Dövlətlər arasında baş verən müharibələrdə adətən hərbi əməliyyatların daha fəal surətdə cərəyan etdiyi və müvafiq olaraq da bu müharibələr nəticəsində ən çox maddi və insani itkiyə məruz qalan ərazilər həmsərhəd bölgələr olur. Bu mənada Ermənistan dövləti tərəfindən Azərbaycan Respublikasına qarşı elan olunmamış müharibənin ağırlığını ilkin olaraq məhz Azərbaycanın həmsərhəd rayonlarının hiss etməsi təsadüfi deyildir.
Belə ki, Ermənistan tərəfindən dövlətimizə qarşı aparılan işğalçı müharibənin aktiv fazasının 1992-1993-cü illərə təsadüf etməsinə baxmayaraq, həmsərhəd rayonlarımız artıq 1988-ci ildən bu təcavüzü və onun fəsadlarını müxtəlif formalarda hiss etməyə başlamışdılar. Azərbaycan Respublikasının Ermənistanla həmsərhəd rayonlarında erməni yaraqlıları tərəfindən törədilən cinayətlərin ümumi cəhətlərindən biri də ilkin mərhələdə onun quldurluq və soyğunçuluq xarakterinə malik olmasındadır. İlkin mərhələdə məhz quldurluq, soyğunçuluq kimi vasitələrə üstünlük verilməsində əsas məqsəd bir tərəfdən bu növ cinayətlərin sərhəd bölgələrində məskunlaşmış azərbaycanlılar arasında qorxu, inamsızlıq, təşviş əhval-ruhiyyəsinin bərqərar olunması idisə, digər tərəfdən irimiqyaslı hərbi əməliyyatlarla müqayisədə daha az xərc tələb etməsi və yerli erməni əhalisinin məhdud imkanları hesabına reallaşmasının mümkünlüyündə idi. Bu müstəvidə, qeyd olunması zəruri əhəmiyyət kəsb edən məqam ondan ibarətdir ki, müvaviq cinayət aksiyaları həcmcə nisbətən kiçik miqyaslı kimi səciyyələndirilsə də, xarakteri və məzmununa görə ümumilikdə erməni cinayətkarlığına xas olan başlıca xüsusiyyətləri özündə əks etdirir.
Ermənistanın Azərbaycana 1988-ci ildən başlayan təcavüzü Azərbaycanın həmsərhəd rayonlarında çoxsaylı insan qırğınlarına rəvac vermiş, kütləvi dağıntılar törətmişdir. Ermənistanın bu mərhələdəki işğalçılıq niyyətinin əsas məqsədlərindən biri Dağlıq Qarabağı Ermənistanla quru yolla birləşdirmək üçün Azərbaycan ərazisindən dəhliz açmaq olmuşdur. Bu məqsədə nail olmaq üçün Ermənistanın Vardenis rayonundan Kəlbəcərə, Gorus rayonundan Laçına, Qafan istiqamətindən Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarına mütəmadi hücumlar təşkil olunmuşdur. Azərbaycan ordusunu bir neçə cəbhədə eyni vaxtda vuruşmağa vadar etmək və əhali arasında vahimə yaratmaq niyyəti ilə erməni qəsbkarları Ermənistanın Tauş, Noyemberyan, İcevan rayonlarından Azərbaycanın qərb rayonlarına və Naxçıvanla həmsərhəd rayonlardan bu ərazilərə hücumlar etmişlər. Aşağıdakı məlumatlar Ermənistanın işğalçılıq niyyəti ilə həyata keçirdiyi hücumlar nəticəsində törədilmiş qanlı cinayətlərin, erməni vəhşiliklərinin ümumi xronikasını əks etdirir.
Erməni cinayətkarlarının 1992-1994-cü illərdə müharbənin aktiv fazasının gedişində Ermənistan Respublikası ilə həmsərhəd rayonlarımızın ərazisində yaşayan dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi cinayətlərdən bəzi məqamlar:
Laçın 1992.05.11.
