Müsahibimiz Azərbaycan Respublikasının əməkdar rəssamı Asif Azərellidir.
– Hər bir insanın peşə seçimi müxtəlif cür olur. Sanki daxildən bir güc gəlir və onu həmin istiqamətə meyilləndirir. Necə oldu ki, rəssamlığı bir sənət kimi seçdiniz?
– Mən Qarabağda anadan olmuşam. Amma biz əslən naxçıvanlıyıq. Atam-babam Şərurda doğulub, böyüyüblər və bəy idilər. Çox xeyirxah insanlar olublar. Bolşeviklər gələndə babamı güllələyiblər. Atam da məhv olunacağı qorxusundan Qarabağa, əvvəlcədən də əlaqələri olduğu Uğur bəyin yanına qaçıb. Fikirləşib ki, ucqar yerdə onu kimsə tapa bilməz. Amma gəlib görür ki, Uğur bəy də qaçıb İrana gedib. Yeri gəlmişkən, həmin kənd indi də bu bəyin adını daşıyır – Uğurbəyli. Atam isə güllələnmə təhlükəsini nəzərə alıb, elə buradaca yaşamağa başlayır. Yaxşı təhsil görmüş adam idi. O vaxt həmin ərazilərdə pambıq əkini başlamışdı, camaatın isə pambıqdan başı çıxmırdı. Atam rus dilində 1-2 kitab tapıb, oxuyur və camaata pambıq əkmə qaydalarını öyrədir. Camaat elə bilir ki, o aqronomdur və ömrünün sonuna kimi də həmin kənddə aqronom işlədi. Ömrünün sonuna kimi Naxçıvana gedə bilmədi və səs vermək hüququ yox idi. Belə bir qəribə ömür yaşadı. Amma Bərdəyə bazara gedəndə bükülü kağızlar alıb gətirir və onları divara vururdu. Mən höccələyərək onların altındakı yazıları oxuyurdum: Makovski, Repin, Levitan… Bunlar həmin rəssamların əsərlərinin reproduksiyaları idi. Onların təsiri altında məndə rəssamlığa güclü həvəs yarandı. Yəni şüurum formalaşmağa başlayandan rəssamlığa meylim olub. Orta məktəbi bitirdikdən sonra, Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində oxudum və İncəsənət Universitetinə qəbul olunmaq üçün 7 dəfə imtahan verdim. Hər dəfə rəssamlıqdan yüksək qiymətlər alırdım, ədəbiyyatı yaxşı bildiyimdən yazılı imtahanda məni kəsə bilmirdilər, amma şifahi imtahanda mənə qəsdən 2 yazırdılar. Nəhayət, burada ali təhsil ala blməyəcəyimi hiss edib, 1974-cü ildə Tbilisi Rəssamlıq Akademiyasına qəbul olundum. Hətta elə yüksək qiymətlər aldım ki, digər imtahanlardan azad etdilər. Akademiyanı əla qiymətlərlə başa vurdum və diplom işimə görə birbaşa məni SSRİ Rəssamlar İttifaqının üzvü seçdilər.
– Bəs Bakıya qayıtdıqdan sonra harada işlədiniz?
– Bakıya qayıtdıqdan sonra 7 il ərzində dalbadal kəsildiyim İncəsənət İnstitutunda müəllim işləməyə başladım. SSRİ xalq rəssamı, mərhum Mikayıl Abdullayev bir sərgidə mənim “Qoca qarabağlı” əsərimi görmüşdü. İndi İncəsənət Muzeyində saxlanılır. O vaxt kafedra müdiri işləyən Mikayıl müəllim məni İncəsənət İnstitutuna dərs deməyə dəvət etmişdi.
– Asif müəllim bəs Azərelli təxəllüsünü götürməyiniz nə ilə bağlıdır?
