2021-ci ildə Azərbaycan Ordusunun gündəlik və döyüş fəaliyyəti Silahlı Qüvvələrin Ali Baş Komandanının göstəriş və tapşırıqları, müdafiə naziri və Baş Qərargah rəisinin əmr və direktivləri əsasında torpaqlarımızın, ərazi sularının və hava məkanının müdafiəsi, o cümlədən mümkün təxribatların qarşısının alınması və müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə həyata keçirilib. Azad edilmiş ərazilərdə müdafiənin təşkili və dayanıqlığının təmin edilməsi məqsədilə qoşunların hazır vəziyyətdə saxlanılması üzrə tapşırıqlar yerinə yetirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 29-da keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov məlumat verib.
Anar Eyvazov bildirib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda islahatların həyata keçirilməsi 2021-ci ildə də davam etdirilib. Ordunun keyfiyyətcə yüksək, müasir standartlara çatdırılması tapşırıqları uğurla yerinə yetirilir.
Vətən müharibəsinin təcrübəsi nəzərə alınmaqla qoşunların imkan və qabiliyyətlərinin artırılması, idarəetmə orqanlarının optimallaşdırılması, səfərbərlik, əməliyyat və döyüş hazırlığının təkmilləşdirilməsi üzrə planlı tədbirlər həyata keçirilir. Vətən müharibəsindən sonrakı dövrdə həyata keçirilən fəaliyyətlər mahiyyəti və miqyası ilə əvvəlki illərdən xeyli fərqlənir. Bu çətin, lakin şərəfli dövrdə qarşıya qoyulan tapşırıqlar Azərbaycan Ordusu tərəfindən real vəziyyət nəzərə alınmaqla müvəffəqiyyətlə yerinə yetirilib.
Qeyd olunub ki, Azərbaycan Ordusunun müasir orduların modelinə uyğun yeni inkişaf mərhələsinə keçməsi üçün təşkilati-ştat strukturu təkmilləşdirilərək Quru Qoşunları Komandanlığı və yeni hərbi birlik yaradılıb. Azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrin əməliyyat və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, həmçinin xüsusi şəraitdə döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə əməliyyat (komando) hərbi hissələri yaradılıb. Komandoların Türkiyədə müvafiq hazırlıq kurslarını keçməsi təmin edilib. Bu proses hazırda da davam etdirilir. Vətən müharibəsində əldə edilən təcrübələrin təhlili əsasında Türkiyə Silahlı Qüvvələrinin də modeli nəzərə alınaraq yeni döyüş təlimatları hazırlanır. Türkiyə Silahlı Qüvvələri zabitlərinin iştirakı ilə təşkil edilən bir çox kurslara xeyli sayda hərbi qulluqçunun cəlb edilməsi mütəxəssis hazırlığını da yeni səviyyəyə yüksəldib.
Bu il ərzində Azərbaycan Ordusunda bir sıra istiqamətlər üzrə tədbirlər icra edilib. Əsas diqqət daim döyüşə hazırolma və silahlı qarşıdurma kəskinləşdiyi zaman yarana biləcək vəziyyətdə adekvat cavab tədbirlərinin görülməsinə yönəldilib. Döyüş hazırlığının təşkili və keçirilməsində əsas məqsəd qoşunların döyüş təyinatlarına uyğun imkan və qabiliyyətlərinin artırılması, qarşılıqlı əlaqə və birgə fəaliyyətlərin uzlaşmasına, həmçinin komandirlərin və qərargah zabitlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsidir.
Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri ilə cari il ərzində 900-dək komanda-qərargah, taktiki, taktiki-xüsusi və simulyasiya təlimləri yüksək texnologiyanın tətbiqi ilə həyata keçirilib. Bundan başqa, hərbi qulluqçularımız Rusiya, Qazaxıstan və İranda təşkil edilən beynəlxalq səviyyəli yarışlarda, eləcə də Türkiyə, Pakistan, Gürcüstan və ölkəmizdə keçirilən bir sıra müxtəlif təyinatlı beynəlxalq təlimlərdə iştirak ediblər.
Hərbi Təhsil sahəsində əsas diqqət xüsusi təyinatlı təhsil müəssisələrində və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində təhsil və elmi fəaliyyətin təşkilinə, təlimatların və fənn proqramlarının təkmilləşdirilməsinə, eləcə də tədris prosesinin koordinasiyasına yönəldilib. “Milli təhlükəsizlik və hərbi elmlər” elm sahəsi üzrə 10 nəfərə müxtəlif elmi adlar verilib. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi mütəxəssislərin hazırlıq proqramı Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin hərbi məktəblərində tətbiq olunan proqramlara uyğunlaşdırılıb. 2021-ci tədris ilində beynəlxalq hərbi əməkdaşlıq sahəsində də plana uyğun fəaliyyətlər icra edilib. Müdafiə Nazirliyinin rəhbərliyinin il ərzində xarici ölkələrə on səfəri təşkil edilib.
