“Bu gün Azərbaycan vətəndaşlarının, xüsusilə cəbhəyanı bölgələrdə yaşayan vətəndaşların təhlükəsizliyi tam şəkildə təmin edilir və əlbəttə ki, bizim ordumuz istənilən vəzifəni icra etməyə qadirdir. Azərbaycan ordusu hərəkətə keçərsə, düşmənin vəziyyəti çox ağır ola bilər. Bunu biz də bilirik, düşmən və vasitəçilər də bilir”.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev avqustun 6-da Ağdam rayonunda 632 məcburi köçkün ailəsi üçün salınan yeni qəsəbənin açılışında çıxış edərkən deyib.
“Bu gün çox gözəl bir gündür. Ağdam rayonunda yeni qəsəbə istifadəyə verilir. Çox gözəl qəsəbədir. Bütün şərait yaradılıb, – 632 ev, məktəb, uşaq bağçası, tibb məntəqəsi, yollar, – lazımi infrastruktur yaradılıb ki, insanlar burada rahat yaşasınlar”, deyə İ.Əliyev bildirib.
Prezident qeyd edib ki, burada vətəndaşlar indiyədək çox ağır şəraitdə yaşayıblar: “Yeraltı qazmalarda, qamış evlərdə uzun illər əziyyət çəkiblər. İndi onların həyatında yeni dövr başlayır, burada rahat yaşayacaqlar. Ancaq, əlbəttə, hər bir məcburi köçkün bir arzu ilə yaşayır ki, öz doğma kəndlərinə, şəhərlərinə qayıtsın. Əminəm ki, o gün də gələcək və o günü yaxınlaşdırmaq üçün biz əlimizdən gələni edirik”.
İ.Əliyevin sözlərinə görə, məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün dövlət əməli-praktiki addımlar atır: “Dövlət Proqramı qəbul olunub, sonra proqrama əlavələr edilib və son illər ərzində 80-dən çox qəsəbə tikilib. Bütün qəsəbələrdə ən yüksək standartlar tətbiq olunur, ən yaxşı şərait yaradılır, vətəndaşlar müasir evlərdə, hündürmərtəbəli binalardakı mənzillərdə yaşayırlar və Azərbaycan dövləti bundan sonra da məcburi köçkünlərin problemlərinin həlli üçün addımlar atacaq. Hazırda məcburi köçkünlərdən 190 mini yeni evlərə, mənzillərə köçürülüb. Ağdam rayonunda isə bu qəsəbə sayca 18-cidir. Artıq yeni tikilmiş 17 qəsəbədə vətəndaşlar yaşayır. Ağdam rayonunun əhalisi indi 190 min nəfərdir. Onlardan 90 mini artıq Ağdam rayonunda məskunlaşıb. Bu, çox sevindirici haldır. Çünki vaxtilə bu qəsəbələrin yaradılması o məqsədi güdürdü ki, sakinlər öz kəndlərində yaşaya bilməsələr də, Ağdam rayonunda yaşasalar, doğma kəndlərinə daha yaxın olarlar”.
Prezident vurğulayıb ki, Azərbaycan dövləti məcburi köçkünlərin problemləri ilə mütəmadi qaydada məşğuldur və bu məsələlərin həlli üçün böyük vəsait ayrılır: “Qaçqınlara, köçkünlərə ayrılan vəsait artır. Hər il ancaq tikinti işlərinə 300 milyon manat vəsait ayrılır ki, bu vəsaitdən istifadə edilərək qəsəbələr salınır və son illərdə hər il ən azı 20 min köçkün yeni evlərə köçürülür, onların şəraiti yaxşılaşır. Yəni, bir sözlə, biz hər il demək olar ki, bir kiçik şəhər yaradırıq və bunu davam etdirəcəyik. Əminəm ki, növbəti illərdə bu proses daha da sürətlə gedəcək. Çünki ölkəmizin maliyyə vəziyyəti yaxşıdır, yaxşılaşır və ən ağır vəziyyətdə yaşayanlar üçün biz, ilk növbədə, bu addımları atmalıyıq. Köçkünlər arasındakı yoxsulluq da aşağı düşür, məşğulluq artır, iş yerləri açılır. Yəni bu işlər ardıcıllıqla davam etdiriləcək və bu il hələ bir neçə qəsəbənin açılışı gözlənilir. Gələn il də bu proses davam etdiriləcək”.