Ermənilər tərəfindən hücumların intensivləşdirilməsi nəticəsində çoxlu sayda insan itkisi və dağıntılar mövcuddur. 30 nəfər həlak olmuş və 40 yaralanmış şəxs Laçın şəhərinə gətirilmişdir. Öz növbəsində 08.09.05.1992-ci il tarixlərində Laçın şəhərinin intensiv şəkildə atəşə tutulması nəticəsində 20-yə qədər ev dağıdılmış, 127 nəfər isə qətlə yetirilmişdir. Laçın şəhərinin növbəti dəfə 11.05.1992-ci il tarixində atəşə tutulması 14 nəfər həmyerlimizin həlak olması ilə nəticələnmişdir
1992.05.18.
Erməni yaraqlıları Laçın rayonunu işğal etmişlər. Dinc əhali arasında xeyli sayda ölən və yaralananlar vardır. Rayonun altmış mindən çox sakini öz yaşayış yerlərindən didərgin salınmışlar.
Kəlbəcər 1992.04.08.
Rayonun Ağdaban kəndi erməni yaraqlıları tərəfindən tamamilə işğal olunmuşdur. Kənddəki bütün evlər yandırılmış, uşaq və qadınlar əsir götürülmüş, yerdə qalan sakinlər isə qətlə yetirilmişdir.
1992.10.16.
Ağdərə rayonunun Həsənirs kəndində itkin düşmüş Kəlbəcər rayon sakini 1939-cu il təvəllüdlü Ələsgərov Vaqif Süleyman oğlunun yeri müəyyənləşdirilmişdir. O, Ermənistan Respublikasının Vardenis şəhərində girov qismində saxlanılır.
1992.10.22
Tərtər – Kəlbəcər yolunda hərəkət edən maşın karvanı hücuma məruz qalmış və nəticədə 6-ya qədər maşın məhv edilmişdir. Kəlbəcər DİŞ-nin müstəntiqi də ölənlər arasındadır.
1993.27.01.
Tərtər-Kəlbəcər istiqamətində hərəkət edən QAZ-69 markalı maşının atəşə tutulması nəticəsində 3 nəfər həlak olmuşdur.
1993.04.03
Azərbaycan Respublikasının Kəlbəcər rayonu erməni yaraqlıları tərəfindən işğal edilmişdir. Nəticədə altmış minə qədər insan öz yaşayış yerlərindən didərgin düşmüşdür. 511 nəfər qətlə yetirilmiş, 321 nəfər isə itkin düşmüş və əsir götürülmüşdür.
Qubadlı 1992.07.01.
Rayonun mərkəzi Qafan rayonu istiqamətindən toplardan və digər iriçaplı silahlardan atəşə tutulmuşdur. Nəticədə 2 ev dağıdılmış, 2 nəfər həlak olmuş, bir neçə nəfər yaralanmışdır. Həmin gün Qubadlı şəhəri yenidən eyni istiqamətdən atəşə tutulmuşdur. 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmış, 10 ev isə dağıdılmışdır.
1992.08.08.
Rayon mərkəzinin “Qrad” qurğularından atəşə tutulması nəticəsində 1 körpə uşaq və 19 yaşlı qız həlak olmuş, 6 nəfər isə yaralanmışdır.
1992.08.27.
İşğal olunmuş Laçın rayonu istiqamətindən Muradxanlı kəndinin atəşə tutulması nəticəsində iki nəfər xəsarət alıb.
1992.09.26.
Saat 15.00 radələrində Qafan rayonu tərəfindən “Qrad” tipli mərmilərdən açılan atəş nəticəsində Qubadlı rayonunun Tarovlu kəndində 2 ev yanmışdır.
1992.09.30.
Rayon məkəzinin “Qrad” tipli mərmilərdən atəşə tutulması nəticəsində 5 nəfər şəhər sakini yaralanmışdır.
1992.10.09. Rayonun Muradxanlı kəndinə 3 mərminin düşməsi 3 evin dağılmasına səbəb olmuşdur.
1992.10.11.
Rayonun Muradxanlı kəndinin “Qrad” və toplardan atəşə tutulması nəticəsində 1 nəfər yaralanmışdır .
1992.11.25
Noğullu kəndi ətrafında atışma nəticəsində tərəfimizdən 2 nəfər həlak olmuşdur.
1992.12.24.
Rayonun Göyyam kəndinin atəşə tutulması nəticəsində 3 ev dağıdılmış, 2 nəfər isə yaralanmışdır.