Cari il ərzində ölkə daxilində 27, xaricdə isə 178 beynəlxalq kursda şəxsi heyətin iştirakı təmin edilib. İkitərəfli əməkdaşlıq planları və NATO ilə Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində xarici ölkələrdə və Azərbaycanda ümumilikdə 522 beynəlxalq tədbir keçirilib. NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” Missiyasında iştirak edən Azərbaycan Ordusunun sülhməramlı kontingentinin iştirakı bu ilin avqust ayında sona çatdırılıb.
2022-ci ildə də beynəlxalq hərbi əməkdaşlıq sahəsində bir sıra ölkələrlə təlim və treninqlərin keçirilməsi planlaşdırılır. Azərbaycan hərbçilərinin Türkiyə ilə ikitərəfli təlimlərdə, NATO proqramları çərçivəsində, o cümlədən “Beynəlxalq Ordu Oyunları”nda iştirakı da nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, Azərbaycan Ordusunun maddi-texniki təminatı məsələləri də daim diqqət mərkəzindədir. Xüsusilə, azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması prioritet məsələlərdəndir.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçuların döyüş hazırlığını yoxlamaq və onların sosial-məişət şəraiti, eyni zamanda, aparılan tikinti-quruculuq işləri ilə tanış olmaq məqsədilə azad olunmuş ərazilərə cari il ərzində 30 dəfədən çox səfər edib.
Yüksək dağlıq ərazilərdə yerləşən bölmələrdə fasiləsiz elektrik enerjisi, isti və soyuq su xətləri çəkilib, 6 aylıq ərzaq, yanacaq ehtiyatı yaradılıb və qış mövsümü ilə əlaqədar bütün şəxsi heyət isti geyimlə təmin edilib.
Vətən müharibəsində sərf olunmuş raket və döyüş sursatlarının əvəzinə yeniləri alınaraq qoşunlara çatdırılıb, hazırda bütün birləşmə və hissələr döyüş sursatları ilə tam təmin olunub. Müdafiə Nazirliyinin hərbi hissələrində müxtəlif təyinatlı 400-ə yaxın yeni hərbi infrastruktur obyektinin istismara verilməsi ilə bölmələrdə qoşun xidmətinin və döyüş növbətçiliyinin təşkil edilməsi, o cümlədən şəxsi heyətin asudə vaxtının səmərəli keçirilməsi üçün münbit şərait yaradılıb. Bir sıra obyektlərin inşası hazırda davam etdirilir.
Azad olunan ərazilərdə minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində aparılan işlər də davam etdirilir. 2021-ci il ərzində Mühəndis Qoşunları tərəfindən azad olunan ərazilərimizdə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin döyüş mövqelərinə yeni təminat yolları çəkilir. Mina təmizlənmə işlərində əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib. 2021-ci il ərzində 13 min hektardan çox ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib, 17 minədək mina və partlamamış döyüş sursatı aşkarlanaraq zərərsizləşdirilib.
Cari il ərzində Kəlbəcər rayonu istiqamətində 220, Laçın rayonu istiqamətində 330, Zülfüqarlı yaşayış məntəqəsi istiqamətində isə 120 kilometrdən artıq, ümumilikdə 700 kilometrə yaxın yeni yol çəkilib və hazırda bu sahədə işlər davam etdirilir.
Tibbi təminat tədbirlərinin icrası zamanı əsas diqqət şəxsi heyətin sağlamlığının qorunması və möhkəmləndirilməsi, müalicə-təxliyə işi, tibbi reabilitasiya, həmçinin qoşunlarda profilaktiki tədbirlərin həyata keçirilməsinə yönəldilib. Vətən müharibəsi zamanı yaralanmış hərbi qulluqçulardan bir qismi ixtisaslı müayinə və müalicə məqsədilə xarici ölkələrə göndərilib. Azərbaycan Ordusunda COVID-19 virusunun yayılmasının qarşısının alınması üçün cari ildə də Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə koordinasiyalı iş təşkil edilib. Ordumuzda COVID-19 əleyhinə birinci doza üzrə 88 faiz, ikinci doza üzrə 72 faiz, üçüncü doza üzrə isə 8 faiz hərbi qulluqçuya peyvəndin vurulması təşkil edilib. Hesabat dövründə COVID-19-a hər bir yoluxma halı ilə əlaqədar dərhal epidemioloji müayinələr və dezinfeksiya işləri aparılıb, xəstəliklərin kontakt qrupları müəyyənləşdirilib, xəstələr izolyasiya olunaraq müalicəyə və tibbi müşahidəyə götürülüb. Şəxsi heyətin COVID-19 əleyhinə vaksinasiyası prosesinin sürətləndirilməsi məqsədilə səyyar peyvəndlənmə qrupları hərbi hissələrə ezam olunub.
