Çinin Fucien əyalətinin Siamen şəhərində 25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi (CIFIT) işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Çinin Kommersiya Nazirliyinin və Fucien əyalət hökumətinin ev sahibliyi ilə keçirilən sərgi ikitərəfli və çoxtərəfli investisiya əməkdaşlığının təşviqi və investisiya tendensiyaları üzrə müzakirələrin aparılması üçün vacib beynəlxalq platformalardan hesab olunur. Üç gün davam edəcək sərgidə 120 ölkədən hökumət rəsmiləri, 5 min şirkət, 50 mindən çox iş adamı iştirak edir.
Sərgidə ölkəmizdən Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir. Bu, Azərbaycanın Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisində 2-ci iştirakıdır.
Sərginin 120 min kvadratmetrlik ekspozisiya sahəsində “Invest in Azerbaijan” vahid ölkə stendi fəaliyyət göstərir. Stenddə Azərbaycanın makroiqtisadi göstəriciləri, biznes mühiti, investisiya imkanları nümayiş olunur.
Qeyd edək ki, cari ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri zamanı imzalanmış birgə bəyanatla ölkələrimiz artıq hərtərəfli strateji tərəfdaşlıq münasibətləri qurub. Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlıq son illərdə sürətlə inkişaf edir və iki ölkə arasında strateji tərəfdaşlığın əsas sütunlarından birinə çevrilib. Azərbaycan Cənubi Qafqaz regionunda Çinin etibarlı tərəfdaşıdır. 2025-ci ilin yanvar–iyul aylarında Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 2,5 milyard ABŞ dollarına çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 faiz çoxdur. Bununla yanaşı, son dövrlər investisiya tərəfdaşlığının dərinləşdirilməsi istiqamətində göstərilən ikitərəfli səylər nəticəsində Çin şirkətləri ilə sənaye, yaşıl enerji, nəqliyyat, rəqəmsal iqtisadiyyat, yüksək texnologiyalar və başqa sahələrdə birgə layihələr həyata keçirilir. Yaradılmış infrastruktur Çin və Azərbaycan arasında ticarət və sərmayə əlaqələrinin daha da genişlənməsi üçün əlverişli imkanlar açır.
Ümumilikdə, son illər Çin investorlarının, şirkətlərinin Azərbaycana marağının çoxaldığını müşahidə edirik. Dövlətimizin başçısı Çinə sonuncu işgüzar səfəri zamanı Çinin 6 iri, qlobal səviyyəli şirkətinin rəhbərini qəbul edib. Bunlar Azərbaycanda müxtəlif layihələrdə iştirak edən, sərmayə yatıran və ya yatırmaq niyyəti olan şirkətlərdir.
Azərbaycan iqtisadiyyatı son illərdə sabitlik və dayanıqlı inkişaf nümayiş etdirir. Ölkədə biznes mühiti yaxşılaşdırılır, investisiya qanunvericiliyi təkmilləşdirilir və xarici investorlara münasibət müsbət istiqamətdə dəyişir. Bu amillər dünyanın bir çox şirkətləri kimi, Çin şirkətləri üçün də Azərbaycanın investisiya bazarını cəlbedici edir. Çin şirkətləri Azərbaycanın əlverişli coğrafi mövqeyi, sabit iqtisadi mühiti və geniş potensialı sayəsində ölkəmizə böyük maraq göstərir. Energetika, nəqliyyat, tikinti və informasiya texnologiyaları kimi sahələrdə Çin investisiyaları Azərbaycan iqtisadiyyatının diversifikasiyası və dayanıqlı inkişafına əhəmiyyətli töhfə verir.
Azərbaycan və Çin arasında əməkdaşlıq “Kəmər və yol” təşəbbüsü çərçivəsində daha da genişlənir. Azərbaycan Asiya ilə Avropa arasında nəqliyyat və ticarət körpüsü olmaqla yanaşı, Çin üçün mühüm tranzit ölkəyə çevrilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Siamen