1993.07.23.
Səhər saatlarından başlayaraq rayonun mərkəzi və kəndləri toplardan, müxtəlif artilleriya qurğularından atəşə tutulmağa başlamışdır. Dağıntılar var, taxıl zəmiləri yandırılmışdır.
1993.08.18.
Ermənistan Respublikasının Qafan rayonu ərazisindən Qubadlı rayon mərkəzi top və “Qrad” qurğularından şiddətli atəşə məruz qalmış, 1 nəfər yaralanmış, 2 ev isə dağıdılmışdır.
1993.08.31.
Erməni hərbi qüvvələri Azərbaycan Respublikasının Qubadlı rayonunu işğal etmişlər. Otuz mindən çox dinc sakin öz yaşayış məskənlərini məcburiyyət qarşısında tərk etməli olmuşdur.
1993.09.01.
Rayonu işğal etmiş erməni quldurları soyğunçuluq və talançılıqla məşğul olmuşlar.
Zəngilan 1992.04.25.
Qafan rayonu istiqamətindən Qazançı, Seyidlər, Ağkənd, Canbar, Gilqışlaq, Kirveys, Dərəli, Sarıkənd, Kollu Qışlaq kəndlərinin atəşə tutulması nəticəsində sadalanan yaşayış məntəqələrində dağıntılar olmuşdur.
1992.05.14.
Rayonun Mehri ilə həmsərhəd bölgələrində Vəcnəli kənd sakinləri – kənd məktəbinin müəllimi və şagirdi əsir götürülmüşdür.
1992.05.20.
Milli Ordu qüvvələri üçün çörək daşıyan “UAZ” avtomobili atəşə tutulmuş, 2 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır. May ayının 23-də rayonun Ağkənd yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində 4 nəfər həlak olmuşdur, onlardan ikisi yerli sakin, 1 nəfər DİN xüsusi alayının, 1 nəfər isə Milli Ordunun əsgəridir.
1992.07.17.
Rayonun Seyidlər, Şərikan kəndləri və Şayıflı qəsəbəsi atəşə tutulmuşdur. Şayıflı qəsəbəsinin iki sakini qəlpə yarası almışdır.
1992.08.31.
Avqustun 30-da rayonun Qazançı kəndinin ermənilər tərəfindən atəşə tutulması nəticəsində rayonun hərbi komendantı və Milli Ordunun bir döyüşçüsü yaralanmış, bir polis əməkdaşı şəhid olmuşdur.
1992.09.17.
Qafan və Mehri rayonu istiqamətindən Zəngilan rayonunun bütün sərhədyanı kəndləri atəşə tutulmuşdur. 2 nəfər əsgərimiz həlak olmuş, beş nəfər isə yaralanmışdır.
1992.09.29.
Rayonun Şərikan və Seyidlər kəndləri Qafan rayonu ərazisindən iriçaplı pulemyotlar və toplardan atəşə tutulmuşdur. Şərikan kəndində dağıntılar vardır.
1992.09.30.
Saat 17.30-da Qafan rayonu ərazisindən Kollu qışlaq kəndi atəşə tutulmuşdur. Nəticədə həmin kəndin sakinlərindən bir qadın həlak olmuş, iki nəfər ağır yaralanmışdır.
1992.10.01.
Zəngilan rayonunun Ermənistanla sərhəddə yerləşən Saralı Xəşdab kəndinin 2 nəfər sakini və bir neçə baş mal-qara Qafan rayonunun Hərək və Ağavurd kəndlərində olan döyüşçülər tərəfindən girov götürülmüşdür.
1992.10.03.
Rayonun Kollu Qışlaq, Rəzdərə, Seyidlər, Qazançı və Ağkənd kəndləri Qafan rayonu ərazisindən atəşə tutulmuş, nəticədə bir neçə ev, yaşayış binası, kənd məktəbi dağıdılmışdır.
1992.12.12.
Rayonun Pirveyisli, Qazançı, Dərəli, Günqışlaq kəndləri istiqamətlərində döyüşlər davam edir. Rayon mərkəzi mütəmadi olaraq “Qrad” tipli qurğulardan atəşə tutulur. Məlumatlara görə, 12 nəfər həlak olmuş, 40 nəfərə yaxın yaralanmış, 30 nəfərin taleyi isə məlum deyildir.