Dövlət başçısı qeyd edib ki, Ağdam rayonunun inkişafı ilə bağlı son illərdə böyük işlər görülüb: “ Sosial obyektlər, məktəblər tikilir. Eyni zamanda, kəndlərdə olan məktəblər təmir olunur, Olimpiya kompleksi, rayon xəstəxanası, doğum evi, uşaq xəstəxanası tikilibdir. İnfrastruktur layihələri icra edilir”.
Prezident xatırladıb ki, ağdamlılar müharibə zamanı böyük itkilər verib: “Ən çox şəhidi olan rayon Ağdam rayonudur. Ağdamlılar böyük qəhrəmanlıq göstərib. Ağdamdan olan Milli qəhrəmanlarımız xalqımız üçün qürur mənbəyidir və bu gün Azərbaycan Ordusu öz mövqelərini möhkəm qoruyur”.
Ölkə başçısı düşmənlə təmas xəttində olduğunu qeyd edərək, oradakı vəziyyətlə tanış olduğunu deyib: “Mənə müntəzəm olaraq məlumat verilir. Ancaq təmas xəttində olarkən vəziyyətlə əyani şəkildə tanış oluram, müvafiq göstərişlər verilir. Son günlər ərzində erməni işğalçı qüvvələrinin hücumları nəticəsində bizim ordumuz itkilər verib, bir neçə hərbçi şəhid olub. Allah onlara rəhmət eləsin! Ancaq, eyni zamanda, deyə bilərəm ki, onların qanı yerdə qalmayıb. Azərbaycan Ordusu düşmənə çox böyük zərbə vurub. Bizdə olan məlumata görə, onlarla işğalçı məhv edilib. Ermənilər həmişə olduğu kimi öz itkilərini gizlədirlər. Ancaq həqiqət ondan ibarətdir ki, bu hadisələrdə yenə də Azərbaycan Ordusu üstün olub və bu hadisələrdə biz qələbə qazanmışıq. Bu, həmişə belə olacaq”.
Prezident İ.Əliyev vurğulayıb ki, bu gün Azərbaycan vətəndaşlarının, xüsusilə cəbhəyanı bölgələrdə yaşayan vətəndaşların təhlükəsizliyi tam şəkildə təmin edilir və ordumuz istənilən vəzifəni icra etməyə qadirdir: “Bu gün hərbçilərlə müşavirə keçirildi. Müvafiq tapşırıqlar verildi ki, tezliklə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin. Bizim ərazi bütövlüyümüz bərpa olunacaq. Bunu deməyə əsas verən bir neçə amil var. Bütün bunlar ictimaiyyət üçün də bəllidir. Azərbaycan güclənir, möhkəmlənir. Dağlıq Qarabağ, işğal edilmiş torpaqlar bizim əzəli torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, yaradıb və yaşayacaqdır. Beynəlxalq hüquq nöqteyi-nəzərindən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və heç vaxt qondarma “Dağlıq Qarabağ” müstəqil qurum kimi tanınmayacaq. Azərbaycan dövləti heç vaxt imkan verməyəcək ki, öz ərazisində ikinci qondarma erməni dövləti yaransın. Birinci erməni dövləti Azərbaycanın tarixi torpaqlarında yaradılıbdır. O vaxt 1918-ci ildə Azərbaycan hakimiyyəti böyük güzəşt etmişdir. Ancaq düşmən bunun qədrini bilməyib və bizə qarşı ərazi iddiaları davam etdirib”.
Prezident xatırladıb ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda yaşanan xaos, böhran, anarxiya bu vəziyyətə gətirib çıxarıb: “Torpaqlarımızın bir hissəsi işğal altına düşüb. Ancaq, eyni zamanda, Füzuli istiqamətində bir neçə kəndi geri qaytara bilmişik və indi orada həyat canlanır, quruculuq-abadlıq işləri aparılır. Yəni biz hazırda işğal altında olan torpaqlara qayıdandan sonra da bütün şəhərlərimizi, kəndlərimizi bərpa edəcəyik”.
Ölkə başçısı Azərbaycanda hər bir rayonda böyük quruculuq işləri aparıldığını qeyd edib: “ Gələcək perspektivlərimiz də çox müsbətdir. Biz ancaq inkişaf yolu ilə gedəcəyik. Baxmayaraq ki, dünyanın müxtəlif yerlərində indi böhran yaşanır: iqtisadi, ya hərbi və siyasi böhran. Azərbaycan sabitlik məkanıdır, sabitlik adasıdır. Biz hazırda işğal altında olan torpaqlara qayıdandan sonra bütün şəhərlərimizi, o cümlədən Ağdam şəhərini bərpa edəcəyik. İndi şəhər erməni vəhşiləri tərəfindən tamamilə dağıdılıb və yerlə bir edilib. Bizim tarixi abidələrimiz, məscidlərimiz, əcdadlarımızın qəbirləri erməni faşistləri tərəfindən dağıdılıb. Biz, Ağdamı da, bütün başqa rayonları da bərpa edəcəyik. Biz o torpaqlara qayıdacağıq. Azərbaycan xalqı – həm yaşlı nəsil, eyni zamanda, gənclər bu arzularla yaşayır”.
