. Amma düşünürəm ki, Azərbaycan neft və qaz məhsullarından çox asılı olmamalıdır. Sual yarana bilər ki, bəs daha nə etmək olar? Azərbaycan mühüm coğrafi mövqeyindən istifadə etməklə, ticarət qovşağı imkanından istifadə edə, Çindən Avropaya uzanan İpək yolu üzərində olmasından yararlana bilər. Şimalda Moskvadan başlayaraq İrana və daha cənub bölgələrə uzanan ənənəvi ədviyyat yolundan bəhrələnməlidir.Ölkəniz boru kəmərlərinin və magistral yolların tranzit məntəqəsi ola bilər. Kiçik Birləşmiş Ərəb Əmirlikləri ölkəsinin, onun “Emirates” hava yolları şirkətinin qazandığı uğurları müqayisə etsək, Azərbaycan daha böyük potensiala malik ölkədir. Körfəz ölkələri heç nədən böyük uğurlar qazanıblar. Azərbaycan da neft və qazdan istifadə etməklə, digər sahələri dirçəltməlidir. Azərbaycanın böyük üstünlüyü ondadır ki, onun gözəl mədəni irsi var. Kənd təsərrüfatının inkişafı üçün yararlı torpaqlarınız var. Təbiətiniz gözəldir. Bu baxımdan Azərbaycan körfəz ölkələrindən daha böyük imkanlara malikdir. Sadəcə bu şanslardan faydalanaraq iqtisadiyyatı şaxələndirmək lazımdır. Avstriya böyük turizm potensialı olan ölkədir. İstərdim ki, bu sahədə əməkdaşlığımız olsun. Bildiyimə görə, Azərbaycanda çoxlu beşulduzlu otellər var. Amma turizmin inkişafı buna söykənməməlidir. Daha aşağı kateqoriyalı otellər yaradılmalı, loukost formatından geniş istifadə olunmalıdır. Düşünürəm ki, ölkəniz üçün vacib ticarət partnyoru Avropa İttifaqı sayılır. Çünki qonşu Rusiya, İran və Türkmənistanın neft-qaz məhsullarına tələbatı yoxdur. Bu zəmində Cənub qaz dəhlizinin əhəmiyyəti böyükdür. Hərçənd bu da bizim Rusiyadan qaz asılılığımızı o qədər də azaltmayacaq. Amma Avropa İttifaqı ümumilikdə öz qaz siyasətini dəyişməyə çalışır. Və çalışır ki, neft-qaz mənbələrindən asılılığı minimuma ensin. Biz bu il Avstriyada İslamla bağlı yeni qanun qəbul etmişik və bu qanunda Azərbaycanla bağlı istinadlar da var. Göndərdiyimiz məruzələr sayəsində Avstriya Xarici İşlər Nazirliyi Azərbaycanda dini icmaların birgə fəaliyyət göstərməsini yüksək qiymətləndirir. Biz bu sahədə Azərbaycanın yüksək təcrübəsindən yararlandıq. Düşünürəm ki, Azərbaycan da Avropa İttifaqının uğurlu təcrübəsindən yararlanır. Azərbaycan özünü yüksək dərəcədə Avropa dövləti hesab edir.
Fuad Babayev: Bayaq turizmdən danışdınız. Mənə maraqlıdır, cənab səfir Azərbaycanın hansı bölgələrində olub?
Səfir: “Şahdağ”da olmuşam. Bu dağ-xizəkçilik mərkəzində Avstriya şirkəti ilə birgə işlər görülüb. Təzəlikcə Mingəçevirdə olmuşam. Şəkiyə getmişəm. Düzü, bu il Azərbaycanı çox gəzə bilməmişəm. Həm də ona görə ki, mən Gürcütanda da Avstriyanın səfiriyəm. Gürcüstana Avstriya dövlət başçısının səfəri var idi, başım ora çox qarışmışdı.
Fuad Babayev: Amma səfirliyin rezidensiyası Bakıdadır?
Səfir: Bəli, buradadır.
Fuad Babayev: Nəhayət, sonda öyrənmək istərdim ki, 2015-ci ildə ölkələrimiz arasında əməkdaşlığı necə dəyərləndirirsiniz və 2016-cı ildən nə gözləyirsiniz?
Səfir: Bu il yaxşı il oldu. Və bu ilin zirvə nöqtəsi “Bakı – 2015” Birinci Avropa oyunları idi. Çox gözəl təşkil olunmuşdu. Biz də bu yarışlarda yüksək səviyyədə təmsil olunmuşduq. Avstriya parlamentinin ikinci sədri buraya gəlmişdi. O, ölkə rəhbərliyində dördüncü şəxsdir. Bu il nazirlər səviyyəsində səfər olmayıb. Çox istərdim ki, gələn il heç olmasa bir səfər həyata keçirilsin. Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə Avstriyanın Daxili İşlər Nazirliyi arasında saziş var. Həmin saziş imzalanmalıdır. Lakin hələlik qaçqın problemi ilə bağlı Avstriyanın Daxili İşlər Nazirliyi gərgin qrafiklə işləyir. 2016-cı ildə mədəniyyət sahəsində tədbirlər keçirmək istəyirik.
Fuad Babayev: Səhv etmirəmsə, bu il Qəbələ festivalında da Avstriya kollektivi iştirak etmişdi?
Səfir: Bəli, elədir. Bizim azərbaycanlı dirijor Yalçın Adıgözəlovla əməkdaşlıq etmək fikrimiz var. Bizim məqsədimiz odur ki, azərbaycanlıları yalnız Avstriyanın klassik musiqisi ilə deyil, həm də digər musiqi kollektivləri ilə də tanış edək. Heydər Əliyev Fondu ilə əməkdaşlığımızın başlanğıcı artıq qoyulub. İstərdik ki, Vyana Filarmoniyası Orkestrini Bakıya gətirək. Hərçənd bilirəm ki, maliyyə çatışmamazlığı ilə əlaqədar bu ideyanı reallaşdırmaq çətin olacaq. İşıq şouları ilə məşğul olan avstriyalı bir mütəxəssis də mənim diqqətimdədir. O da bu sahədə əməkdaşlıq etmək istəyir.
Hazırladı:
Gündüz Nəsibov
1905.az