1992.12.26.
Ermənistanın Qafan rayonu istiqamətindən Kollu Qışlaq kəndinin avtomat və pulemyotlardan atəşə tutulması nəticəsində 1 nəfər yaralanmışdır.
1993.01.17.
Kollu Qışlaq kəndinin atəşə tutulması nəticəsində 1 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.
1993.10.30.
Erməni silahlı birləşmələri Azərbaycan Respublikasının Zəngilan rayonunu zəbt etmişlər. Nəticədə otuz mindən çox həmyerlimiz öz yaşayış yerlərini tərk etməyə məcbur olmuşdur.
Qazax rayonu
Ermənilərin Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda, eləcə də Ermənistanla həmsərhəd rayonlarda azərbaycanlılara qarşı törətdikləri cinayətlər, vandalizm aktları barəsində məlumatların toplanılması istiqamətində keçirilən tədbirlərlə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş bir neçə cinayət işinin materialları, o cümlədən 1990-cı il martın 24-də Qazax rayonunun Bağanis-Ayrım kəndində 7 nəfər azərbaycanlının vəhşicəsinə qətlə yetirilməsi ilə əlaqədar Qazax rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinin 3-cü hissəsi və 70-ci maddəsi ilə qaldırılmış 11709 saylı cinayət işi təhlil edilmişdir.
Cinayət işinin təhlili zamanı məlum olmuşdur ki, müxtəlif vaxtlarda birbirinə yaxın ərazilərdə eyni tipli odlu silahlarla, azərbaycanlılara qarşı erməni quldur dəstələri tərəfindən buna oxşar qətl hadisələri törədildiyi üçün qaldırılmış 10 cinayət işinin istintaqının 11709 saylı iş çərçivəsində davam etdirilməsi qərara alınmışdır.
Beşinci epizod: İşin beşinci cildinin təhlili zamanı məlum olmuşdur ki, SSRİ Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili milis podpolkovniki A.M.Kuş 1990-cı il aprelin1-i tarixində Azərbaycan Respublikası daxili işiər nazirinin müavini polkovnik R.X.Məmmədova raportla müraciət etmişdir. O, raportda göstərmişdir ki, 1990-cı il martın 24-də saat 14-00-da ona və V.V.Qusarova daxil olmuş məlumata görə, Ermənistanın Bağanis kəndi ərazisində dislokasiya olunmuş (Kirovakandakı 15-ci diviziya) 343 saylı alayın hərbçiləri 2 ədəd əldə düzəldilmiş minaatan döyüş sursatı və 30 ədəd mina olan 11 nəfər ermənini saxlamışlar.
Raportda əlavə olaraq qeyd olunmuşdur ki, faktla əlaqədar toplanmış (müəyyənedici və digər) materiallar 343 saylı alay üzrə xüsusi şöbənin əməkdaşına, baş leytenant rütbəli zabitə (soyadını yadda saxlamamışdır) verilmişdir. Sonra o, həmin zabitdən materialların istintaq qrupuna verilməsini xahiş etmişdir. Bir müddət sonra A.M.Kuş və Qusarov Bağanis kəndinə qayıdarkən məlum olmuşdur ki, Noyemberyan RDİŞ-də saxlanılmış ermənilər azad edilmişdir. Xüsusi şöbənin əməkdaşı isə ermənilərdən götürülmüş döyüş sursatlarını hərbi hissənin zabitləri arasında paylamışdır. Cinayət işində döyüş sursatının ballistik ekspertizasından əlavə digər, xüsusən ermənilər barədə müəyyənedici məlumatlar aşkar edilmişdir.
Altıncı epizod: İşin 5-ci cildinin təhlili zamanı məlum olmuşdur ki, 1990-cı il martın 16- da “Tbilisi-Yerevan” sərnişin qatarı ilə Ermənistana keçərkən, sərhəddə erməni quldurları sərnişinlərin şəxsiyyətini yoxlayarkən Bakı şəhər sakini, azəbaycanlı Sarıyev Afət Cəlil oğlu saxlanılmışdır.
