
Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) yerləşən “Azərbaycan” pavilyonunda “Moskva-Bakı: iki sevgi şəhəri” festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, sentyabrın 10-11-də Moskva şəhərinin 875 illiyinə həsr olunmuş tədbir “Azərbaycan” pavilyonu, “MBA-Moskva” Bankı, “Sergey Andriyakanın Akvarel və Zərif Sənətlər Akademiyası”, “Restomarket by Vasilchuk Brothers” tərəfindən birgə təşkil edilib.
Moskvalılara və paytaxtın qonaqlarına xoreoqraf Rəna İbrahimovanın rəhbərlik etdiyi “Alagöz” və Fatma Nəzərlinin rəhbərlik etdiyi “Xarıbülbül” ansambllarının ifasında Azərbaycan rəqsləri, müğənni Emil Qədirovun ifasında mahnılar, açıq səma altında Azərbaycanın şah plovunun hazırlanması və ənənəvi süfrəyə verilməsi şousu təqdim olunub, milli şirniyyatların bəzədilməsi, eləcə də qutab bişirilməsi üzrə ustad dərsləri keçirilib.
Tədbirin azyaşlı qonaqları valideynləri ilə birgə “Sergey Andriyakanın Akvarel və Zərif Sənətlər Akademiyası”nın ustad dərslərində iştirak ediblər: nar şəklində keramika məmulatlarına naxış vurub, Moskva və Bakıya həsr olunan viktorinada, dulusçuluq sənətində bilik və bacarıqlarını sınayıblar.
XTNS-də yerləşən “Moskvanın maketi” pavilyonunda əsas tədbir – “Mədəniyyət körpüləri: Rusiya-Azərbaycan” filminin təqdimatı keçirilib. “Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova filmdə tamaşaçılara Rusiya və Azərbaycan arasında olan dərin mədəni və tarixi əlaqələrdən söhbət açır, Moskvanın vaxtilə Azərbaycanda yaşamış şəxsiyyətlərlə bağlı olan tarixi yerlərinə virtual ekskurs keçirir.
“Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova AZƏRTAC-a verdiyi müsahibəsində deyib: “Moskva Günü təntənələrində tədbirlər dörd yerdə – “Ostankino” parkında, “Restomarket”də, “Moskvanın maketi” pavilyonunda və əlbəttə ki, “Azərbaycan” pavilyonunda təşkil olunub. Bayramın əsas tədbiri isə “Mədəniyyət körpüləri: Rusiya-Azərbaycan” filminin təqdimatı olub. Azərbaycan və Rusiya müxtəlif sahələrdə sıx əməkdaşlıq edirlər. Həm Azərbaycana, həm Rusiyaya mənsub olan dünya miqyaslı şəxsiyyətlər tariximizdə mühüm yer tuturlar. Bu film belə məşhur şəxsiyyətlər və yerlər barədədir. Biz tamaşaçıları Azərbaycanın Moskvadakı səfirliyinin binası, səfir Polad Bülbüloğlu ilə tanış etdik, Rusiya paytaxtında heykəlləri ucaldılmış dahi şairlər – Nizami və Nəsimi, dünyaşöhrətli müğənni Müslüm Maqomayev barədə danışdıq”. S.Qədirovanın sözlərinə görə, ölkəmizin mədəniyyətini və tarixini təbliğ etməyi özünə hədəf seçən “Azərbaycan” pavilyonu iki xalqın tanınmış şəxsiyyətləri barədə silsilə filmlər yaratmağı planlaşdırır.
Festival çərçivəsində təşkil olunan miniyarmarkalarda tədbirin keçirildiyi iki gün boyunca qonaqlar ənənəvi Azərbaycan çayı ilə Azərbaycan və dağ yəhudiləri mətbəxinin ən gözəl şirniyyat növlərinin dadına baxıb, eləcə də azərbaycanlı istehsalçıların məhsullarını əldə ediblər.
Bayramın qonaqlarından biri, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov qeyd edib ki, “Azərbaycan” pavilyonunun proqramı XTNS-dəki digər pavilyonlarla müqayisədə ən maraqlı və daha parlaqdır. O deyib: “Gözəl pavilyon, təşkilatçıların, ilk növbədə, direktor Səadət Qədirovanın fəal işi çox yaxşı bayram ab-havası yaradır. “Mədəniyyət körpüləri: Rusiya-Azərbaycan” filmi çox xoşuma gəldi. Fikrimcə, çəkilişi davam etdirmək, tamaşaçıları Azərbaycanın görkəmli şəxsiyyətləri ilə bağlı olan yerlərlə tanış etmək lazımdır. Heydər Əliyev, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda işləmiş Azərbaycan Prezidenti İlham Əliyev və Mehriban Əliyeva ilə bağlı yerlər barədə öyrənmək maraqlı olardı”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva