AMEA Rəyasət Heyətinin iclasında “İraq Respublikasında yaşayan türkmanlarla tarixi, mədəni və humanitar sahələrdə əlaqələrin genişləndirilməsinə dair AMEA-nın tədbirlər planı” haqqında müzakirələr aparılıb.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Məsələ ilə əlaqədar çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Rəyasət Heyətinin 2023-cü il 12 iyul tarixli qərarı ilə İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurası yaradılıb. Şuraya İraq-Türkman tarixi, dili, ədəbiyyatı, mədəniyyəti, etnoqrafiyası və folkloru ilə bağlı araşdırmaların əlaqələndirilməsi və sistemli koordinasiyası istiqamətində tədbirlərin həyata keçirilməsi tapşırılıb.
Akademik qeyd edib ki, həmin qərarda İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasına AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin elmi-tədqiqat müəssisələrinin təklifləri nəzərə alınmaqla İraq Respublikasında yaşayan türkmanlarla tarixi, mədəni və humanitar sahələrdə əlaqələrin genişləndirilməsinə dair AMEA-nın tədbirlər planının hazırlanması barədə müvafiq tapşırıq verilib. Qeyd olunan məsələ İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının oktyabrın 20-də keçirilən iclasında müzakirə olunub, Şura üzvlərinin rəy və təkliflərinə əsasən tədbirlər planı layihəsi hazırlanıb. Şuranın ilk iclasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsinin aparıcı elmi işçisi dosent Kübra Quliyevanın “İraq-Türkman ləhcəsinin tarixi-dialektoloji təsviri” mövzusunda məruzəsi dinlənilib, eləcə də kərküklü şair, tədqiqatçı, ədəbiyyatşünas, ictimai xadim Şəmsəddin Kuzəçinin “Çağdaş Türkman ədəbiyyatı” mövzusunda elmi seminarı keçirilib.
İsa Həbibbəyli İraqın 7 universitetində Türkologiya fakültəsinin fəaliyyət göstərdiyini və həmin fakültələrin Azərbaycan dili, lüğəti, ədəbiyyatı, tarixi, folkloru, arxeologiyası ilə bağlı elmi ədəbiyyata ehtiyacları olduğunu söyləyib, həmin universitetlərin nəşr ehtiyacını ödəmək üçün AMEA-nın elmi müəssisə və təşkilatlarından kitabların toplanaraq göndəriləcəyini vurğulayıb.
İclasda qeyd olunanları nəzərə alaraq, AMEA Rəyasət Heyəti “İraq Respublikasında yaşayan türkmanlarla tarixi, mədəni və humanitar sahələrdə əlaqələrin genişləndirilməsinə dair tədbirlər planı”nı təsdiq edib.