Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın müdafiə naziri Seyran Ohanyanın açıqlamalarına cavab verib.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, cavabda bildirilir ki, Seyran Ohanyanın çıxışı vicdanını və şərəfini günahsız dinc insanların qanı ilə ləkələmiş cəlladın növbəti uydurmasıdır: “Xocalıda, digər işğal olunmuş Azərbaycan ərazilərində mülki əhaliyə, o cümlədən körpələrə, qadınlara və ahıllara divan tutan bir şəxsin öz torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşən Azərbaycan xalqını təhqir edərək insaniyyətdən danışmağa mənəvi haqqı və hüququ yoxdur. Yüzlərlə uşağı qanına qəltan edən bir cani və varvar valideyn olaraq öz övladlarının və Azərbaycanın işğal olunmuş ərazilərində nahaq yerə məhv edilən, yaralanaraq şikəst olan ermənilərin uşaqları və yaxınlarının gözünə baxa bilirsə, bu, onun psixi cəhətdən anormal olmasını açıq-aydın sübut edir. Bu gün və illərdir Ohanyanın və cinayətkar erməni rəhbərliyinin ağılasığmaz təkəbbürünün qarşılığını erməni xalqı hər gün qapılarına gətirilən tabutlarla ödəyir. Biz erməni valideynlərə müraciət edərək övladlarını mənasız xəyallar uğrunda ölümə yollamamağa çağırırıq. Çünki son erməni işğalçısı Azərbaycan torpaqlarını tərk edən günədək siz bundan da ağır və sarsıdıcı itkilərlə qarşılaşacaqsınız”.
Xatırladaq ki, S. Ohanyan martın 3-də verdiyi açıqlamada Azərbaycanı ittiham edən fikirlər səsləndirib və hədələrlə çıxış edib.