Vurğulanıb ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Ordusunun Vətən müharibəsində, həmçinin 2021-ci il noyabrın 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatlarında iştirak etmiş və fərqlənmiş bir qrup hərbi qulluqçusu 154 mindən artıq müxtəlif orden və medallarla təltif olunub. Cari ilin mayından başlayaraq 92 min orden və medal aidiyyəti üzrə təqdim olunub. Hazırda bu proses davam etdirilir. Bundan başqa, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, Azərbaycan Ordusunun qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə, Silahlı Qüvvələrdə uzun müddətli qüsursuz xidmətlərinə, eləcə də Azərbaycan Ordusu ilə uğurlu əməkdaşlığa görə ümumilikdə 4173 nəfər hərbi qulluqçu və digər şəxslər müvafiq medallarla təltif olunub.
Azərbaycan və Türkiyə arasında hərbi-mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə dair protokola əsasən Türkiyədən dəvət edilmiş 25 psixoloq yerli psixoloqlarla birlikdə Azərbaycanın şəhər və rayonlarında Vətən müharibəsində yaralanmış hərbi qulluqçuları, şəhid və ya itkin düşmüş şəxslərin psixi sarsıntı keçirmiş ailə üzvlərini qəbul ediblər. İl ərzində ümumilikdə 2500 nəfərdən çox şəxsə kompleks dəstək göstərilib və onlarla reabilitasiya tədbirləri həyata keçirilib. Şəhid olmuş hərbi qulluqçuların əziz xatirəsinin yad edilməsi məqsədilə onların doğum və anım günlərində şəhidlərin ailə üzvləri, yaxınları və hərbi qulluqçuların iştirakı ilə 200-dək tədbir təşkil edilib. Rəsmi dövlət bayramlarında və əlamətdar günlərdə yerli icra orqanları və ictimaiyyət nümayəndələri ilə birlikdə şəhid ailələri ziyarət olunub.
A.Eyvazov qeyd edib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə Vətən müharibəsində əldə edilən Qələbədən sonra Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti daha da yüksəlib. Şəxsi heyətin psixoloji hazırlığı, maarifləndirilməsi, şəxsi heyətlə iş üzrə zabitlərin və psixoloqların peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Müdafiə Nazirliyinin, Respublika Hərbi Prokurorluğunun, Ombudsman Aparatının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin regional bölmələrinin əməkdaşları tərəfindən hərbi hissələrdə görüşlər, seminarlar və təlim-metodiki məşğələlər keçirilib. Bundan başqa, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi ilə birgə əməkdaşlıq planına əsasən “Beynəlxalq Humanitar Hüquq” mövzusunda seminarlar təşkil edilib.
İl ərzində Müdafiə Nazirliyinə ümumilikdə 50 mindən çox vətəndaş müraciəti daxil olub ki, onlardan 16 minə qədəri Müdafiə Nazirliyində fəaliyyət göstərən “Qaynar xətt” vasitəsilə qəbul edilib. Vətəndaş müraciətlərinin təxminən 70 faizi tam və ya qismən icra edilib, 20 faizədək müraciətlər müvafiq izahat verilməklə cavablandırılıb, qalanları isə aidiyyəti üzrə yönləndirilərək icraata alınıb. Azərbaycan Ordusunun yuxarıda qeyd olunan fəaliyyətləri ilə bağlı mətbuat xidməti tərəfindən 2021-ci il ərzində ümumilikdə Azərbaycan, rus və ingilis dillərində 1600-dən artıq məlumat, 6700-dən çox foto və 800-dən çox videomaterial hazırlanaraq nazirliyin rəsmi internet səhifəsi və sosial şəbəkə hesabları vasitəsilə ictimaiyyətə təqdim olunub. Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdə çəkilişlərlə bağlı il ərzində KİV nümayəndələrindən daxil olan 250-dən çox məktub icra olunub. Müxtəlif mövzularla əlaqədar KİV-dən daxil olan 143 sorğu cavablandırılıb. Bundan başqa, 712 nəfər yerli və xarici KİV nümayəndəsinin iştirakı ilə Tovuz, Tərtər, Füzuli, Xocavənd, Ağdam, Qubadlı, Kəlbəcər, Laçın rayonlarında, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, Mühəndis Qoşunları, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində 33 media-tur təşkil olunub.