A.Cəlilov 1990-cı ilin mart ayının 16-dan aprel ayının 5-dək Ermənistan Respublikasının Alaverdi qəsəbəsi yaxınlığında yerləşmiş quldurların qərargahında saxlanılmış, mütəmadi olaraq onlar tərəfindən döyülmüş və işgəncələrə məruz qalmışdır. 1990-cı il aprel ayının 5-də A.Sarıyev Yerevan şəhərinə aparılmış və orada “Erməni Ümumilli Hərəkatının” rəhbərləri ilə görüşmüşdür. 1990-cı il aprelin 13-də A.Sarıyev hərbçilərin köməyi ilə Bakı şəhərinə gətirilmişdir. 1990-cı il aprelin 23-də göstərilənlərlə əlaqədar Azərbaycan Respublikası CM-nin 130-cu maddəsinin 1-ci hissəsi ilə A.Sarıyev barəsində 18/35115 saylı cinayət işi başlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi Ünvanlar Bürosunun qeydiyyatları üzrə yoxlama nəticəsində məlum olmuşdur ki, A.Sarıyev 1947-ci ildə Bakı şəhərində anadan olmuş, milliyətcə azərbaycanlıdır, 1981-ci ildən Səbayıl rayonu Şeyx Şamil küçəsi ev №3, mənzil 12 ünvanında qeydiyyatdadır. 1990-cı il yanvarın 2-də Səbayıl Rayon Daxili İşlər İdarəsi tərəfindən A.Sarıyevə XXIV-JQ seriyalı, 644789 №-li pasport verilmişdir.
Yeddinci epizod: 11709 saylı cinayət işinin 4-cü cildində, 11712 saylı cinayət işinin başlanması haqqında, Azərbaycan Respublikası Prokurorluğunun İstintaq İdarəsi rəisinin 1-ci müavini, kiçik ədliyyə müşaviri R.Ə.Əliyev tərəfindən 1990-cı il martın 30-da tərtib edilmiş qərar müəyyən edilmişdir. Qərarda göstərilmişdir ki, 1990-cı il martın 29-da saat 20 radələrində SSRİ DİN-nin Qoşunlarının hərbi əməliyyatlar qrupunun rəisi, podpolkovnik Naqirniy Vasiliy Vasilyeviç, SSRİ DİN-nin Baş Cinayət Axtarış idarəsinin baş əməliyyat müvəkkili Qusarov Valeri Viktoroviç, bölük komandiri, kapitan Kosteneviç Vladimir, SSRİ DİN-nin baş əməliyyat müvəkkili, milis baş leytenantı Lixaçov Valeri və sürücü, 5455 nömrəli hərbi hissənin yefreytor Veşkortsev Viktordan ibarət əməliyyat-istintaq qrupu erməni quldurları tərəfindən odlu silahlarla atəşə tutulmuşlar. Belə ki, göstərilən əməliyyat-istintaq qrupunun üzvləri həmin tarixdə, regionda ictimai asayişin mühafizəsi üzrə xidməti vəzifələrini yerinə yetirdikdən sonra, 02-45 QAZ dövlət nömrə nişanlı, “UAZ-469” markalı maşınla Qazax şəhərinə gələrkən rayonun Məzəm və Abbasbəyli kəndlərinin arasında, Coğaz çayı üzərindəki bəndin yaxınlığında, erməni quldurları onları qəsdən qətlə yetirmək məqsədi ilə şose yoluna daşlar düzərək avtomaşını dayandırmağa çalışmışlar. Lakin sürücü V.Veşkortsev avtomaşını sürətlə sürərək çətinliklə həmin ərazini keçə bilmişdir. Bunu görən erməni quldurları avtomat və ov silahları ilə maşını atəşə tutmuş və nəticədə maşının bir neçə hissəsində güllə yerləri açılmış, lakin xəsarət alan olmamışdır. Göstərilənlərlə əlaqədar, Azərbaycan Respublikası CM-nin 15, 94-cü maddəsinin 3-cü və 4-cü bəndləri və 191-1-ci maddəsi ilə cinayət işi başlanmışdır…
“Erməni cinayətləri (sənədlər əsasında)” I cild. Bakı, Vətən 2004 kitabından götürülmüşdür