İyunun 16-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və ABŞ arasında əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, habelə regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov ABŞ rəsmisinə bölgədə mövcud vəziyyət, o cümlədən postmünaqişə mərhələsində Azərbaycan tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri, habelə Azərbaycan hökumətinin bölgədə münasibətlərin normallaşması və sülhün təmin edilməsi istiqamətində atdığı addımlar barədə məlumatlandırıb.
Karen Donfrid ABŞ-ın bölgədə sülh və sabitliyin təmin edilməsi səylərini dəstəklədiyini vurğulayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.