– Bu bir növ gülməli əhvalat nəticəsində olub. Bir ara bizdə vəziyyət çox pisləşdi. Dolanışıq mürəkkəbləşdi. Məcburiyyət qarşısında 100 dollar borc götürüb, getdim İstanbula. İstanbula çatana kimi cəmi 30 dollar pul xərclədim. Fikirləşdim ki, 40 dollarla birtəhər dolanıb, qalan 30 dollarla da geri qayıdaram. Düşəndə gördüm ki, bir nəfər avtobus nömrəsi yazır. Düşündüm ki, hər halda rəssam da olmasa, rəssamlığa yaxın adamdır. Tanış oldum. Məndən soruşdu ki, işim, qalmağa yerim və s. varmı? Cavab verdim ki, yoxdur. Onda dedi ki, “baba, sənin paran yox, işin yox, qalmağa yerin də yoxdursa, onda belə çıxır ki, heç başın da yoxdur”. Soruşdu ki, mənə necə kömək edə bilər. Dedim ki, mənə rəsmdən, rəssamlıqdan başı çıxan bir adam tapsın. O da gedib kiməsə dedi, bir bəstəboy adam gəldi. Soruşdu ki, doğrudanmı rəssamam, hansısa bir adamın şəklini çəkə bilərəmmi? Təsdiq etdim. Bir nəfər başı böyük bir adamı otuzdurdular ki, şəklini çəkim. Zarafatla soruşdular ki, bu yekəlikdə başı kağıza necə sığışdıracam? Cavab verdim ki, sığışdıraram, Leninin başı bundan da böyük idi. Onlar mənə gecəsi 1,5 dollara bir otel və bir qalereyaçı tapdılar. Həmin şəxs işlərimlə tanış olandan sonra bir rəsmimi götürüb apardı. Bir azdan qayıdıb gəldi və bildirdi ki, bütün işlərimi alacaq və mənimlə razı olaramsa, çalışacaq. Amma tövsiyə etdi ki, bu 1,5 dollarlıq oteldən çıxım. Əks-təqdirdə mənim burada yaşadığımdan xəbər tutsalar, heç kəs onun qalereyasına girməz. Məni Bosfor boğazı sahilindəki evinə gətirdi və bildirdi ki, orada qalacağam. Amma şərt kəsdi ki, çəkəcəyim bir xətt də onun olmalıdır. Gündəlik mənim üçün sifarişlər tapıb gətirirdi, mən də çəkirdim. Sonra bir gün dedi ki, beynəlxalq sərgi keçiriləcək, istəyir ki, mən də iştirak edim. Əsərlərimdən də bir neçəsini sərgi üçün seçdi. Sərgidə mənim üslubum dərhal seçildi. Orada mənim əsərlərimlə maraqlanırdılar ki, bunları kim çəkib? Qalereyaçı da cavab verirdi ki, rəssam Azəri elindəndir. Bu ifadə xoşuma gəldi və “Azərelli” sözünü özümə təxəllüs seçdim. Türkiyədə yaxşı qazanırdım, amma bura üçün çox darıxdığımdan, geriyə döndüm.
– Siz əslən naxçıvanlı olsanız da, faktiki qarabağlısınız. Həmin torpaqda doğulub, böyümüsünüz. O torpaq Sizin üçün doğmadır, əzizdir. 1988-ci ildə Qarabağ problemi növbəti dəfə ermənilər tərəfindən süni olaraq gündəmə gətiriləndə, yaradıcılığınızın çiçəklənən vaxtı idi. Hələ bu problem gündəmdə olmayanda Siz “Qoca qarabağlı” əsərini yaratmışdınız. Qarabağ münaqişəsi Sizin yaradıcılığınıza hansı təsiri göstərdi?
– Mən Azərbaycanı qarış-qarış gəzmişəm və gəzirəm. Azərbaycan gəzməli, görməli diyardır. Amma mən Qarabağı, xüsusilə də Şuşanı dəhşətli dərəcədə sevmişəm. Hər il yayı biz Şuşada keçirərdik. Şuşa qalası, Cıdır düzü, Daşaltı çayı mənim aləmimdə fantastik yerlərdir. Dünyanın çox ölkəsində olmuşam, çox yer görmüşəm, amma onların heç biri Şuşa ilə, Qarabağla müqayisə edilə bilməz. Şuşanın tarixi də maraqlıdır. Xüsusi ilə orta əsrlər məni cəlb edir. Həmin dövrü işləyəndə sanki mən də o dövrə gedir, hadisələrin iştirakçısı oluram. Vaxtilə Şuşada çoxlu etüdlər etmişəm, Cıdır düzü mənzərələrini işləmişəm. Bu hadisələrdən sonra mən “Cıdır düzü” və “Cıdır düzü muğam beşiyimizdir” işlərini etdim. Səmimiyyətlə deyirəm ki, bu mövzuda işlədiyim mənzərələri mənə qədər heç kim işləməyib, məndən sonra da çətin ki, işləyələr. Tanıyan və tanımayan bir çox insan bu işlərə görə mənə minnətdarlığını bildirib.
– Xocalı soyqırımı ilə bağlı əsərləriniz var. Mümkünsə, onlar barədə danışaq.
– Xocalı faciəsi ilə bağlı bir neçə il öncə müsabiqə-sərgisi oldu. Həmin sərgi üçün mən də öz işimi vermişdim. İşim sərgidə birinci yeri tutdu. Əsərdə düşmən tapdağı altında qalan maddi-mənəvi dəyərlərimizi təsvir etmişdim. Şəklin yuxarı küncündə düşmən tankları, həlak olmuş xocalılar, qətlə yetirilmiş ana-bala, əsas hissədə Azərbaycanın mənəvi mədəniyyət nümunələri – vaxtilə Xocalıda tapılmış saxsı qab parçaları, pərdəsi cırılmış tap, yarıya bölünmüş kamança, sındırılmış qaval, yerə atılmış Füzulinin kitabı, foto-şəkillər təsvir olunub. Və əlində avtomat olan erməni əsgəri bu dəyərləri tapdalayır. Xocalı ilə bağlı digər işimdə divarda məşhur rus rəssamı A.Plastovun “Faşist keçdi” adlı məşhur əsərinin asıldığı görünür. Mənim əsərimdə isə hadisələr artıq 1992-ci ilin fevralında baş verir. Eyni hadisəni erməni faşisti törədib. Məftildən düzəldilmiş araba ilə oynayan uşaq öldürülüb, ev tar-mar olub. Başqa bir əsərimdə Heydər Əliyevin xəritədə Qarabağı göstərdiyi təsvir olunur, aşağıda isə ermənilərin törətdikləri vəhşiliklər əks edilib. Ümumiyyətlə, Qarabağ mövzusunda əsərlərim çoxdur.
– Yəni belə demək olar ki, Qarabağ və Xocalı mövzusu yaradıcılığınızın əsas xəttidir.
– Bəli. Ümumiyyətlə, yaradıcılığımda Azərbaycan tamamilə əhatə olunur, amma əsas mövzu Qarabağdır. Cıdır düzündəki hətta balaca çör-çöp də yadımdadır.
– Yaradıcı insanın mükafatları, fərdi sərgiləri, fəxri adları bir növ onun yaradıcılığını stimullaşdırır. Bu sahədə vəziyyət necədir?
– Məclisdə, tədbirdə bəzən bizim rəssamlardan hansısa biri məni “xalq rəssamı Asif Azərelli” kimi təqdim edir. Ehtiyatla qulağına pıçıldayırdım ki, “mən xalq rəssamı yox, heç əməkdar rəssam da deyiləm”.Çoxları mənim xalq rəssamı olduğumu düşünür. Amma Azərbaycanda keçirilən son müsabiqələrin əksəriyyətinin qalibi olmuşam. Qəbələdə keçirilən və Fransa, İtaliya, Rusiya və s. ölkələrdən olan rəssamların iştirakı ilə beynəlxalq sərgidə mənim iki əsərim baş mükafatı aldı. Nəhayət, ötən ilin sonunda mənə “Azərbaycan Respublikasının əməkdar rəssamı” fəxri adı verildi.
– İnsanı yaşadan onun indiyə kimi gördükləri işlə yanaşı, görmək istədikləridir. Sizin yaradıcı planlarınız necədir?
– Əlbəttə, xarici görkəmimə görə, məni çoxları ağsaqqal hesab edir. Amma daxilən mən özümü yeniyetmə kimi hiss edirəm. Düşünürəm ki, hələ hər şey qabaqdadır və bundan sonra da çox işlər görəcəm. Çünki həyat dəryadır. Mən gecələr də yuxuda öz işimi görürəm. Həmişə də yuxuda görürəm ki, məni tənqid edirlər, sərgidə nümayiş etdirilən ən zəif iş mənimkidir.
– Yuxular adətən tərsinə yozulur. Suallarımızı cavablandırdığınıza görə Sizə çox minnətdarıq.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az