Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi www.aliyevheritage.org ) tərəfindən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalında keçirilən silsilə diskussiyalar davam edir.
İnstitutdan AZƏRTAC-a bildirilər ki, müzakirələrdə Aİİ-nin müəllimləri – fəlsəfə üzrə elmlər doktoru Ələddin Məlikov və sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin əməkdaşı Gündüz Nəsibov, Mətbuat Şurası İdarə Heyətinin üzvü, jurnalist Yadigar Məmmədli, politoloq, strategiya.az saytının redaktor müavini İsmayıl Qasımov, jurnalist Seymur Verdizadə və Baku.ws saytının baş redaktoru Azad Əliyev iştirak ediblər. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayev tədbirə moderatorluq edib.
Müzakirələrdə dinin müasir cəmiyyətdə rolu və əhəmiyyəti mövzusunda geniş fikir mübadiləsi aparılıb.
Diskussiyada dini dəyərlərimizin mahiyyətindən bəhs edilərək, bu zəngin mənəvi xəzinənin qorunmasının vacibliyi vurğulanıb. Bildirilib ki, radikal cərəyanların cəmiyyətə sirayət etməməsi üçün gənclər arasında milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliği düzgün qurulmalıdır.
Bildirilib ki, müasir cəmiyyətdə dini dəyərlərin lazımi səviyyədə təbliğində, radikalizmə qarşı mübarizədə maarifçilik əsas arqumentdir. Alimlər bu istiqamətdə görülən işlərin ardıcıl surətdə həyata keçirilməsinin zəruriliyini, milli-mənəvi dəyərlərə varislik və ənənə amilindən yanaşmağın vacibliyini qeyd edirlər. Bu mühüm məsələlərin gənclərə aşılanmasında milli mentalitet ilə yanaşı, müasirlik prizmasının da tətbiq edilməsinin zəruriliyi vurğulanıb.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi və dini dəyərlərin qorunması istiqamətində dövlət siyasətinin həyata keçirildiyini qeyd edən məruzəçilər İlahiyyat İnstitutunun təsis edilməsinin bu siyasətin bariz nümunəsi olduğunu bildiriblər.
Müzakirələrdə qeyri-ənənəvi dini cərəyanların sosial şəbəkələrdən öz cılız, məkrli məqsədlərini yaymaq üçün istifadə etdikləri təəssüflə vurğulanıb. Qeyd edilib ki, dini radikal qruplara qarşı ideoloji sahədə mübarizənin gücləndirilməsində, xurafata qarşı təbliğatda media ilə yanaşı, ilahiyyatçıların da xüsusi rolu olmalıdır.