İ.Əliyev deyib ki, son hadisələr bir də onu göstərdi ki, cəmiyyətdə vətənpərvərlik ruhu çox yüksəkdir: “Yüzlərlə müraciətlər olunur, cəbhə bölgəsinə Azərbaycanın digər bölgələrindən gənclər təşrif buyurur, öz arzularını ifadə edirlər. Onlar könüllülər kimi ərazi bütövlüyümüzün bərpasında iştirak etmək istəyirlər. Hesab edirəm ki, hələ buna ehtiyac yoxdur. Azərbaycan ordusu bu bölgədə ən güclü ordudur. Həm döyüş qabiliyyəti, həm də peşəkarlıq, hərbi-texniki təchizat ən yüksək səviyyədədir. Sadəcə olaraq hələ ki, danışıqlar prosesi davam edir. Müəyyən ümidlər var. Baxmayaraq ki, ağdamlılar da bütün ölkə vətəndaşları kimi vasitəçilərin fəaliyyətindən narazıdırlar. Biz də narazıyıq. Çünki vasitəçilərin əsas missiyası münaqişənin həllidir. Vasitəçilərin missiyası məsələnin dondurulması və yaxud da etimad tədbirlərinin gücləndirilməsi deyil. Onların içində ən böyük etimad tədbiri işğalçı qüvvələrin torpaqlarımızdan çıxması ola bilər. Hər halda, bu gün Azərbaycan ordusu öz gücünü göstərərək, danışıqlar prosesinə də müsbət təsir edir. Çünki düşmən açıq-aydın görür ki, bizim qabağımızda dura bilməyəcək. Əgər Azərbaycan ordusu hərəkətə keçərsə, düşmənin vəziyyəti çox ağır ola bilər. Bunu biz də bilirik, düşmən və vasitəçilər də bilir. Ona görə hesab edirəm ki, son günlər ərzində yaşanan hadisələr beynəlxalq vasitəçiləri də hərəkətə gətirəcək. İşğalçı dövlətə açıq-aydın siqnal verilməlidir ki, artıq bu işğala son qoyulmalıdır”.
Dövlət başçısı xatırladıb ki, müxtəlif bölgələrdə, postsovet məkanında buna oxşar münaqişələr var: “ Ancaq bu münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. BMT Təhlükəsizlik Şurasından ali qurum yoxdur. Bu ən yüksək, mötəbər dünya qurumudur. Bu qurum erməni silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə qəbul edib. Onların heç biri icra edilmir. Onlar icra edilməlidir. İşğalçı qüvvələr bizim torpağımızdan çıxmalıdır. Ondan sonra sülh bərpa oluna bilər. Hazırda biz sülh şəraitində yaşamırıq, atəşkəs şəraitində, ancaq müharibə şəraitində yaşayırıq. Bunu hamı bilməlidir. Müharibə bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Ancaq ikinci mərhələ də başlana bilər. Heç kim bunu istisna edə bilməz. Biz müharibə istəmirik, biz sülh istəyirik. Ancaq, eyni zamanda, biz torpaqlarımızı istəyirik. Ermənistan, əlbəttə ki, indiki vəziyyəti, status-kvonu saxlamaq istəyir. Vasitəçilərin də əsas istəyi və fəaliyyətinin əsas mahiyyəti ondan ibarətdir ki, müharibə başlamasın. Biz də müharibə istəmirik. Kim istəyər ki? Ancaq biz onlardan fərqli olaraq, torpağımızı istəyirik. Dədə-baba torpağımızı geri istəyirik. Biz bu istəkdə haqlıyıq. Haqq, ədalət, həm də beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Ona görə nə sülh, nə hərb vəziyyəti davam edə bilməz. Bunu hamı, Azərbaycan vətəndaşları da, düşmən də bilməlidir. Ümid edirəm, son günlər düşmənə vurulan zərbələr onlar üçün də bir siqnal olacaq ki, bu dözülməz vəziyyət davam edə bilməz”.