
“Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabit və hərbi məmurları” kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulan elmi əsərin müəllifi Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin rəis müavini – Adyunktura rəisi, polkovnik Atamalı Şahbazovdur.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsində geniş mənbə və ədəbiyyat əsasında hazırlanan nəşrdə cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu tarixi, milli kadrların formalaşdırılması prosesi kompleks şəkildə tədqiq olunub.
Nəşrdə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun yaradılmasının həmin dövrdə milli vəzifəyə çevrildiyi, bu prosesin milli dəyərlər üzərində aparılmasının ordunun qısa zamanda formalaşmasının əsas səbəblərindən biri olduğu xüsusi vurğulanıb.
Kitabın baş məsləhətçisi və “Ön söz”ün müəllifi Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin hərb tarixi üzrə dosenti, tarix elmləri doktoru Mehman Süleymanov, məsləhətçisi Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, dosent Firdovsiyə Əhmədova, rəyçisi isə tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılovdur.
Kitabda arxiv sənədləri və elmi əsərlər əsasında Azərbaycan Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin faktiki fəaliyyət göstərdiyi 1918-ci il noyabrın 7-dən 1920-ci il aprelin 28-dək olan müddətdə Cümhuriyyət ordusunda həqiqi hərbi xidmət keçmiş zabit və hərbi məmurların xidmətləri və digər əhəmiyyətli məsələlər işıqlandırılıb. Cümhuriyyət dövrünün tədqiqi tarixində ilk dəfə məhz bu əsərdə Cümhuriyyət ordusunda xidmət etmiş zabit və hərbi məmurların dəqiq sayı müəyyənləşdirilib, onlar haqqında tarixi arayış verilib, kadr heyəti ilə işlərin necə qurulması haqqında zəngin məlumatlar ilk dəfə bu əsərdə təhlil olunur.
Bundan əlavə, nəşrdə Cümhuriyyət hərbi məktəbinin məzunları və onun ordusunda həqiqi hərbi xidmət keçmiş azərbaycanlı, qeyri-azərbaycanlı zabit və hərbi məmurlar, generallar haqqında məlumatlar oxucuların diqqətinə çatdırılır. Azərbaycan Ordusunun və eləcə də Hərbi Nazirliyin fəaliyyətə başlamasının 100 illik yubileyinə həsr olunan kitab Cümhuriyyət ordusunun kadr siyasətini, onun tendensiyalarını özündə əks etdirən tarixi-xronoloji mənbədir. Nəşrdə, həmçinin Cümhuriyyət ordusunun zabit və hərbi məmurlarının xidmət yolu haqqında dəqiq məlumat əldə etmək mümkündür.
Cümhuriyyətin mövcudluğu dövründə yeni milli zabit kadrların hazırlanması, onların statistikası da kitabda təqdim olunub. Zabit və məmurlarla işlərin qurulması haqqında müfəssəl məlumatın təqdim olunması əsərin əsas üstünlüklərindən və faydalarından biridir. Həmçinin kitabda cümhuriyyət dövründə qazanılmış təcrübənin metodoloji baxımdan öyrənilməsinə imkan verən mühüm məlumatlar onun aktuallığını daha da artırır.
Nəşrdə, həmçinin Azərbaycan Prezidentinin Cümhuriyyət dövrü ilə bağlı sərəncamları, Cümhuriyyət ordusunda xidmət etmiş, eləcə də şəhid olmuş zabitlərin və məmurların siyahıları yer alır. Kitabda Cümhuriyyət ordusunun qadın hərbi məmurları, orduda mövcud olmuş hərbi və mülki rütbələr, onların uyğunluq dərəcəsi, həmin dövrə aid fotoşəkillər əksini tapıb.
Respublikanın ali humanitar və xüsusi təyinatlı tədris müəssisələrinin müəllim, tələbə və kursantları, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulan nəşr, həmçinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi baxımından da mühüm elmi mənbədir.