Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və “Visions of Azerbaijan” jurnalının 10 illiyi münasibəti ilə tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən TEAS sədri Tale Heydərov cəmiyyətin 2006-cı ildə tələbəlik illərində Böyük Britaniyada təsis edilmiş London Azərbaycan Cəmiyyəti əsasında yaradıldığını bildirib. T. Heydərov cəmiyyətin zamanla fəaliyyətini genişləndirərək, müxtəlif ölkələri əhatə etdiyini və fərqli istiqamətlərdə fəaliyyət qurduğunu qeyd edib.
T. Heydərov qeyd edib ki, Avropa Azərbaycan Cəmiyyəti Heydər Əliyev Fondunun vitse-prezienti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət” kampaniyasının təbliğində aktiv iştirak edir: “Kampaniya çərçivəsində hər il Avropanın şəhərlərində tədbirlər təşkil edilir. Bu tədbirlər zamanı Xocalı soyqırımı haqqında ABŞ və Litva kinematoqrafçılarının çəkdiyi və çoxsaylı beynəlxalq mükafatlara layiq görülmüş “Sonsuz dəhliz” filmi nümayiş etdirilir. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində xarici müəlliflər tərəfindən hazırlanmış “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” adlı kitab ingilis dilində işıq üzü görüb. Kitab fransız, türk və rus dillərinə də tərcümə edilərək nəşr edilib”.
T. Heydərov, həmçinin, bir neçə fotomüxbirin Dağlıq Qarabağ problemini,Xocalı soyqırımını, qaçqın və məcburi köçkünlərin həyat tərzini əks etdirən sərgilərinin keçrildiyini də vurğulayıb.
Sədr bildirib ki, cəmiyyət dəfələrlə petisiyalar təşkil edib, Azərbaycana qarşı aparılan anti-təbliğat kampaniyasına qarşı tədbirlər keçirib.
TEAS sədri bildirib ki, Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətlərin çatdırılması həmişə cəmiyyətin fəaliyyətinin prioritet istiqaməti olub, bundan sonra da bu istiqamət əsas xətti kimi qalacaq.
TEAS sədri həmçinin Azərbaycan mədəniyyətinin, incəsənətinin və tarixinin təbliği istiqamətində cəmiyyətin gördüyü işlərdən danışıb, bir neçə layihəni xatırladıb. O bildirib ki, “Azərbaycan xaricilərin gözü ilə”, “Muğam” və digər sənədli filmlər çəkilib, fransız bəstəkarı Pyer Tiloyun musiqi aləmində məşhur olan “Xocalı 613” simfonik əsərinin yazılmasına dəstək verilib, bu əsərin Avropa şəhərlərində ifası təşkil edilib.
T. Heydərov TEAS-ın Avropanın nüfuzlu media təmsilçilərinin Azərbaycanla yaxından tanış olması üçün ölkəyə press-turların təşkilinə də öz töhfəsini verdiyini, Azərbaycan haqqında hazırlanan məqalələr dünyanın ən nüfuzlu nəşrlərində işıq üzü gördüyün xatırladıb.
TEAS sədri cəmiyyətin tərkibində yaradılmış Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzinin Azərbaycan tarixinin aktual problemləri üzrə Böyük Britaniya, Türkiyə və Rusiya arxivlərindən aşkar edilmiş nadir sənədlərdən ibarət topluları nəşr etdiyini, bu mərkəz vasitəsilə ölkənin nüfuzlu elm adamlarının əsərlərinin çapına dəstək verildiyini də qeyd edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyinə dair ingilis, türk, rus və s. dillərdə 20-dən artıq kitab nəşr edilib və dünyada yayılıb.
T. Heydərov, həmçinin, cəmiyyətin təhsil layihələrindən danışıb. O deyib ki, 2011-ci ildə TEAS tərəfindən Azərbaycanda orta təhsilin inkişafına dəstək məqsədilə Avropa Azərbaycan Məktəbi (EAS) təsis edilib. Məktəb dünyada ibtidai və orta təhsil üzrə ixtisaslaşmış ən böyük təşkilatların – Beynəlxalq Məktəblər Şurasının (CIS), Beynəlxalq Məktəblərin Avropa Şurasının (ECIS), Beynəlxalq Bakalavriat Təşkilatının (IBO) tam hüquqlu üzvü seçilib: “Cəmiyyət 2014-cü ildə “TEAS Press” Nəşriyyat evini yaradıb. “TEAS Press” Azərbaycan tarixinə, ədəbiyyatına, mədəniyyətinə aid onlarla kitab nəşr edib. Kembric Beynəlxalq İmtahan mərkəzi, Oxford Universiteti Nəşriyyatı ilə birgə Avropa Dillərinin Tədrisi Mərkəzi yaradılıb. Azərbaycanda xarici dilləri ən yüksək standartlarla tədris edəcək bu mərkəzdə bu ilin aprel ayından ilk dərslər başlanacaq”.
O, TEAS-ın təsis etdiyi “Visions of Azerbaijan” jurnalının isə 2006-cı ildən bu günədək 250 000 nüsxədən ibarət 50-dən çox sayının işıq üzü gördüyünü deyib.
T. Heydərov bu illər ərzində cəmiyyətin bütün istiqamətlərdə fəaliyyətlərini dəstəklədiyinə və bu fəaliyyəti qiymətləndirərək onu “Tərəqqi” medalı ilə təltif etdiyinə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov isə çıxışında son illər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun gördüyü işlərdən danışıb, Fondun bu istiqmətdə fəaliyyətini xüsusi qeyd edib: “Son on ildə Heydər Əliyev Fondu Azərbaycanı xarici ölkələrdə tanıdan, mədəniyyətini, tarixini, milli-mənəvi dəyələrini yorulmadan təbliğ edib. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət” kampaniyasının Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz rolu olub”.
Ə. Həsənov ölkənin təbliğində TEAS-ın da aktiv fəaliyyət göstərdiyini qeyd edib, təşkilatın bu istiqamətdə həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. O qeyd edib ki, 10 illik yubileyi qeyd olunan Avropa Azərbaycan Cəmiyyəti dövlətinin və millətinin məsuliyyətini dərk edən insanlar tərəfindən qurulub: “Avropa Azərbaycan Cəmiyyətinin rəhbərliyi və kollektivini, eyni zamanda “Vision of Azerbaijan” jurnalının kollektivini on illik yubiley münasibəti ilə təbrik edirəm, ölkəmiz, vətənimiz üçün göstərdiyi bu önəmli xidmətdə onlara uğurlar arzulayıram”.
Tədbirdə TEAS-ın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub, “TEAS PRESS” nəşriyyatının çap etdiyi nəşrlər nümayiş olunub.
Qeyd edək ki, Avropa Azərbaycan Cəmiyyəti (TEAS) 2006-cı ildə yaradılıb. Cəmiyyətin Londonda baş ofisi, Bakı, Paris, Berlin, Brüssel, Strasburq və İstanbul şəhərlərində ofisləri fəaliyyət göstərir. On il ərzində TEAS Qərbdə Azərbaycanın müsbət imicinin güclənməsinə xidmət edən platforma kimi genişlənib, Azərbaycanın uğurlarını, anti-Azərbaycan dairələrin apardığı əks təbliğatın əsl mahiyyətini Avropada qeyri-hökumət xətti ilə təqdim edən əsas təşkilatlardan biri kimi formalaşıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycanın haqq işinin müdafiəsinə dəstək təşkilatın fəaliyyətində əsas strateji xətti təşkil edib.